Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət başçılarının dekabrın 26-da Moskvada, Rusiya Prezidentinin Novo-Oqoryovadakı iqamətgahında keçirilən qeyri-rəsmi görüşü hansısa xüsusi anlaşmanın imzalanması və ya üzv dövlətləri narahat edən mövzunun müzakirəsi üçün planlaşdırılmamışdı.
Teleqraf.com xəbər verir ki, bunu görüşü şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu deyib.
O qeyd edib ki, sadəcə, bu il Rusiyanın MDB-yə sədrliyi yekunlaşır, ona görə də gələcək planları müzakirə etmək üçün dövlət başçılarını Moskvaya dəvət ediblər:
“MDB amorf qurumdur. Bu qurum Rusiyaya və üzv dövlətlərə ona görə lazımdır ki, görüşüb fikir mübadiləsi aparsınlar. Bu təşkilat ciddi problemin həlli və ya inteqrasiya üçün nəzərdə tutulmayıb. MDB elə bu məkana aid olan Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatından geridə qalır. Bu illərdə bəlli səbəblərdən Ukrayna və Gürcüstan MDB-dən uzaqlaşdılar, Türkmənistanın dövlət başçısı illərdir toplantıların əksəriyyətində iştirak etmir. Elə dünənki görüşə də Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhammedov qatılmayıb. Ümumiyyətlə, Türkmənistan həmin görüşdə hər hansı səviyyədə təmsil olunmadı. Azərbaycana isə MDB sadəcə, fikir mübadiləsinin həyata keçirildiyi müstəvi kimi lazımdır”.