Teleqraf.com-un suallarına mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi, siyasi analitik Oqtay Qasımov cavab verir:
- Oqtay bəy, Türkiyədə hazırkı vəziyyəti, xüsusilə iqtisadi sahədə baş verən prosesləri necə xarakterizə edərdiniz?
- Türkiyə iqtisadiyyatında zəif nöqtələr olduğundan lirənin dəyərdən düşməsi müşahidə olunur. Eyni zamanda nəzərə almaq lazımdır ki, məzənnədə bu cür dəyişkənlik və dolların möhkəmlənməsi həm də geosiyasi motivlərlə bağlıdır. O cümlədən son dövrlər ABŞ-la Türkiyə arasında baş verən anlaşılmazlıqlar, bəzi məsələlərdə üz-üzə gəlmələr bu prosesə təsirini göstərir və Türkiyə valyutası ABŞ dolları qarşısında dəyər itirməkdə davam edir. Bu, problemin siyasi tərəfidir.
Amma iqtisadiyyatda zəif və dayanıqsız nöqtələr də var. Bu amil həssas olduğundan prosesə mənfi çalarlar gətirir və onun inkişafına stimul verir. Türkiyə iqtisadiyyatında ixrac idxal prosesini tam üstələmədiyindən indi lirənin taleyində mürəkkəb və qəliz vəziyyət yaranıb.
Son illər Türkiyədə bir çox iqtisadçılar bu cür vəziyyətin yaranmasını proqnozlaşdırır, bunu həm siyasi, həm də iqtisadi cəhətdən əsaslandırırdı. Əlbəttə, Türkiyə hakimiyyəti, Prezident Ərdoğan yeni iş yerlərinin açılacağı, ixrac yönlü iqtisadiyyatın inkişaf etdiriləcəyi barədə bəyanatlar verirlər. Bir neçə gün əvvəl yeni dövrə uyğun olaraq iqtisadi paket açıqlandı. Hər halda Türkiyə iqtidarı bu tədbirləri həyata keçirməyi düşünür. Çünki milli valyutanın devalvasiyasına qarşı radikal tədbirlər görülməsə türk iqtisadiyyatında ciddi problem yaranacaq.
- Bəzi iqtisadçılar iddia edirlər ki, devalvasiya indiki sürətlə gedərsə, yaxın 10 günə türk iqtisadiyyatında çöküş meydana gələ bilər. Bunu real hesab edirsiniz?
- Mən türk iqtisadiyyatının çökəcəyi fikri ilə razılaşmıram. Türkiyə iqtisadiyyatı zəif həlqələri ilə bərabər güclü iqtisadiyyatdır. Əslində son illər bir çox iqtisadçı və mütəxəssislərin həyəcan təbili ondan ibarət idi ki, doğru qərarlar verilib addımlar atılmasa, ölkə 2001-ci ildəki iqtisadi böhranı yaşaya bilər. Mən arzu etmirəm ki, deyilən vəziyyət yaransın. Amma türk iqtisadiyyatı ciddi təhdid qarşısındadır və müəyyən çağırışlar var ki, onlara anında cavab verilməli, iqtisadiyyat düşdüyü vəziyyətdən çıxarılmalıdır. Türk iqtisadiyyatının deyilən duruma düşməsini arzu etmirəm. Türkiyə bizə müttəfiq, qardaş dövlətdir, eyni zamanda bizim əhəmiyyətli ticarət tərəfdaşımızdır. Düşünürük ki, türk dövlətini idarə edənlər də bu gərgin vəziyyətin analizini həyata keçirirlər və müvafiq addımlarla iqtisadiyyatı qarşılaşdığı problemlərdən çıxarmağa çalışacaqlar. Bir daha vurğulayım ki, hazırda kifayət qədər ciddi və mürəkkəb vəziyyət mövcuddur.
- Türkiyə iqtisadiyyatı, xüsusilə bank sektorunun ciddi böhranla üz-üzə qalmasında ABŞ-ın rolu nə dərəcədə böyükdür?
- Hər şeyi xarici faktorla bağlamaq doğru deyil. Bir daha qeyd edim ki, son 10 ildə türk mütəxəssislər bir zamanlar belə halın baş verəcəyi barədə proqnoz verir, xəbərdarlıq edirdilər. Bu daha çox onunla bağlı idi ki, ixracata yönəlik iqtisadiyyatdan daha çox inşaata yönəlik iqtisadiyyat formalaşmağa başlamışdı. Ümumi daxili məhsulda artım da bu sektorun hesabına idi və iqtisadiyyat buradan güc alırdı. Bir çox mütəxəssislər də bunun doğru olmadığı, ciddi problemlər yaradacağı qənaətində idi. Bu gün baş verən sarsıntıların bir hissəsi də buradan qaynaqlanır.
Xarici amilə gəldikdə ABŞ-ın bu istiqamətdə atdığı addımların təsiri var. Bu özünü açıq şəkildə göstərir. Onu da nəzərə almaq lazımdır ki, bu gün ABŞ hakimiyyətində ciddi qruplaşma var və onlar anti-Türkiyə ovqatına köklənib. Onlara həm də “şahinlər” qrupu deyirlər. Bu qrupa vitse-prezident Maykl Pens, dövlət katibi Pompeo, milli təhlükəsizlik müşaviri Con Bolton, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspel və digərləri daxildir. Onlar müəyyən bəhanələr əldə edərək, Türkiyəni cəzalandırmağa çalışır. Çünki Türkiyə son illər ABŞ-ın çəkdiyi çərçivələrdən kənara addımlar atırdı.
- Söhbət hansı çərçivələrdən gedir?
- II Dünya Müharibəsindən sonra ABŞ Yaxın Şərqdə Böyük Britaniya imperiyasını əvəz etdi. Yəni Böyük Britaniyanın Yaxın Şərqdəki mövqeləri ABŞ-ın nəzarətinə keçdi. ABŞ bu mərhələdə Türkiyə ilə yaxın əlaqələr qurdu, türk iqtisadiyyatı ABŞ-ın yardımları hesabına yenidən quruldu. Beləcə həm də ABŞ-ın türk dövlətinə təsir imkanı da yarandı. Zaman-zaman Türkiyədəki hökumətlər müstəqillik nümayiş etdirməyə cəhd edəndə problemlərlə üzləşdi. 1960-cı il hərbi çevrilişi, 1970-ci ildə hərbçilərin ultimatumu, 1980-ci ildə hakimiyyət çevrilişi əslində ABŞ-ın həyata keçirdiyi cəzalandırma mexanizmləri idi. Məqsəd Türkiyəni öz nəzarətində saxlamaq idi. 2002-ci ildə hakimiyyətə gələn AKP ilk dövrlər ABŞ və dünya ilə münasibətləri doğru idarə etdiyi qənaəti formalaşdırdığından Türkiyəyə xarici investisiyalar axdı, nəticədə iqtisadiyyatda inkişaf tempi yüksəldi.
Türkiyədə təxminən 2010-cu ildə osmançılıq ideyası baş qaldırdı. Prezident Ərdoğan üçüncü dəfə baş nazir seçildikdən sonra özünü kifayət qədər güclü hesab edərək, Türkiyənin müstəqil siyasət yürütməsi istiqamətində fəaliyyətə başladı. Bu da ABŞ-ın xoşuna gəlmir. Üstəlik Türkiyənin Amerikaya zidd mövqedə olan Rusiya, Çin, İran və digər dövlətlərlə əlaqələr qurması Vaşinqtonda qıcıq yaratdı.
Münasibətlərdə səbir kasasını daşıran addımlardan biri Suriya problemi ilə əlaqəli oldu. Burada ABŞ-ın planları Türkiyənin təhlükəsizliyi ilə tərs mütənasiblik təşkil etdi. Ankara burada daha sərt dirnəş göstərdi. Çünki ABŞ açıq formada Suriyanın şimalında kürd qruplaşmaların nəzarət edəcəyi, İraq Kürdüstanından başlayan və Ağ Dənizə uzanan bölgədə dəhliz yaratmaq istəyirdi. Bu da Türkiyənin milli təhlükəsizliyinə kifayət qədər ciddi təhdid yaratdığı üçün Ankara buna müqavimət göstərmək məcburiyyətində idi və müqavimət də göstərdi. Bu tərs mütənasiblikdən sonra Türkiyə anladı ki, onun təhlükəsizliyinin qarantı yalnız özüdür. Bundan sonra Türkiyə hava hücumundan müdafiə sistemlərini yenidən qurmaq və inkişaf etdirmək məqsədilə ABŞ-dan “Patriot” raket müdafiə sistemləri almaq istədi. Lakin Vaşinqton buna soyuq yanaşdı. Ankara da Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almağa qərar verdi. Bu da ABŞ-da ciddi qəzəblə qarşılandı. Vaşinqton Türkiyəni bu yoldan çəkindirmək üçün dəfələrlə cəhd göstərdi, amma bunun nəticəsi olmadı. Bu gün Türkiyəyə qarşı baş verən siyasi təzyiqlər bununla bağlıdır. Çünki ABŞ Rusiyaya sanksiya tətbiq edib, Çinlə ticarət müharibəsi aparır, İrana embarqolar tətbiq edir. Türkiyənin bu dövlətlərlə normal münasibətləri var. Bu da ABŞ-da qəzəb doğurur. Türkiyədə casusluq fəaliyyəti ilə məşğul olduğu iddia olunan keşiş Bransonun həbs edilməsi ABŞ-a Türkiyəyə qarşı addımlar atmaq üçün bəhanə verdi.
Bir neçə gün əvvəl ABŞ vitse-prezidenti Maykl Pensin Senatdakı çıxışı diqqət çəkdi. Pens çıxışında qəzəbli və qərəzli şəkildə Ankaraya xəbərdarlıq etdi, atdığı addıma görə cəzalanacağını elan etdi. Bu mənada sözsüz ki, ABŞ-ın Türkiyədə müşahidə olunan proseslərdə, iqtisadiyyatda yaranan gərgin vəziyyətdə rolu var. Bu əslində ABŞ tərəfindən idarə olunan prosesdir.
- Bu andan sonra ABŞ və Türkiyə arasında razılaşma əldə edilə bilərmi?
- Əslində Türkiyə tərəfi müəyyən addımlar atmağa çalışır. Bir neçə gün əvvəl Türkiyə xarici işlər nazirinin müavini Sədat Önalın rəhbərliyi ilə Vaşinqtona nümayəndə heyəti getdi.
- Ancaq bu danışıqlar da uğursuz nəticəlindi...
- Bəli. Türkiyə tərəfi münasibətləri yoluna qoymaq üçün cəhdlər göstərdi. Danışıqlarda nəticə əldə edilmədi. Türkiyə iqtisadiyyatında lirənin qiymətdən düşməsində bu danışıqların uğursuz bitməsinin də rolu olub. Görünən budur. Əslində indi gərgin vəziyyət hökm sürür. ABŞ tərəfi daha çox qızışdırıcı mövqe tutub. Vitse-prezidentin çıxışı təhdid və aşağılayıcı xarakterdə idi. Ərdoğanın açıqladığı kimi onlar konkret Türkiyəyə rahibin azad edilməsi üçün vaxt qoymuşdu. Türkiyə də ənənəsi olan və özünə hörmət edən dövlət olduğundan bu cür ultimatumu qəbul etmədi. İndi də bunun sıxıntılarını yaşayır. ABŞ problemlərin qarşılıqlı anlaşma şəkilində həllindən daha çox Türkiyəni cəzalandırmaq xəttini tutur. Bu da məsələnin mürəkkəbləşdirir. Düşünürəm ki, Türkiyə münasibətləri yoluna qoymaq cəhdlərini davam etdirəcək. Prezident Ərdoğanın “Nyu-York Tayms” qəzetində nəşr edilən məqaləsində açıq mesaj verildi ki, əgər ABŞ təhdid dilindən əl çəkməyərək, Türkiyəyə qarşı qərəzli addımlar atmaqda davam edərsə, öz müttəfiqini itirməyi göz önünə alsa, Türkiyə özünə yeni müttəfiq axtarmaq məcburiyyətində qalacaq.
- İndi reallıqlar Türkiyənin İran, Rusiya və Çin platformasında mövqe tutmağa məcbur edəcək. Bu fakt Türkiyənin mövqeyini, onun iqtisadi durumunu nə dərəcədə yaxşılaşdıra bilər?
- Mən düşünmürəm ki, Türkiyə dövləti asanlıqla oriyentasiyasını dəyişsin və Avroatlantik sistemə əks mövqedə dayanan sistemə inteqrasiya etsin. Sadəcə adı çəkilən dövlətlərlə əlaqələr daha da genişləndirilməlidir. Çünki Türkiyə iqtisadiyyatını düşdüyü durumdan çıxarmaq üçün hökmən bazarlar axtarılmalıdır. Amma siyasi oriyentasiyanın tam dəyişəcəyi, Türkiyənin Qərb məkanından Avrasiya məkanına üz tutacağını düşünmürəm. Hesab edirəm ki, ABŞ və Türkiyənin müdrikliyi çatacaq ki, yaranan vəziyyətdən çıxmaq üçün doğru addımlar atılsın. Xüsusilə, Türkiyə tərəfinin üzərinə daha çox iş düşəcək.