2 Oktyabr 2018 16:07
2 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ özünün istədiyi dünya xəritəsini çəkənə qədər nə Türkiyənin, nə də Azərbaycanın Çin və Rusiyaya yaxınlaşmasını istəmir. Bu məqsədlə də planlarının olduğunu düşünürəm. Bu, müstəmləkə siyasətidir.

ABŞ-da fəaliyyət göstərən Türk-Amerika Təhlükəsizlik Fondunun (TASFO) başqanı Fatih Özonur belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- ABŞ-da ermənilərin qondarma iddialarına qarşı geniş fəaliyyətlər həyata keçirirsiniz. Amerikada yaşayan Azərbaycan və Türkiyə türkləri sizə dəstək verirmi?

- Bəli, bu fəaliyyətlərimizə dəstək verən könüllü insanlar var. Onların dəstəyi sayəsində ermənilərin ABŞ-da terrorizmə, bu ölkədə fəaliyyət göstərən terrorçu qruplaşmalara dəstək verdiklərini sübut etmişik. 2001-ci ildə erməni terror təşkilatlarının partlayıcı maddələrini saxlamaq ittihamı ilə 37 ay həbs edilmiş Murad Topalyanın da bir müddət rəhbəri olduğu erməni diaspor təşkilatı ANCA-ya qarşı mübarizəmizi davam etdiririk.

Əlbəttə, vətəndaşlarımız bu fəaliyyətlərimizə dəstək verirlər. Lakin onların sayı kifayət qədər azdır. Hesab edirəm ki, bizim ABŞ kimi iri siyasi mərkəzlərdəki fəaliyyətlərimizə daha ciddi dəstək verilməlidir, daha fəal olmaq lazımdır. Xüsusilə də Dağlıq Qarabağın işğal edilməsi faktı gündəmdə saxlanılmalıdır, səssizlik nümayiş etdirmək doğru deyil, işğalçıya haqq qazandırmaq olmaz. Sosial şəbəkələrdə fərqli dillərdə Ermənistanın işğalçılıq siyasətinə qarşı fəaliyyətlər genişləndirilməli, bütün ölkələrdə Xocalı soyqırımının qəbul edilməsinə şərait yaradılmalıdır. Azərbaycanlıların soyqırımını təkcə mart ayında yox, Xocalı soyqırımını təkcə fevral ayında yox, bütün vaxtlarda nəzərdə saxlamaq lazımdır. Diaspor təşkilatları rəhbərlərinin, insanlarımızın daha iç-içə olması vacibdir. İnsanları bu istiqamətdə keçirilən kütləvi tədbirlərə, seminarlara cəlb etmək lazımdır. Kənara çəkilmək yox, iş görmək vaxtıdır.

- Ümumiyyətlə, ABŞ Azərbaycan və Türkiyəyə dair hansı mövqedə dayanır? Bunu ona görə soruşuram ki, bu iki ölkədə Amerikaya münasibətdə bir qədər ziddiyyətli yanaşmalar var.

- ABŞ-ın Türkiyəyə qarşı münasibəti məlumdur. Artıq ABŞ-ın Yaxın Şərqdə Türkiyə kimi jandarmı yoxdur. Digər yandan, İsraillə münasibətləri soyuq olan, Çin və Rusiya kimi güclərlə əlaqələrini möhkəmlədən Türkiyənin ABŞ-la münasibətlərində görünən çatlar var. Afrika və Yaxın Şərqlə bağlı strateji planlardakı fərqliliklər də tərəfləri bir-birindən uzaqlaşdırır. Artıq ABŞ-Türkiyə münasibətlərinin yaxşı olacağına qarantiya da yoxdur.

ABŞ İran faktoruna görə Azərbaycanı diqqətdə saxlamağa çalışır. Digər yandan, Azərbaycanın İsraillə isti münasibətləri və zəngin təbii ehtiyatları da ABŞ-ın diqqətini cəlb edir. Ancaq PKK terror təşkilatı ilə isti münasibətləri olan və bu radikal təşkilata öz ərazisində düşərgə qurmağa icazə verən, Yaxın Şərq və Livandakı terror təşkilatlarına açıq dəstək verən Ermənistan da var. Ermənistanı Rusiyaya vermək istəməyən ABŞ buna görə də Azərbaycana dost kimi görünməyə çalışacaq.

- ABŞ Prezidenti Donald Trampın erməniləri çox da sevmədiyinə dair fikirlər var. Bu, həqiqətdir?

- Amerika prezidenti biznesmendir, buna görə də ABŞ-ın siyasi-iqtisadi maraqlarına maddi zərər verən heç kəs onun dostu ola bilməz. Digər prezidentlərdən fərqli olaraq, Tramp ABŞ-ın keçmişdə yardım etdiyi ölkələrdən maddi qarşılıqsız dəstək istəyir. Bunu da onunla əsaslandırır ki, “Amerika sizə yardım edib, indi siz bizim yanımızda olmalısınız”.

O, PKK və YPG xaricində digər ölkələrə yardımları dayandırıb. İndi də onun fikrincə, hər il ABŞ-dan Ermənistana maddi yardım göndərən erməni diasporu bu pulları Amerikaya bağışlamalıdır, ABŞ hökumətindən pul istəməməlidir. Əgər ermənilər bunu etsə, Amerikada nəinki erməniləri sevəcəklər, hətta qondarma soyqırımı da qəbul edə bilərlər. Trampdan hər şey gözləmək olar. Prezident Tramp ABŞ-ı öz biznesindəki prinsiplərlə idarə edir, o, prezidentdən çox maddi gəlirlərini əvvəldən hesablayan biznesmenə oxşayır.

– ABŞ-ın siyasi çevrələrinin Ermənistanın yeni Baş naziri Nikol Paşinyan haqda fikirləri nədir?

- Kənarda baxanda elə təsəvvür yaranır ki, ABŞ bütün ölkələrlə uzlaşmağa çalışır, amma onun öz maraqları hər şeydən qabaqdadır. Yəni, sənin fikirlərin Amerika üçün əhəmiyyətli deyil.

ABŞ sadəcə, siyasi əxlaqa uyğun olaraq kimisə dinləyir. Haqlı olsanız belə, öz bildiklərini edəcəklər. Siyasi simaları ingilislər kimi hiyləgər olmasa da, gözlərinin içinə baxa-baxa ikili standartı ön planda saxlayacaqlarını hiss etdirirlər. Ermənistanın yeni baş naziri də ABŞ-ın onların maraqlarına cavab verməyəcəyini yaxşı bilir. Buna görə də Paşinyanın ABŞ-a hansı mövqeni sərgiləcəyəcəyi daha maraqlıdır.

- Lakin Paşinyanın hakimiyyətə gəlməsində amerikalı milyarder Corc Sorosun aktiv iştirakı hələ də müzakirə mövzusudur...

- Ermənistandakı seçkiləri və gedən prosesləri o qədər də yaxından izləmədim. Əgər söhbət Ermənistan baş nazirinin Türkiyəyə qarşı radikal mövqeyindən gedirsə, burada məsələ başqa cür ola bilər. Bu baxımdan da Türkiyəni təcrid etmək istəyən Sorosun belə bir adamdan istifadə etməyəcəyini demək də sadəlövhlük olardı. Buna görə də Paşinyanın hakimiyyətə gəlməsində Sorosun iştirak etdiyi barədə fikrinizdə haqlı ola bilərsiniz.

- Bəs ABŞ-da regionun digər ölkəsi – İran haqda nə danışırlar, yeni planları varmı?

- İran həmişə ABŞ-ın gündəmindədir, amma sadəcə olaraq, danışırlar. İrana hücum etmək, Üçüncü Dünya Müharibəsinə başlamaq deməkdir. Bu hücumu da edəcəklərini düşünmürəm. Lakin İranı daxildən Güney Azərbaycan vasitəsilə qarışdıracaqları dəqiqdir. Bunun da Suriya müharibəsindən sonra bütün dünyanın gündəmini zəbt edəcəyini ehtimal edirəm.

- ABŞ heç Fətullah Güləni də ekstradisiya etmədi...

- ABŞ Güləni Türkiyəyə verəcək, amma cəsədini verəcək.

- İstər Avropada, istərsə də Amerikada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı o qədər də sevmirlər. Bunun səbəbi nədir?

- Siz sırf müsəlman və türk olduğunuz üçün sizi təhqir edən bir insanı sevə bilərsiniz? Buna görə də cənab Ərdoğan Avropanın Türkiyəni Avropa İttifaqına qəbul etməyəcəyini çoxdan bilirdi. Lakin o, Türkiyənin Avropa İttifaqının bütün şərtlərini digər dövlətlərdən daha tez və qısa vaxtda yerinə yetirdiyini sübut etdi. Buna görə də türklərin siyasi mənada Avropada yerlərinin olmadığını, Avropanın onlara yer vermək istəmədiyini və Türkiyəyə qarşı edilən ədalətsizliklərin hamısını göz qabağına sərdi. Onun Türkiyəni PKK, İŞİD və DHKP-C terror təşkilatlarına dəstək verən, insanlarımızı sevməyən, ölkəmizi parçalamağa çalışan qütblərdən uzaqlaşdırması məni narahat etmir.

- Buna görə də hesab etmək olar ki, ABŞ-ın Türkiyə kimi, bu ölkəyə yaxın olan Azərbaycanla da bağlı planları var?

- ABŞ özünün istədiyi dünya xəritəsini çəkənə qədər nə Türkiyənin, nə də Azərbaycanın Çin və Rusiyaya yaxınlaşmasını istəmir. Bu məqsədlə də planlarının olduğunu düşünürəm. Bu, müstəmləkə siyasətidir. Türkiyə ABŞ üçün təhlükəli qüvvəyə çevrildi. Yaxın Şərq, İslam və türk dünyası coğrafiyasında artan nüfuzu ABŞ-ı narahat etməyə bilməz. Türkiyənin bu coğrafiyada yerləşən ölkələrlə köklü bağlantıları ABŞ-a təsir baxımından zərbə effekti daşıyır. Türkiyə istəsə, bu coğrafiyada Qərb imperializminə qarşı nəhəng bir hərəkatın liderinə çevrilə bilər. Hazırda da proseslər bu istiqamətdə cərəyan edir.

- Yəqin ki, ABŞ-ın PKK, PYD/YPG terror təşkilatlarına verdiyi dəstək də bundan irəli gəlir....

- ABŞ kürdləri dəstəkləmir, sadəcə olaraq, Yaxın Şərqdə İsrailə vəd edilən torpaqlar üçün irəli sürülmüş layihələri icra edir. Hazırda bu proyektin əsas iştirakçıları PKK və Suriyada fəaliyyət göstərən YPG-dir. Əgər bu təşkilatlar Amerikadan imtina etsələr, onlara qarşı ən sərt cəza tədbirləri görüləcək. Onsuz da işləri bitdikdən sonra əski parçası kimi kənara atacaqlar.

- Bəs “Kürdüstan planı”?...

- Bu plan həmişə masadadır, amma bu, saxta bir plandır, kürdlərin başını aldatmaq üçün ortaya atılıb. Sadəcə olaraq, dünyanın diqqətini İsrailin üzərinə çəkməmək üçün kənara qoyublar. Əslində məqsəd “Kürdüstan” yox, Böyük İsrail qurmaqdır. Əgər onların məqsədi kürdlərə dövlət qurmaq idisə, o zaman bu işə çoxdan Şimali İraqdan başlamalıydılar. Keçən il sentyabrda keçirilən referendum bunun üçün ideal fürsət yaradırdı. Həqiqət budur ki, Yaxın Şərqdəki yezidilər, zərdüştilər və kürdlər İsraillə bağlı planların həyata keçirilməsi üçün istifadə edilir.

- Fatih bəy, ABŞ da həyata keçirdiyiniz fəaliyyətlər ABŞ-ın siyasi dairələri tərəfindən nəzərə alınırmı?

- ABŞ öz daxilində reallaşdırılan bütün fəaliyyətləri yaxından izləyir. Bunu həm öz təhlükəsizliyi, həm verəcəyi qərar, həm də istiqaməti müəyyən etmək üçün edir. Əlbəttə, bizim fəaliyyətimizi də izləyirlər, lakin bu, bizim mövqeyimizi dəyişə bilməz. Çünki harada olursa-olsun, terrorizmi qəbul etmirik. Vətənimizdə də terror aktları törədənləri qınayırıq və bunu hər fürsətdə göstəririk.

Saxta erməni soyqırımına gəlincə, biz ABŞ və İngiltərənin bu “soyqırım”ı qəbul etməyəcəyini yaxşı bilirik. Çünki bu addımı atsalar, 1920-ci illərdə ABŞ və İngiltərə arasında Malta adası Məhkəməsi ilə bağlı teleqraf danışıqlarını masaya qoyub, öz tarixləri ilə onlara dərs verəcəyik. Buna görə də hər iki ölkə saxta soyqırımı qəbul etmir. “Soyqırım”ın ayrı-ayrı ştatlarda qəbul edilməsinə gəlincə, bu qərarları məhkəmə vasitəsilə ləğv edəcəyimizi düşünürəm. Bu, gələcək fəaliyyət planlarımıza daxildir. Vaxtı gələndə hər kəs nə baş verəcəyini görəcək.

- TASFO-nun gələcək fəaliyyəti haqda məlumat verə bilərdinizmi?

- Biz artıq sosial şəbəkələrdə yox, mədəni çevrələrdə də iş görməyə başlayacağıq. Artıq bu məqsədlə Abdullah Ayata “Sonuncu erməni” adlı kitabı ingilis dilinə çevirib. Kitab çapa hazırdır. Bu ay “Amazon” nəşrləri silsiləsində satışa çıxarılacaq. Bu ilin sonunadək PKK və erməni diasporuna qarşı foto sərgi və video çəkilişlərimiz olacaq. Layihələrimiz çoxdur. Bu haqda sizi də məlumatlandıracağıq.

Diqqətiniz üçün sizə, Teleqraf.com rəhbərliyinə və işçi heyətinə təşəkkür edirəm.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər