13 Sentyabr 2018 22:25
1 714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandan tez-tez Azərbaycanı təhdid edən fikirlər təkrar olunur. Baş nazir Nikol Paşinyan da Azərbaycanı şantaj ritorikasını artırıb.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Paşinyan siyasi məsuliyyətə uyğun olmayan davranışlar sərgiləyir:

“Paşinyan sonuncu dəfə Qarabağa gələndə bildirdi ki, Ermənistan müdafiəyə və lazım olarsa, hücuma da hazır olmalıdır. O, məsuliyyətini bilməyən, Qafqazı barıt çəlləyi kimi düşünən bir adamdır. Paşinyan Ermənistan xalqının eyforiyasından istifadə edərək, radikal çağırışlar edir. Moskvadan qayıtdıqdan sonra onun Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı səsləndirdiyi fikirlər diplomatik təfəkkürə uyğun gəlməyən və küçədən gəlmiş adamın bəyanatına oxşayır.

Bu adam siyasi məsuliyyətin nə olduğunu, danışların hansı formada getdiyini, indi hansı situasiyanın mövcud olduğunu bilmir.

Paşinyan sanki Azərbaycan Silahlı Qüvvələrinin hansı gücdə olduğunu da görmür. O yenə də Rusiya Azərbaycan ərazilərini ələ keçirib Ermənistan adlı ölkə qurduğu dönəmdə ermənilərin qapıldığı eyforiya kimi, yeni torpaqların işğalına səsləyir. Bu, qaragüruh və bölgəni daha ciddi təhlükəyə sürüyəcək davranışdır. Ermənistan cırtdan dövlət olsa da, o bu ölkənin başçısıdır və buna görə də sözünü ölçüb-biçib deməlidir.
Tarixin ayrı-ayrı mərhələlərində də kiçik bir söz xalqlar arasında müharibələrin başlanmasına səbəb olub. Paşinyan isə sağ-sola baxamdan, ağzına gələni deməklə, erməniləri eyforiyada saxlamağa çalışır”.

Qabil Hüseynli bildirib ki, Nikol Paşinyanın sərt bəyanatları Azərbaycanı müharibəyə təhrik edir:
“Belə bir ifadə var, ermənilərin qanı coşanda onlardan qan almaq lazımdır ki, hədəqədən çıxmasınlar. Paşinyan hakimiyyətə demokrat qismində gəlsə də, qaragüruh, şovinist çıxışlar edir, Azərbaycana da təhdidlər, şantajlar yağdırır. Bu, xəstə təfəkkürün məhsuludur, bu isə onu göstərir ki, Paşinyan danışıqlara hazır deyil. Əksinə o, işğal edilmiş Azərbaycan ərazilərinin mənimsənilməsi xülyası ilə yaşayır.

Ola bilsin ki, hansısa dövlətlərin verdikləri mesajların hesabına bunu öz xalqına təlqin etməyə çalışır.
Azərbaycan isə sonadək döyüşəcək və öz torpaqlarını işğaldan azad edəcək. Çünki beynəlxalq təşkilatlar və dünya dövlətləri birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Yəni, Azərbaycanın münaqişənin bütün istiqamətlər üzrə həll yollarına baş vurmaq imkanı var.

Digər yandan, Nikol Paşinyan təsadüfən hakimiyyətə gəlmiş küçə adamıdır. Onun bu ritorikası ancaq iki xalq arasında əbədi düşmənçilik yaratmağa xidmət edə bilər. Buna görə də, Paşinyanın səsləndirdiyi məsuliyyətsiz fikirlərin məsuliyyətini də Ermənistan daşıyacaq. Azərbaycan Paşinyanın bu lovğa, təkəbbürlü davranışlarına baxmayaraq, bütün imkanlardan istifadə edərək, öz ərazi bütövlüyünü bərpa edəcək. Bunu çox uzaq olmayan bir vaxtda edəcək, Ermənistan bunu başa düşməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər