25 Yanvar 2018 08:45
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər ruslar həmin qanun layihəsinin tətbiqi mexanizmini tapsalar, onlara minnətdar olarıq və biz də analoji qanun qəbul edərik.

Bu sözləri Teleqraf.com-a millət vəkili Musa Quliyev Rusiyada 14 yaşına çatmamış uşaqların qanuni nümayəndələrinin yazılı icazəsi olmadan onların sosial şəbəkələrdə qeydiyyatdan keçməsini qadağan etməyi nəzərdə tutan qanun layihəsini şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, belə bir qanun layihəsi bütün dünya üçün məqbul olar: “Düşünürəm ki, sosial şəbəkələrlə bağlı biz də qanunvericiliyimizdə dəyişiklik etməliyik. Təkcə uşaqların ora daxil olması yox, həm də yazı, ünsiyyəti mədəniyyəti, tariximizi və böyük şəxsiyyətlərimizi təhqir, təhrif edən yazıların verilməsi, eləcə də buna görə məsuliyyət məsələsinin olmaması məni narahat edir.

Bu məsələni yaz sessiyası üçün gündəliyimdə də qeyd etmişəm. Bunun bir mexanizmi tapılmalıdır. Əlbəttə, uşaqlar sosial şəbəkələrdən çox ziyan çəkirlər”.

Millət vəkili hətta yaşlı adamların da sosial şəbəkələrdən düzgün istifadəsi üçün mexanizmlər hazırlanmalı olduğunu vurğulayıb: “Son vaxtlar ailə münaqişələri, boşanmalar, məişət zorakılıqları, cinayətkarlıq halları artıb. Bunların çoxunda məsuliyyət sosial şəbəkələrin üzərinə düşür. Əgər doğru mexanizm tapılsa, problemi insan hüquqlarını məhdudlaşdırmadan həll edə bilsək, bu, çox böyük uğur olar”.

Psixoloq Vəfa Rəşidova bildirib ki, 8-9 yaşlı uşaqlar belə, sosial şəbəkələrə girir və bu, dəhşətdir: “Çünki onlar orada hər şey - şiddət, təcavüz, xoşa gəlməyən depressiv paylaşımalar, bayağı zarafatları görürlər. Vaxtından əvvəl sosial şəbəkələrə daxil olan uşaqlarda davranış pozğunluğu olur. Öz seanslarımda bu cür hallarla rastlaşıram və çalışıram ki, uşaqları sosial şəbəkələrdən kənar tutum.

Belə bir hal olmuşdu ki, 8 yaşında uşaq bilmədən pornoqrafik video izləmişdi. Bu cür hadisələr yüzlərlədir. Həmin uşaqların psixologiyası çox pis korlanır. Belə qadağa dövlətin adından, qanunla tətbiq edilsə, uşaqlarda qıcıq yaratmayacaq. Amma qadağanı valideynlər qoysa, uşaqlar alternativ variantlar axtarmağa başlayacaq, sosial şəbəkəyə dostlarının profillərindən girməyə çalışacaqlar”.

Psixoloqun fikrincə, qadağa rəsmiləşərsə, uşaq həm qanunlara riayət etməyi öyrənəcək, həm də onun psixologiyası ziyan çəkməyəcək.

Qeyd edək ki, Rusiyada 14 yaşına çatmamış uşaqların qanuni nümayəndələrinin yazılı icazəsi olmadan onların sosial şəbəkələrdə qeydiyyatdan keçməsini qadağan etməyi nəzərdə tutan qanun layihəsi Dövlət Dumasına daxil olub. Qanun layihəsinə görə, 14 yaşına çatmamış uşaqlar üçün isə xüsusi qayda olacaq. Valideynlər və ya qanuni nümayəndələr uşaqlarına qeydiyyatdan keçmək üçün yazılı icazə verməli olacaq.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər