Dekabrın 1-də Bakıda “Asiyanın Qəlbi – İstanbul Prosesi” adlı beynəlxalq konfrans keçirildi. Konfransa müxtəlif dövlətlərin rəsmiləri qatıldılar. Prezident İlham Əliyev konfransa qatılan rəsmilərlə ayrı-ayrılıqda görüşdü. Bu görüşlərdən ikisi diqqəti çəkirdi.
Teleqraf.com xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin hazırladığı analitik yazıda öz əksini tapıb.
Yazıda qeyd olunur ki, Prezident İlham Əliyev əvvəlcə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşdü. Görüşdə iki ölkə arasında artan əməkdaşlıqdan danışıldı:
“İranın xarici işlər naziri Bakıdan əvvəl İrəvanda olmuşdu və onun Ermənistanın bölgədə oynadığı “sülhpərvər” rolu barədəki fikir Azərbaycanda birmənalı qarşılanmadı. Azərbaycan torpaqlarını işğal edən dövlət necə “sülhpərvər” ola bilər?
Buna baxmayaraq, rəsmi Bakı Tehranla münasibətlərdə problem yaşamaq istəmir. İki ölkəni böyük regional layihələr birləşdirir. Bu layihələr isə İranın Ermənistanla həyata keçirdiyi layihələrdən dəfələrlə böyükdür. İndi əsas vəzifə Ermənistan ətrafında iqtisadi və nəqliyyat blokadasının gücləndirilməsidir”.
Bildirilir ki, Prezident İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə də görüşdü:
“Azərbaycan Əfqanıstana hərtərəfli dəstək verir. Bu dəstək bir neçə hissədən ibarətdir.
Birincisi, Azərbaycan Əfqanıstandakı sülhməramlılarının sayını artırmaq istəyir. Hazırda sülhməramlı qüvvələrin tərkibində 94 Azərbaycan hərbçisi qulluq edir. Əfqanıstan Prezidenti Bakıda azərbaycanlı hərbçilərdən məmnun olduğunu bildirdi.
İkincisi, NATO Əfqanıstana yük daşımalarını Azərbaycanın hava səmasından istifadə etməklə həyata keçirir. “NATO qüvvələrinin marşrutu, demək olar ki, kəsildiyi zaman, Siz (İlham Əliyev) öz dəhlizinizi açdınız” – bu fikir də Əfqanıstan Prezidentinə məxsusdur.
Üçüncüsü, Azərbaycan Əfqanıstana zaman-zaman maliyyə yardımı da ayırır. Bundan başqa əfqan məmurlar Azərbaycanda ixtisasartırma kurslarında iştirak edirlər. Azərbaycanda populyarlıq qazanan ASAN Xidmətin Əfqanıstanda tətbiqi üzərində çalışmalar davam edir. Bundan başqa İlham Əliyevin sözlərinə görə, Azərbaycan Əfqanıstanda bir sıra iqtisadi layihələr də reallaşdırmaq istəyir.
Beləliklə, Azərbaycanla Əfqanıstan arasında sıx siyasi münasibətlər formalaşıb. Azərbaycan Əfqanıstana hər istiqamətdə dəstək verməyə hazırdır. Öz növbəsində Əfqanıstan Qarabağ məsələsində birmənalı olaraq Azərbaycanın mövqeyini müdafiə edir”.
“Atlas” bildirir ki, Azərbaycanın Əfqanıstana verdiyi dəstək ABŞ tərəfindən də yüksək qiymətləndilir:
“Çünki ABŞ-ın Avrasiyada başlıca məqsədlərindən biri Əfqanıstanda terrorizmin qarşını almaq və bu ölkədə sabitliyin bərpasına nail olmaqdır. Bu işdə Azərbaycan faktiki Vaşinqtona da yardım edir. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın “ABŞ bütün ölkələri terrorla mübarizədə Əfqanıstana dəstək verməyə çağırır, bu prosesin irəli aparılmasını, möhkəmləndirilməsini arzulayır və bu işdə Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirir” deməsi təsadüfi deyil”.