Konstantin Zatulin çox təxribatçı adamdır. Özü də anti-Azərbaycan və ermənipərəst mövqeyi ilə hər zaman fərqlənir.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, K.Zatulin tez-tez bu cür provokasion çıxışları ilə özünü gündəmdə saxlamağa çalışır:
“Mən bu adamın utanmadan işğal edilmiş ərazilərin azad edilməsinin guya Azərbaycan üçün böyük faciə ilə nəticələnə biləcəyinə dair səsləndirdiyi açıqlamasına təəccüb edirəm. O, bu açıqlama ilə ermənilərin tərəfində dayanıb. Guya Rusiya hakimiyyəti erməniləri müdafiə edəcək və indiki işğal rejimini qoruyub saxlayacaq. Bütün dünya – BMT-dən tutmuş NATO sammitlərinədək, Avropa Şurası, ATƏT Parlament Assambleyasında, Avropa Parlamentində, Qoşulmama Hərəkatında Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyirlər. Hətta, ABŞ özü də erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını birmənalı qaydada tələb edib. İndi hansısa Zatulin ermənilərdən aldığı rüşvət müqabilində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istəyini təxribatçı şəkildə şərh edib, azərbaycanlılarda qorxu hissini yaymağa çalışırsa, bu, avantüristlikdir”.
Q.Hüseynli qeyd edib ki, azərbaycanlılar bu məsələyə qeyri-ciddi adamın sərsəmləməsi kimi yanaşacaqlar:
“Necə ola bilər ki, bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikləri halda Rusiyada Zatulin kimilər bunun əleyhinə çıxırlar? Mən onun bu söyləmlərinin heç bir əhəmiyyətinin olmayacağı qənaətindəyəm. Azərbaycanla Rusiya arasında normal münasibətlər inkişaf edir. Azərbaycan-Rusiya münasibətləri hazırda postsovet məkanındakı digər ölkələrə örnək ola bilər. Bunu Rusiay Prezidenti Vladimir Putin də yüksək qiymətləndirir. Zatulin və onun kimiləri isə erməni lobbisinin sifarişi və təlimatı əsasında Rusiya ilə Azərbaycan arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərini pozmağa cəhd göstərirlər. Mən o adamı şəxsən tanıyıram, provokatorun biridir. Onun söylədiklərini ciddiyə almaq lazım deyil. O, aranı qızışdırır. Parlamentin üzvü olsa da, dövlətin adından danışmaq səlahiyyətinə malik deyil”.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının MDB ölkələri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulin Azərbaycanla bağlı xoşagəlməz fikirlər səsləndirib. O iddia edib ki, əgər Dağlıq Qarabağda müharibə başlasa, bu, Azərbaycanın dağılması ilə nəticələnə bilər. Daha sonra iddia edib ki, Azərbaycanın siyasəti sənədlərdən fərqlidir. Onun bu fikirləri haqlı qınağa səbəb olub.