28 Noyabr 2017 09:21
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Yaxın və Orta Şərqdə hərbi fəaliyyətini gücləndirməklə kifayətlənmir, bunu Xəzər dənizində də həyata keçirməyə başlayır.

Bunu Teleqraf.com-a açıqlamasında Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri, siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki, İran hərbi-dəniz donanmasının gəmiləri bu gün Fars Körfəzində, Aralıq dənizində, Hind okeanında üzür, Suriya, İraq, Livan və Yəməndə vəkalət müharibəsi aparır, həmçinin, adı çəkilən ölkələrdə “xalq müqaviməti hərəkatı” adı altında silahlı qüvvələr formalaşdırır:

“İranın fəaliyyəti yalnız regionda siyasi qeyri-sabitliyə xidmət edir. Cənub qonşumuzun regionda güclənən hərbi-siyasi mövqeyi, bunu Xəzər dənizində də həyata keçirmək istəməsi birbaşa Azərbaycana təhdiddir. Nəzərə almaq lazımdır ki, İran Xəzər dənizində Azərbaycana əsassız iddialar irəli sürür və Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanması məhz Tehranın aqressiyası nəticəsində mümkün olmur”.

M.Əsədullazadə İranın Xəzər dənizində daim Azərbaycana hərbi təzyiqlər etdiyini xatırladıb:

“İran 2001-ci ilədək bunu açıq müstəvidə həyata keçirirdi. Türkiyə hərbi hava qüvvələrinin müdaxiləsindən sonra İranın hərbi təzyiqləri dayandı. Ümumiyyətlə, İran regionda çox aqressiv siyasət həyata keçirir və Xəzər dənizində hərbi donanmasını gücləndirməsi də bundan xəbər verir. Halbuki, Xəzərdə İrana hər hansı hərbi təhlükə yoxdur. Bundan əlavə, dənizdə İranın hansısa iqtisadi infrastrukturu yoxdur ki, bunların mühafizəsin həyata keçirsin”.

Politoloq bildirib ki, Azərbaycanın Xəzərdə hərbi mövcudluğunu gücləndirməsi, əsasən neft-qaz infrastrukturunun mühafizəsindən irəli gəlir və hərbi iştirakımız üçüncü ölkələrə yönəlməyib:

“Xəzər sülh və əməkdaşlıq dənizi olmalı və region ölkələri bir-birinin ərazi sularına hörmətlə yanaşmalıdır. Təəssüf ki, İranın apardığı siyasət bunun əksinədir və dənizdə sülh və əməkdaşlığı təhdid edir”.

M.Əsədullazadənin fikrincə, Azərbaycan İranın bu hərbi hərəkətliliyinə qarşı öz hərbi-dəniz donanmasını gücləndirməli, İsrail və ABŞ-la hərbi-texniki sahədə əməkdaşlığı dərinləşdirməli, Xəzərdə güclü raketlərə, o cümlədən ballistik raketlərə sahib olmalıdır. Necə ki, Rusiya və İran bunu həyata keçirir. Çünki Rusiya və İranın hərbi-dəniz donanmasının güclənməsi birbaşa Azərbaycanın Xəzərdə neft-qaz siyasətinə yönəlib”.

Qeyd edək ki, İranın Xəzərdə hərbi donanmasını gücləndirmək niyyətini ölkənin Şimal Dəniz Qüvvələrinin komandanı Əhməd Rza Bakeri açıqlayıb. O, donanmaya yeni döyüş gəmisinin veriləcəyini də bildirib.
Bundan əvvəl isə İran Hərbi-Dəniz Qüvvələrinin komandanı Hüseyn Xanzadi “Separ” (“Sipər”) raket gəmisinin İran Hərbi-Dəniz Qüvvələri Günü münasibətilə noyabrın 28-də Xəzərə daxil olacağını deyib. O, əlavə edib ki, yaxın vaxtlarda Hərbi-Dəniz Qüvvələrinin silahlandırılmasına bir neçə gəmi və vertolyot daxil ediləcək.


Müəllif: Sәxavәt Hәmid

Oxşar xəbərlər