30 Aprel 2018 20:57
3 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya ilə Cənubi Koreya arasında münasibətlərin yoluna qoyulması üçün aparılan danışıqlar, əldə edilən razılaşmalar müsbət hadisədir. Hesab edirəm ki, Prezident Tramp və onun administrasiyası çox ağır Pxenyan böhranının həlli yollarını tapa bildi.

Bu fikirləri Teleqraf.com-a politoloq, millət vəkili Asim Mollazadə Şimali Koreya və Cənubi Koreya dövlət başçılarının görüşünün nəticələrini qiymətləndirərkən deyib.

Mollazadə əlavə edib ki, Şimali Koreya ilə Cənubi Koreya arasında münasibətlərin inkişafı, prezidentlər və nümayəndə heyətləri arasında müzakirələr gələcək münasibətlərin müsbət xəttə keçəcəyi, Koreya Yarımadasında nüvə probleminin həllinə böyük ümidlər yaradıb:

“Bununla bərabər, Şimali Koreya rəhbərliyi nüvə proqramından və ballistik raket sınaqlarından imtina edib. Bununla da, uzun illərdir həllini tapmayan təhlükəsizlik və sülhə təhdid yaradan sistem dayanıb. Prezident Tramp haqlı olaraq bildirdi ki, əvvəlki administrasiyalar Koreya Yarımadası probleminin həllinə dair cəhdlər etsə də, bu problemi həll edə bilməyib”.

Politoloq qeyd edib ki, bəzi təhlilçilərdən fərqli olaraq o, Seul-Pxenyan danışıqlarının hansısa mərhələsində dayandırılacağı və tərəflərin yenidən hərbi və siyasi-qarşıdurma yoluna qayıdacağına inanmır:

“Artıq tərəflər sülh üçün ciddi məsafə qət ediblər. Şimali Koreya da bu addımla iqtisadi və sosial problemlərin həllini yoluna qoymağa can atır. Nüvə sınaqları nəticəsində dərin böhrana daxil olan Şimali Koreya bu yolla inkişaf etmək və təhdid siyasətinə son qoymaqda maraqlıdır”.

Asim Mollazadə bildirib ki, bu anlaşma müəyyən mənada Rusiyaya xeyir gətirmir:

“Sözsüz ki, üçüncü tərəfin bu münaqişədən istifadə etmək cəhdlərinin qarşısı alınmış olub. Düzdür, bu gün xəbər çıxıb ki, Şimali Koreyanın nüvə sınaqları zamanı Çinə radiasiya sızma ehtimalı yaranıb və bu səbəbdən Pxenyan sınaqları dayandırmaq qərarına gəlib. Amma bu, az inandırıcıdır. Əksinə, razılığın əldə olunmasında Çin dövləti də müsbət rolunu oynayıb. Əsasən Cənubi və Şimali Koreya rəhbərliyinin Qış Olimpiadası ərəfəsində və ondan sonra danışıqlar aparması, ABŞ-ın bu prosesə ciddi dəstək verməsi problemin həllinə səbəb olub”.

Müsahibimiz deyib ki, nəzəri baxımdan Koreya Yarımadasında nüvə münaqişəsinin qarşısının alınması Vaşinqtona imkan verə bilər ki, İran və Rusiya ilə daha çox məşğul olsun:

“Ancaq Koreya böhranının həlli göstərir ki, bütün problem və anlaşılmazlıqlar siyasi yollarla həll edilə bilər. Dünyada gedən qarşıdurmaların hamısını siyasi dialoq vasitəsi ilə aradan qaldırmaq olar.

İran nüvə proqramlarını dayandırıb və Obama zamanında Tehranla razılıq əldə edilib. İndi mən bu istiqamətdə dəyişiklikləri gözləmirəm. Bəzən qeyd edirlər ki, Prezident Makron və Kansler Merkel Vaşinqtona səfər etməklə Trampın İranla əldə edilən nüvə razılaşmasından çıxması fikrindən daşındırmağa çalışıb. Məncə, bu səfər ilk növbədə müttəfiqlərin öz münasibətlərini daha da inkişaf etdirmək məqsədi daşıyır. Çünki hazırda tərəflər arasında həm iqtisadi, həm də siyasi baxımdan mövqe fərqləri var. Üstəlik ABŞ istəyir ki, onun müttəfiqləri NATO-nun xərclərinin müəyyən hissəsini öz üzərinə götürsün. Yəni Avropa ilə ABŞ arasında bir sıra mövqe fərqləri var. Makron və Merkelin səfərləri həm də bununla əlaqəlidir. Mən İranla qarşıdurmalar üçün əsas görmürəm. Trampın İranla nüvə sazişindən çıxması və yeni addımlar atacağı ağlabatan deyil. Sadəcə olaraq Tramp özündən əvvəlki hakimiyyətin İranla nüvə sazişi imzalaması və Tehrana böyük həcmdə vəsait verməsini tənqid edib. Deyib ki, bu vəsait sonda Suriyada ABŞ-a qarşı istifadə olunur”.

Sonda Mollazadə deyib ki, ABŞ və onun müttəfiqlərinin İranın Suriya məsələsində addımlarına dair ciddi fikir ayrılığı yoxdur:
“Onlar İranın Orta Şərqdə hərbi bazalar açmasına imkan verməyəcək, bu istiqamətdə öz siyasətini davam etdirəcəklər. İran da kəskin qarşıdurmaya getməməlidir. Çünki bunun ağır nəticələri ola bilər. Yaxın dövrdə mən İranla bağlı kəskin qarşıdurma gözləmirəm”.


Müəllif: Cavad

Oxşar xəbərlər