21 Fevral 2018 19:26
3 584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərdoğanın bir məqsədi var – Suriyada kürdlər muxtariyyət əldə etməsin. Çünki Suriyada kürd muxtariyyəti ilə İraqdakı kürd muxtariyyəti birləşsə, bu zaman Türkiyədə kürdlərin muxtariyyət arzusu güclənəcək. Bu muxtariyyətlərin sonradan Qərbdən asılı oyuncaq dövlətə çevrilməsi ehtimalı yüksək olacaq. Ərdoğan buna yol verməmək naminə Bəşər Əsədə bağlı ordunun Afrinə girməsinə razı olar. O şərtlə ki, Bəşər Əsəd kürdlərə muxtariyyət verməyəcəyinə boyun olsun.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadə xatırladıb ki, Suriya macərası zamanı Ərdoğan Bəşər Əsədə qarşı çıxıb, Suriya rejimi ilə vuruşanların bu ölkəyə daxil olmasına göz yumub, üstəlik özü də bəyan edib ki, Əsəd hakimiyyətdən getməlidir:

“Ancaq Suriya macərasından əvvəl Bəşər Əsədlə Ərdoğan arasında normal münasibət vardı. Tərəflər qarşılıqlı səfərlər həyata keçirirdi. Suriyada kürd muxtariyyəti mövcud deyildi. Suriya prosesi başlayanda Ərdoğan hesabları düzgün aparmadı. Bilmədi ki, son anda Suriyada gedən proseslər Türkiyəyə qarşı çevrilə bilər.

Hazırda Suriya prosesi faktiki olaraq həm də Türkiyəyə qarşı çevrilib. Təhlükə yüksək həddə çatdığı üçün Ərdoğan türk ordusuna hücum əmri verdi.

Rusiya və İranın razılığı ilə Suriya ordusu Afrinə gedirsə, bu o deməkdir ki, Moskva, Tehran və Suriya hökuməti Türkiyə qarşısında kürdlərə heç bir muxtariyyət verilməyəcəyi öhdəliyi götürür. Çünki belə bir muxtariyyət verilərsə, həmin qurum Amerikadan asılı olacaq. Necə ki, Şimali İraq Kürd Muxtariyyəti ABŞ-dan və İsraildən asılıdır”.

Zərdüşt Əlizadə hesab edir ki, Ankaranın “Bəşər Əsəd qüvvələrinin Afrinə daxil olması türk ordusunu dayandırmayacaq” bəyanatı ikibaşlıdır:

“Ankara bunu deyir. Ancaq həm də ona görə deyir ki, Türkiyə danışıqlar zamanı zəmanət alsın. Zəmanət alsın ki, gələcək Suriyadaxili razılaşmada kürdlərə heç nə verilməsin. Rusiya çalışıb ona nail olmuşdu ki, Soçidə keçirilən Suriya danışıqlarında kürd qrupları iştirak etmişdi. Moskva da kürd kartından istifadə edir.

Ərdoğanın məqsədi odur ki, kürdlər müstəqil oyunçu kimi çıxış etməsinlər. Rusiya isə kürdlərin oyunçu kimi iştirakını istəyir. Qərb də bunu istəyir. Rusiya bir qədər az istəyir və görür ki, kürdlər tam olaraq ABŞ-ın nəzarətindədir. Kürd faktorundan hər iki tərəf istifadə etmək istəsə də, hələlik ABŞ güclü, Rusiya isə zəif mövqedədir. Rusiya görsə ki, kürdləri ABŞ nəzarətindən çıxara bilmir, Türkiyə ilə həmrəy olacaq”.

Sonda politoloq bildirib ki, Türkiyə üçün Afrin çox vacib məsələdir: “Ərdoğan çalışıb kürdlərin siyasi oyunçu kimi ortaya çıxmasının qarşısını almalıdır. Bunu bacarmasa Türkiyə üçün böyük problemlər yaranacaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər