Bu günlərdə “Feysbuk” sosial şəbəkəsinin Ermənistan seqmentində Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının ölkədən çıxarılması ilə bağlı kampaniya başlayıb. Çox maraqlıdır ki, sosial şəbəkə istifadəçiləri birdən-birə kütləvi şəkildə bu haqda paylaşımlar edir.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev bildirib.
O qeyd edib ki, əsasən gənclərin qoşulduğu bu kampaniya ilə bağlı xüsusi səhifələr və qruplar yaradılıb:
“Həmin qruplarda daha çox Rusiya Prezidenti Vladimir Putini təhqir edən fotolar yerləşdirilir. Ermənistanda əvvəllər də mövcud olan anti-Rusiya əhval-ruhiyyəsi son vaxtlar xeyli güclənib. Ölkədə hakimiyyət dəyişikliyinə səbəb olan kütlə isə yeni hökumətdən millətçi siyasət yürütməyi gözləyir. İllərdir ölkəni idarə edən Qarabağ klanının Rusiyaya bağlılığına heç kimin zərrə qədər də şübhəsi yox idi. Ancaq yeni hökumətdən ölkədəki gənc kütlənin, əsas da islahat arzulayanların gözləntisi böyükdür. Digər Cənubi Qafqaz respublikalarından, əsas da Azərbaycanda rus qoşunlarının çoxdan çıxarılması onlarda qıcıq yaradır”.
Z.Əmrəliyev deyib ki, məsələnin ən maraqlı tərəfi bu çağırışı ilk dəfə edən və aksiyanın hazırda da ən qızğın müdafiəçilərindən olan şəxsin Soros Fondunun İrəvan təmsilçiliyinin keçmiş əməkdaşı Daniel İonisyan olmasıdır:
“Qeyd edim ki, bu şəxs hazırda Paşinyan hökumətinin tərkibində çalışır. O, baş nazirin birinci müavini Ararat Mirzəyanın başçılıq etdiyi Seçki Məcəlləsinin İslahatı Komissiyasının əlaqələndiricisidir. Bu da aksiyanın hardan qaynaqlandığına yaxşı bir işarədir. İşin arxasında duranlar Corc Sorosa bağlı insanlardır. Nə qədər inandırıcı görsənməsə belə Nikol Paşinyan özündə güc tapıb rus bazasını ölkədən çıxara bilsə, bu, gərgin olan İrəvan-Moskva münasibətlərini daha da sərtləşdirəcək”.
Siyasi şərhçi bildirib ki, Kreml ermənilərə qarşı əlində saxladığı “Qarabağ kartı”dan da istifadə edə bilər:
“Vladimir Putinin Ermənistanın keçmiş dövlət başçısı Robert Köçəryana zəng vuraraq doğum gününü təbrik etməsi isə mövcud iqtidara edilən ciddi xəbərdarlıq idi. Köçəryan yeni hökumətin ona hücumundan sonra artıq yenidən siyasətə dönəcəyini bildirib və o, hazırkı erməni siyasi elitasında Paşinyana ən güclü rəqib sayılır. Putinin Köçəryana zəngi isə Kremlin eks-prezidentə olan rəğbətindən irəli gəlir”.
Z.Əmrəliyev əlavə edib ki, Ermənistanda beş verən hadisələrin nəzarətdən çıxmaması üçün yaxın vaxtlarda cəbhə xəttində gərginlik də yaradıla bilər:
“Mövcud vəziyyəti təhlil etdikdə baş verəcək ən adi bir hərəkətliliyin Azərbaycanın xeyrinə olacağını söyləmək çətin deyil”.