3 Aprel 2018 14:14
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin açıqlamaları hər dəfə sensasiya yaradır. Zənnimcə, o, hələ siyasətçi kimi formalaşmayıb və söylədiklərinə müəyyən qədər nəzarət edə bilmir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, şahzadə bir müddət öncə Türkiyənin ünvanına xoşagəlməz sözlər demişdi:

“Yəni, sağa-sola müxtəlif ittihamlar, müxtəlif xarakterli fikirlər səpələyir. İsrail və ABŞ-la olan dostluğunu isə çox qabardır və bununla fəxr duyduğunu söyləyir. Amma məsələ burasındadır ki, islam dünyasında ayrılıqların birinci səbəbkarı Səudiyyə Ərəbistanıdırsa, ikincisi İrandır. Bu iki dövlət islam dünyasını məzhəblər üzrə parçalayır və islam dünyasının həm bir bütöv olmasına, həm də dünya siyasətində öz sözünü deməsinə mane olur. Vəliəhd şahzadənin də son zamanlar meydana çıxması münasibətlər sistemini daha da mürəkkəbləşdirir. Bəli, mən də istisna etmirəm ki, İran nüvə tədqiqatlarını laboratoriya şəraitində davam etdirir. Uranın saflaşdırılması dayandırılıb. Amma İran öz elmi-texniki tərəqqisi, öz resursları hesabına bunları əldə edib. Çünki İranda təhsil yüksəkdir, məqsədyönlülük də var. Səudiyyə Ərəbistanında isə müftəxor və tüfeyli bir cəmiyyətdir. Bu cəmiyyət hər şeyi kənardan almağa öyrənib. Üstəlik də böyük neft gəlirləri onların gözünü elə örtüb ki, hesab edirlər, lazım gəlsə, neft pulları hesabına hər şeyi əldə edib istənilən maneəni dəf edəcəklər. Amma həyat göstərir ki, neft ehtiyatları tükənə, neft gəlirləri qismən, yaxud tamam azala bilər. Əsas məsələ ölkədə elmin, maarifin, texnologiyanın inkişaf etdirilməsidir ki, Səudiyyə Ərəbistanı da bunların demək olar, hamısından məhrumdur. Ölkədə qatı islam qadağaları davam edir. Təsəvvür edin ki, Səudiyyə Ərəbistanında 1966-cı ilədək qul alveri mövcud idi. İnsanlar qul kimi alınıb-satılırdı. Görün, bu ölkə nə qədər geridə qalıb ki, yalnız son bir neçə ay ərzində kinoteatrların açılmasına, qadınların avtomobil idarə etməsinə icazə verilib. Yəni, tutucu, radikal islam bu ölkədə iş başındadır və ölkənin bütün həyatını başdan-başa inkişafdan saxlayır. Kral ailəsinə daxil olan şahzadələr isə, – onların sayı 21 nəfərdir – ölkənin var-dövlətinin böyük bir hissəsini mənimsəyərək öz istədikləri həyat tərzini yaşayırlar. Mən Səudiyyə Ərəbistanının tüfeyli cəmiyyətinin nə vaxtsa inkişaf imkanlarının ola biləcəyinə az ümid bəsləyirəm”.

Q.Hüseynli əlavə edib ki, Səudiyyə Ərəbistanının öz hesabına nüvə silahı əldə etməsi üçün heç bir potensialı yoxdur:

“Əvvəla, nüvə silahı əldə etmək üçün heç olmasa, ən azı bir atom elektrik stansiyası olmalıdır. Yaxud, heç olmasa, laboratoriya şəraitində nüvə fizikası sahəsində bəlli hazırlıq keçmiş bir neçə alim olmalıdır ki, onlar nüvə tədqiqatları ilə məşğul olsunlar. Bu isə Səudiyyə Ərəbistanı liderlərinin heç ağlına da gəlmir. Onlar bu məsələdə ABŞ-a güvənsələr də, Vaşinqton bu silahı onlara verməz. Vaşinqton nüvə silahının yayılmasının qarşısının alınmasına dair imzalanmış beynəlxalq konvensiyaya ciddi surətdə əməl edir və bu silahı heç kimə verə bilməz. İran isə nüvə silahı əldə etmək yolunda hələ xeyli məsafə qət etməlidir. Buna qədər isə çox şey dəyişə bilər”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Salman bu yaxınlarda iki həftə müddətində ABŞ-da səfərdə olub. Rəsmi məlumatda səfərin məqsədinin iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 75 illiyi ilə bağlı olduğu qeyd olunub. Ancaq bir sıra analitiklər qeyd edirlər ki, əsas məqsəd Vaşinqtonu İrana qarşı birgə hərbi əməliyyatların vacibliyinə inandırmaqdan ibarət olub. Həmçinin, Ər-Riyadın ABŞ vasitəsilə nüvə silahı əldə etməyə çalışdığı qeyd olunur.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər