Vaşinqton dostlarını sürətlə itirir.
Teleqraf.com xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu deyib.
ABŞ Dövlət Departamentinin amerikalı turistləri xarici ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistem işə salmasına, bu zaman Azərbaycanın təhlükəsizliyə təhdid baxımından ikinci kateqoriya ölkələr siyahısına daxil edilməsinə münasibət bildirən E.Şahinoğlu “yəni Azərbaycan ABŞ vətəndaşları üçün Ermənistan və Gürcüstandan daha təhlükəlidir? ABŞ-ın hansı vətəndaşı bu illərdə Azərbaycanda hansı təhlükə ilə üzləşib?” deyə sual edib.
Analitik daha sonra deyib:
“Neçə il öncə ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun rəhbəri Bakıdakı mənzilində öldürülmüşdü, ancaq bunun terrorla əlaqəsi yox idi, məişət zəminində baş verən cinayət idi. Başqa olay yadıma düşmür. Görünür, Amerikada hesab ediblər ki, Azərbaycan İranla qonşu olduğundan amerikalıların məmləkətimizə gəlməsi risklidir. Ona qalsa Ermənistan da İranın qonşusudur və iki dövlət arasında isti münasibətlər var. Bəs Ermənistanın adı niyə siyahıda yoxdur?!”
E.Şahinoğlu bildirib ki, Rusiya diplomatiyası Dövlət Departamentinin Azərbaycanla bağlı xəbərdarlığından məharətlə istifadə etdi:
“Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Azərbaycanı tərifləyərək, bu ölkənin təhlükəsiz və turistlər üçün münasib məkan olduğunu vurğuladı. Bu da amerikalılarının axmaq siyasətinin nəticəsi. Bu cür yanaşma ilə Amerika dost saydığı ölkələri də özündən uzaqlaşdırır. 2001-ci ilin sentyabrın 11-də terrorçular Amerikaya hücum etdilər, 3 min vətəndaş terrorun qurbanı oldu. Onda eyni məntiqlə Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama verib deməliydi ki, bu müddətdə Azərbaycan vətəndaşlarının Amerikaya səfərləri məqbul deyil? Belə bir açıqlama Vaşinqtonun xoşuna gələrdimi? Və ya Amerikanın böyük şəhərlərində elə küçələr var ki, orda turistlərin təhlükəsizliyinə zəmanət verilmir. Özüm 1999-cu ildə şəxsən bunun şahidi olmuşam. Onda belə çıxır ki, turistlər Amerikaya getməməlidirlər? Nə isə, bəzilərimiz Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının məhdudlaşdırılması məqsədilə okeanın o tayına boylanarkən, okeanın o tayı yarıtmaz siyasəti ilə Rusiyanın bölgədə daha çox fəallaşmasına şərait yaradır”.