Gürcüstanın işğal edilən Abxaziya və Cənubi Osetiyanın pasportu ilə separatçı bölgənin nümayəndələri rahat şəkildə Ermənistana səfər edir. Bu, faktiki Gürcüstanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasına dəstəkdir. Bütün bunlar Ermənistanın havadarlığı və himayəsi sayəsində baş verir. Mən inanıram ki, Gürcüstan hökuməti bununla bağlı lazımı tədbirlər həyata keçirəcək.
Bu fikirləri Teleqraf.com-a Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev sentyabrın 27-də Suxuminin işğalının 25-ci il dönümü münasibətilə Separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın Abxaziyadakı qondarma rejimin lideri Raul Xadjimbaya göndərdiyi təbrik məktubunu şərh edərkən deyib.
Deputat bildirib ki, Suxuminin işğalı Gürcüstan üçün çox acı tarixdir:
“Hər bir azərbaycanlı üçün Şuşanın işğalı nə deməkdirsə, hər bir gürcü üçün 1993-ci il, sentyabrın 27-də Suximinin süqutu eyni mənanı verir. Suxumi həmin tarixdə Abxaziya separatçıları tərəfindən işğal olundu. Həmin ildən sonra abxazlar bu tarixi “bayram” edirlər. Onların sonuncu “bayram” tədbirlərində Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələri iştirak edib. Məndə olan məlumata görə, Qarabağdakı qondarma rejimin “xarici işlər naziri” Suxuminin süqutunun 25-ci il dönümündə iştirak edib və separatçı Bako Saakyanın təbrik müraciətini də orada oxuyub”.
Mahir Dərziyev qeyd edib ki, Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin Abxaziyaya səfər etməsi Gürcüstan qanunlarına əsasən cinayət hadisəsidir:
“Gürcüstanda mövcud qanunvericiliyə əsasən Gürcüstan hökumətinin müvafiq orqanlarının icazəsi olmadan işğal edilən ərazilərimizə səfər etmək cinayət hadisəsidir. Başqa sözlə, ortada cinayət faktı var. Qeyd edim ki, bir neçə il Abxaziyadakı separatçı rejimin nümayəndə heyəti eyni missiya ilə Dağlıq Qarabağa gedib, Xankəndində keçirilən “bayram” tədbirində iştirak edən heyət geri dönərkən Ermənistan hökumət və dövlət rəsmiləri tərəfindən yüksək səviyyədə qarşılanıb. Mətbuatda bununla bağlı informasiya və fotolar gedib. Gürcüstan hökuməti həmin dövrdə bu məsələyə çox sərt münasibət göstərib. Detallar ortaya çıxmasa da, bağlı qapılar arxasında Ermənistan rəhbərliyi ilə ciddi söhbətlər oldu.
Sonda digər bir məqam ortaya çıxıb. Sən demə, Abxaziya əhalisi separatçı rejimin verdiyi pasportla İrəvana sərbəst gedib-gəlmək imkanı əldə edib. Onların pasportunu erməni sərhədçiləri və gömrüyü rəsmi sənəd kimi qəbul edirlər və s. Bu çox ciddi faktdır. Fikrimcə beynəlxalq qurumlar da bu fakta ciddi münasibət ifadə etməlidir. Bu faktiki olaraq Gürcüstanın ərazi bütövlüyünə, suverenliyinə qarşı qəsddir. Sözsüz ki, bu Ermənistanın himayəsi və havadarlığı ilə baş verə bilər. Mən Gürcüstan hökumətinin bununla bağlı ciddi tədbirlər görəcəyinə inanıram”.
Məlumat üçün xatırladaq ki, Ermənistan növbəti dəfə Gürcüstana xəyanət edib. Belə ki, 27 sentyabr tarixi gürcü xalqı üçün ən faciəvi gün hesab olunur. Bu tarixdə separatçı abxazlar Suxxumi şəhərini işğal edib. Suxuminin işğalının 25 illiyi və Abxazıyanın yaradılmasının ildönümü münasibətilə Abxaziyadakı separatçı rejim bayram tədbiri keçirib. Abxaziyadakı separatçı qurumun lideri Raul Xadjimbayanı isə ill təbrik edən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma rejimin rəhbəri Bako Saakyan olub. Dağlıq Qarabağdakı qondarma rejimin yazışma və səfərlərinin Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirildi sirr deyil. Bununla da Ermənistan nəinki Gürcüstanın ərazi bütövlüyünə hörmət etdiyini, hətta onu pozmağa yönələn fəaliyyət göstərdiyini ortaya qoymuş olub. Bu fakt eyni zamanda uzun illərdir ki, Ermənistanın qonşu Gürcüstanın Cavaxetiya ərazisinə iddia etməsinin, perspektivdə burada separatçı ocağın yaradılmasında nə dərəcədə maraqlı olduğunun bariz nümunəsidir.