Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətdə olduğu 100 günə həsr olunmuş mitinqi ilə həm müxalifətə, həm də ondan narazı olan Moskvaya güc göstərdi. Mitinqə on minlərlə insan qatılmışdı, ancaq bu, Paşinyanın gücünu heç də artırmır.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Onun fikrincə, Paşinyanın mövqeyinin güclənməsinə 3 amil mane olur: “Birincisi, onun parlamentdəki mövqeyinin zəifliyidir. O güclə baş nazir mandatı alıb. Hansısa partiyanın ona qarşı səsvermə prosesduruna başlamasını təklif etməsi yetərlidir ki, Paşinyan baş nazir kreslousunu itirsin. Məsələn, Respublika Partiyası və Daşnaksütun Partiyası 105 yerlik parlamentdə 57 səsə malikdir. Bu iki partiya qeyri-rəsmi eks-prezident Robert Köçəryanı dəstəkləyir”.
Politoloq Paşinyana qarşı olan müxalifətin kifayət qədər maliyyə və media resursuna malik olduğunu vurğulayıb: “Paşinyanın hakimiyyətdə olmasına baxmayaraq administrativ resurs hələ onun xeyrinə deyil. Məsələn ,Robert Köçəryan həbsdən azad olunan kimi onun Daşnaksütun Partiyasının televiziyasında müsahibəsinə şərait yaradıldı. Məlum oldu ki, Köçəryanı həbsdən azad edən hakim vaxtilə Prezident Administrasiyasında onun işçisi olub”.
Elxan Şahinoğlu hesab edir ki, üçüncü amil Rusiyadır: “Köçəryan Paşinyanı zəif yerindən vurur. Köçəryan Paşinyanın “Rusiya Ermənistandakı yeni şərtlərə adaptasiya olunmalıdır” sözlərini kəskin tənqid edərək Rusiyaya xoş gəlsin deyə belə bir ifadə işlədib: “Rusiya o ölkə deyil ki, Ermənistanın baş nazirinin istəyi ilə nəyəsə adaptasiya olunmalıdır”. Köçəryanın Moskvaya daha çox yaxınlığı Paşinyanın problemlərini artıracaq”.
Siyasi şərhçi qeyd edib ki, bununla belə Paşinyanın hazırki reytinqi hələ ki, yüksəkdir: “Ancaq onun əlində iqtisadi islahatları dərinləşdirmək üçün resursları azdır, əngəllər isə çoxdur. Ermənistanda növbədənkənar parlament seçkisi 2019-cu ilin may ayında keçiriləcək. Həmin tarixə qədər Paşinyana olan dəstək azala da bilər”.