Gürcüstanın baş naziri Mamuka Baxtadze avqustun 30-da Azərbaycana səfər etdi. O prezident İlham Əliyevlə görüşdü. Mamuka Baxtadze baş nazir olmamışdan əvvəl “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri idi. Bu vəzifədə o, bir neçə dəfə Bakıda olub. Yəni Mamuka Baxtadzenin bundan əvvəl də Azərbaycanla əməkdaşlıqda böyük təcrübəsi var.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
İki ölkə arasındakı iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu deyən politoloq bildirib ki, buna misal olaraq xeyli birgə layihəni göstərmək olar:
“Gürcüstanın baş nazirinin Azərbaycana səfərinin iki məqsədi var idi. Birinci məqsəd əməkdaşlıqdakı uğurları bir daha qeyd etmək idi. Bunları hər dəfə qeyd etmək həm Azərbaycan, həm də Gürcüstan üçün faydalıdır. İkinci məqsəd əməkdaşlığın artırılması istiqamətlərini müəyyənləşdirmək idi. Məsələn, əsas hədəflərdən biri ticarət mübadiləsini yaxın iki ildə 50-60 faiz artırmaqdır.
Gürcüstan Azərbaycanla iqtisadi əməkdaşlığı artırarkən, Ermənistanla iqtisadi münasibətlərdə irəliləyiş yoxdur. Məsələn, Rusiya ilə Ermənistanı Gürcüstan üzərindən birləşdirən nəqliyyat xəttində problemlər həll olunmamış qalır. Dağlardan keçən bu yol tez-tez bağlanır. Həmin yolun daim işlək qalması nə Rusiyanın, nə də Gürcüstanın marağındadır.
Bundan əziyyət çəkən Ermənistandır. Ancaq Ermənistanın maliyyə vəsaiti yoxdur ki, həmin yolun işlək vəziyyətdə qalmasını təmin edə bilsin.
Digər tərəfdən Gürcüstanda 15 sentyabrda qüvvəyə minəcək qərara görə taxılın və un məhsullarının Ermənistana quru yolla çatdırılması çətinləşəcək. Poti limanı üzərindən daşınan yüklərin hər tonuna görə əlavə 50 dollar ödəmək tələb olunacaq. Gürcüstan hökuməti taxılın və un məhsullarının dəmir yolu və dəniz limanı ilə daşınmasını tələb edir. Ermənistan artan qiymətlərin ona şamil olunmamasını istəyir.
İrəvan Tbilisi ilə anlaşacağına ümid edir. Ancaq əgər anlaşma baş tutmazsa və daşınma qiymətləri artarsa bu avtomatik olaraq Ermənistanda çörəyin və un məhsullarının qiymətlərinin artımına səbəb olacaq. Ermənistana çörəyin qiymətlərinin artımına həm də Rusiya taxılının satış qiymətinin artımı təsir edir”.
Politoloq hesab edir ki, Gürcüstan hökumətinin Ermənistana güzəştə gedəcəyi mümkündür: “Çünki Gürcüstanın da marağındadır ki, baş nazir Nikol Paşinyanın mövqeləri zəifləməsin. Ancaq bütün hallarda Nikol Paşinyan əlindəki resurslarla Ermənistanla Gürcüstan arasındakı iqtisadi əlaqələrin inkişafına nail ola bilməyəcək. Çünki bunun üçün Ermənistanın maliyyə resursları yoxdur”.