20 Dekabr 2017 10:24
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, nazir Mövlud Çavuşoğlu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Türkiyəli nazir ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsində çoxsaylı qarşılıqlı səfərlərin və görüşlərin önəmini vurğulayıb. Prezident İlham Əliyevlə ötən görüşünü və bu il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını məmnunluqla xatırlayan Mövlud Çavuşoğlu gələcək illərdə də dövlət başçılarının rəhbərliyi ilə önəmli layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün əhəmiyyətinə toxunan Mövlud Çavuşoğlu bu görüşlərin gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.

Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin ən yüksək səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsində mütəmadi xarakter daşıyan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı ölkələrimizin həmişə bir-birinə qarşılıqlı dəstək verməsinin və bir-birinin yanında olmasının önəmini qeyd edib. Prezident İlham Əliyev bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün əməkdaşlığımızın möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıdığını deyib.

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışına toxunan dövlətimizin başçısı bunu təkcə regional deyil, beynəlxalq səviyyəli mühüm tədbir kimi dəyərləndirib.

Görüşdə TANAP layihəsinin uğurla həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər