20 Aprel 2018 18:06
3 746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun şöbə müdiri, politoloq Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.

– Elşad müəllim, sabah Milli Məclisin plenar iclası keçiriləcək və iclasda Azərbaycanın yeni baş nazirinin təsdiqlənməsi məsələsinin müzakirəyə çıxarılması nəzərdə tutulur. Bu məsələ ilə bağlı fikirlərinizi öyrənmək istərdik...

– Bu, qanunvericiliyə uyğun normal prosedurdur. Bildiyiniz kimi, aprelin 11-də Azərbaycanda prezident seçkisi keçirilib. Seçkidə qalib gəlmiş İlham Əliyevin aprelin 18-də and içərək səlahiyyətlərinin icrasına başlaması ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Nazirlər Kabineti istefaya gedib. İndi Nazirlər Kabineti yenidən formalaşdırılır. Müvafiq olaraq Nazirlər Kabinetinin rəhbəri, yəni baş nazir də Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təsdiq olunur. Bu məsələ ilə bağlı öncədən verilən hər hansı proqnoz təbii ki, özünü doğrultmaya bilər. Bu, birbaşa olaraq ölkə başçısının səlahiyyəti çərçivəsində olan bir məsələdir. Düşünürəm ki, bütün hallarda cənab prezident tərəfindən ən uyğun şəxsin namizədliyi təqdim olunacaq.

Azərbaycanın qarşısında kifayət qədər ciddi inkişaf konsepsiyası dayanır. Bu konsepsiyanı uğurla həyata keçirə biləcək bir şəxsi çox güman ki, hamıdan yaxşı müəyyənləşdirməyi bacaran ölkə rəhbəridir. Mənim gözləntim ondan ibarətdir ki, ölkə prezidentinin seçimi bundan sonrakı inkişafımızın trendlərini uğurla həyata keçirməyə imkan verəcək.

– Həm sosial şəbəkələrdə, həm də media orqanlarında baş nazir vəzifəsinə müxtəlif namizədləri adları çəkilir. Sizin bu məsələ ilə bağlı fikirlərinizi bilmək istərdik...

– Təbii ki, bu normaldır. Cəmiyyətdə maraqlanırlar ki, görəsən baş nazir vəzifəsinə kimin namizədliyi təqdim olunacaq. Bu, maraqlı olduğu üçün təbii ki, sosial şəbəkələrdə müxtəlif adlar çəkilə bilər. Amma mən peşəkar politoloq olaraq bununla bağlı mövqe bildirə, hansısa ad çəkə bilmərəm. Çünki bu mənim tərəfimdən çox qeyri-ciddi addım ola bilər. Bir daha qeyd edirəm ki, bunu bilən yalnız bir şəxs var, bu da ölkə prezidenti cənab İlham Əliyevdir.

– Prezident İlham Əliyevin ilk xarici səfərini Türkiyəyə edəcəyinə dair məlumat açıqlanıb. Bu məsələni necə şərh edərdiniz?

– Bu, gözlənilən bir haldır. Azərbaycana ən yaxın, ən yaxın olmaqla yanaşı, ən etibarlı və birgə əməkdaşlıq üçün bütün şərtləri təmin edən ölkə məhz Türkiyədir. Nəzərə almaq lazımdır ki, Türkiyədə istər baş nazir, istərsə də prezident seçkilərindən sonra ilk xarici səfər Azərbaycana gerçəkləşdirilib. Müvafiq olaraq Türkiyə də Azərbaycanı özünün ən etibarlı tərəfdaşı qismində görür. Bu baxımdan mən düşünürəm ki, ölkə prezidentinin seçkilərdən sonrakı ilk xarici səfərinin Türkiyəyə planlaşdırılması məntiqli bir addımdır. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın bütün istiqamətlərdə, xüsusilə də regional səviyyədə həyata keçirilən layihələrdə ən yaxın, etibarlı tərəfdaşı Türkiyədir. Türkiyə ilə bizim birgə addımlarımız çoxdur. Bu baxımdan gələcək birgə fəaliyyətin elementlərinin, detallarının müzakirəsi üçün təbii ki, bu səfər çox önəmli bir səfərdir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər