19 Sentyabr 2018 13:43
3 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik sammitdə azərbaycanlı və ermənilər arasında gərginlik yaranıb.

Teleqraf.com “REAL” telekanalına istinadla xəbər verir ki, “Fundamental azadlıqlar: ifadə və sərbəst toplaşmaq azadlığı, milli insan haqları təşkilatları və vətəndaş cəmiyyəti” mövzusunda keçirilən müzakirələrdə özünü “Avropa Artsax Mərkəzi”nin rəhbəri kimi təqdim edən Harutyun Qriqoryan adlı şəxs çıxış üçün söz alaraq, qondarma "Dağlıq Qarabağ Respublikası"nı müstəqil ölkə kimi təqdim etməyə cəhd edib və son vaxtlar Azərbaycanın hərbi güc nümayiş etdirməsininin qarşısını almağa çağırıb.

Separatçı rejim nümayəndəsinin təxribat yönümlü bu çıxışı Azərbaycan nümayəndə heyətinin kəskin reaksiyasına səbəb olub. Azərbaycan rəsmi nümayəndə heyətinin üzvü, Prezident Administrasiyasının əməkdaşı Gülsel Səfərova veto hüququndan istifadə edərək, Harutyun Qriqoryanın çıxışını kəsib və "Artsax" adlı bir ölkənin mövcud olmadığını, həmin ərazilərin Azərbaycana məxsus işğal olunmuş Dağlıq Qarabağ torpaqları olduğunu diqqətə çatdırıb. Azərbaycan nümayəndə heyətinin etirazı ATƏT rəhbərliyi tərəfindən qəbul olunub və separatçı rejim nümayəndəsinin çıxışı dayandırılıb.

Daha sonra çıxış edən Ermənistanın ATƏT-dəki daimi nümayəndəsinin müavini David Knyazyan Cənubi Qafqazda sərbəst hərəkət azadlığı haqqında danışıb, rəsmi Bakının və Ankaranın ünvanına böhtan xarakterli fikirlər səsləndirib. David Knyazyan iddia edib ki, Ermənistan hazırda Türkiyə və Azərbaycan tərəfindən blokadaya alınıb. Bakıda keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinə diqqət çəkən erməni səfir bundan narahatlığını açıq şəkildə ifadə edib.

Əsas gərginlik isə bundan sonra yaşanıb. Belə ki, Ermənistan səfirindən sonra çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov "Cənubi Qafqazda fundamental azadlıqlar və milli insan haqları təşkilatları" barədə çıxışa başlayanda Ermənistan səfiri David Knyazyan veto hüququndan istifadə edərək, Əhməd Şahidovun çıxışının qarşının alınmasını istəyib. Səbəb kimi azərbaycanlı hüquq müdafiəçisinin digər həmkarlarından fərqli olaraq, son illər ATƏT-in toplantılarında Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayırdığı və Ermənistanın ünvanına tənqidlər səsləndirdiyini deyən erməni diplomatın vetosu tutarlı qəbul olunmayıb və söz yenidən Əhməd Şahidova verilib.

Hüquq müdafiəçisi Əhməd Şahidov çıxışında ATƏT-in baza prinsiplərindən söz açıb və separatçı rejim nümayəndələrinin bu cür beynəlxalq tədbirlərdə iştirakının yolverilməz olduğunu bildirib və bunun ATƏT-in fundamental prinsiplərinə, eləcə də ölkələrin ərazi bütövlüyünə zidd olduğunu diqqətə çatdırıb.

Daha sonra Ermənistan səfirinin fikirlərinə cavab verən Əhməd Şahidov Azərbaycanın multikultural ölkə olduğunu, bütün xalqların, o cümlədən də ermənilərin Azərbaycanda rahat şəkildə yaşadıqlarını xüsusi vurğulayıb: "Məndən öncə çıxış edən və özünü qondarma separatçı rejimin nümayəndəsi kimi təqdim edən Harutyun Qriqoryanın fikirlərinə münasibət bildirmək istəyirəm ki, Dağlıq Qarabağ və digər işğal olunmuş torpaqlar Azərbaycan Respublikasının əraziləridir. Və buradan ATƏT Katibliyinə də müraciət edirəm ki, bu kimi separatçı rejimləri təmsil edən şəxslərin tədbirlərdə iştirakının qeydiyyata alınması yolverilməzdir.

Burada əyləşən hər kəsdən tələb edirəm ki, BMT-nin məlum qətnamələrinə, ATƏT-in təməl prinsiplərinə, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətlə yanaşılsın".

Azərbaycanlı hüquq müdafiəçisinin bu çıxışından sonra separatçı rejimin nümayəndəsi Harutyun Qriqoryan zaldan çıxarılıb.

Qeyd edək ki, ATƏT üzvü olan ölkələrin qatıldığı İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi Avropada hər il keçirilən ən böyük insan haqları və demokratiya konfransıdır. Hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi tərəfindən təşkil olunan bu toplantı ATƏT üzvü olan 57 ölkə, Əməkdaşlıq üzrə ATƏT Tərəfdaşları, ATƏT-in müxtəlif strukturları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər müvafiq şəxslərin bir araya toplaşdığı, ATƏT-in insan haqları üzrə vəzifələrinin qiymətləndirildiyi, habelə mövcud problemlərin müzakirə edildiyi, faydalı təcrübələrin paylaşıldığı və gələcək inkişaf üçün qərarların verildiyi yeganə platformadır.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər