24 Avqust 2017 23:25
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Kanada xarici işlər nazirləri – Elmar Məmmədyarovla Kristiya Friland arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, E.Məmmədyarov məktubunda iki ölkənin mövqeyinin bir çox beynəlxalq məsələlərdə üst-üstə düşdüyünü bildirib.

E.Məmmədyarov ötən illər ərzində Kanadanın Azərbaycanın enerji, infrastruktur və telekommunikasiya layihələrinə cəlb olunması ilə ikitərəfli ticarət və investisiya sahəsində diqqətəlayiq inkişafın müşahidə olunduğunu qeyd edib.

Nazir Kanadanın Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dəstəyini yüksək qiymətləndirdiyini bildirib.

K.Friland E.Məmmədyarova ünvanladığı məktubda ötən 25 il ərzində iki ölkə arasında nəzərəçarpacaq dərəcədə genişlənmiş güclü əlaqələrin ildönümünün qeyd edilməsindən məmnunluq bildirib. O, 1992-ci ildən etibarən iki ölkə arasında, xüsusilə ikitərəfli ticarət və sərmayələrin qoyuluşu sahəsində yaxın əməkdaşlığın inkişaf etdiyini və gələcək illərdə çoxsaylı imkanların üzə çıxarılmasında əlindən gələni əsirgəməyəcəyini bildirib.

Xanım Friland Azərbaycan və Kanadanın növbəti 25 ildə də birgə fəaliyyətinin və çiçəklənməsinin təmin edilməsi üçün iki ölkə tərəfindən təməlin yaradıldığını qeyd edib. O, bu istiqamətdə Azərbaycanla birgə işləməyə, iki ölkə arasında xalqlararası və ticarət əlaqələrinin dərinləşdirilməsinə hazır olduğunu bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər