26 avqust 1951-ci ildə Məhəmmədəmin Rəsulzadə “Amerikanın səsi” radiosu vasitəsilə Azərbaycan xalqına müraciət edir. Həmin səslənişdə bu günümüz üçün də aktual olan bir hissə var. Rəsulzadə deyir:
“Əziz azərbaycanlılar! Bütün dünya ilə əlaqəniz kəsilib və təklənibsiniz. Ətrafınızda sizi xarici aləmdən ayıran dəmir bir pərdə var. Başınız min bir bəla və fəlakət içindədir. Bolşevik təbliğatçıları bu bəlalı və fəlakətli yaşayışı sizə ideal bir həyat kimi qələmə verir. Sovetlərin xaricində qalan dünyadakı həyatı fəlakətdən və səfalətdən ibarət bir həyat kimi təsvir edirlər. İnanmayın, qardaşlar! Dünyada asudə yaşayan, qorxu bilməyən azad insanlar, azad millətlər və müstəqil dövlətlər var. Bu millətlərin yaşadıqları məmləkətlərdə insanın nə fikrinə, nə vicdanına, nə də imanına hücum edən yoxdur. Azad insanların birliyindən ibarət olan müstəqil millətlər özləri özlərini idarə edirlər. Məsuddurlar. Azaddırlar. Demokratiya hər cür qorxudan və məcburiyyətdən azad bir idarəetmə sistemidir. Bütün dünya bu sistemə tabe olmadıqca insanlıq rahat üzü görməyəcək. Bolşevizmin faşizmdən geri qalmayan, demokratiyanı danan qəddar və zalım rejimi əbədi qaldıqca nə insanlara azadlıq, nə də millətlərə istiqlal nəsib olacaq...
Bütün dünyanın səadəti kimi Azərbaycanın xilası da bu əsasların tamamilə gerçəkləşməsinə bağlıdır. Təkrar edirəm: insanlara azadlıq, millətlərə istiqlal!”
Rəsulzadə bu səslənişini edərkən əlinə düşən fürsəti dəyərləndirən bir lider obrazında deyildi, o həm də dediklərinin bir gün həqiqətə çevriləcəyi inancına da sahib uzaqgörən bir şəxsiyyətdi. Təsadüfi deyil ki, elə iki il sonra yenə eyni radiodan xalqına səslənərkən bu ifadələri işlətdi: “Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq. Azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inləyən əziz Vətənimizdə 1918 28 mayıs kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz, vətəndaşlar”.
71 il ərzində nə Rəsulzadənin özü, nə də Azərbaycan xalqı buna qətiyyən şübhə etmədi.
Qəribədir, Rəsulzadənin 1951-ci il 26 avqust çıxışından cəmi 40 il sonra 1991-ci il 26 avqust tarixində xalq hücumla meydanı alır. Tədqiqatçı Ədalət Tahirzadə “Meydan: 4 il 4 ay” adlı kitabında yazır: “26 avqust 1991. Azadlıq meydanı. Fövqəladə vəziyyət vaxtı ilk mitinq. Azadlıq Meydanına daxil olmuş AXC fəalları. Xalq hücumla Meydanı alır. Hər tərəfdə hərbi maşınlar, ZTR-lər, əsgərlər, milislər (Camaat onları yarıb keçir)... Meydanda təxminən 50 min adam var. Sevinc. Təbriklər...”
Nəhayət, Rəsulzadənin müjdəsini verdiyi yeni 28 may tarixi 1991-ci ilin 18 oktyabrında yazıldı. Bu tarixin atında isə geniş bir mübarizə yatırdı.
Əslində, 18 oktyabra gedən yol 27-28 aprel 1920-ci ildəki işğal günlərindən başlayır. Anadoluya yardım adı ilə Azərbaycanı işğal edən XI Qırmızı orduya qarşı elə ilk gündən mübarizə başlamışdı. Bu mübarizəni bir tərəfdən Tiflisə sığınan siyasilər, digər tərəfdən isə ölkə içində gizli təşkilat quran Müsavat firqəsi aparırdı.
Bu mübarizə Rəsulzadənin Rusiyadan Türkiyəyə qaçması ilə tamamilə yeni mərhələyə keçdi və 1955-ci ilə qədər Rəsulzadənin və digər mühacir siyasilərin öndərliyində, daha sonra isə yeni nəsillər vasitəsilə davam etdirildi. Ölkə içində isə 1937-ci ilə qədər kütləvi üsyanlar, hərəkatlar başladı, 15 ildən çox bolşevizmlə mübarizə aparıldı. Lakin 1937-ci il repressiyası, ardından II Dünya Müharibəsinin başladılması bu prosesə ağır zərbə vurdu.
18 oktyabra gedən yolun yeni mərhələsi isə 1988-ci ildə başladı.
1980-ci illərdən etibarən SSRİ-nin dağılma mərhələsinə qədəm qoyması ilə imperiyaya daxil edilən subyektlərdə milli azadlıq hərəkatları başladı. Sovet İttifaqının Konstitusiyasında dövlətlərin istədikləri vaxt ittifaqdan ayrıla biləcəyi maddəsi yazılsa da, bunun mümkünsüz olduğu, ittifaqın həqiqətdə müstəqil dövlətlərin birliyi deyil, imperiya olduğu 1923-cü ildən bəlli idi. Brejnevin ölümü ilə imperiyada açıq şəkildə üzə çıxan problemlər, iqtisadi çöküş, uğursuz Əfqanıstan müdaxiləsi SSRİ-nin dağılmasını sürətləndirdi. Digər tərəfdən XXI əsrə doğru gedərkən Qərb qarşısında antidemokratik bir ittifaqın varlığı artıq mümkünsüz hala gəlmişdi. Qərbə qarşı mübarizədə imperiyanın hərbi xərcləri artırması xalqı müflisləşdirdi, imperiyanın dağıdılmasından başqa yol qalmadı. Belə bir mərhələdə isə imperiya idarəçiləri bölgələri əldə saxlamaq, ilk fürsətdəcə yenidən ələ keçirmək üçün münaqişə ocaqları yaratmaq siyasətinə əl atdılar. 1988-ci ildə Ermənistanla Azərbaycan arasında yaradılan münaqişə Qarabağın işğalı ilə nəticələndi.
1988-ci ildə başlayan Meydan hərəkatı özü ilə bərabər yeni liderlər, təşkilatlar ortaya çıxardı. Prosesin əsas idarəedicisi olan Azərbaycan Xalq Cəbhəsi mübarizəni müstəqilliyin elanına qədər apara bildi. İmperiya isə bu addımı 20 yanvar qırğını ilə cavablandırdı.
1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilir. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmır, ya da əleyhinə səs verirlər.
Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılır və əhalinin 95%-i bu referendumda iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verir.
Konstitusiya Aktında önə çəkilən əsas məsələlər bunlardır:
Varislik prinsipi – İlk üç maddədə müstəqil Azərbaycan 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyətinin varisi elan edilir, 28 aprel hadisəsi 71 il sonra inqilab kimi deyil, işğal faktı kimi hüquqi qiymətini alır: “1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisinin zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin. Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir. SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsi imzalandığı andan etibarsızdır”.
Suverenlik prinsipi – Konstitusiya Aktının 5-ci maddəsi dövlətin ərazi bütövlüyü və suverenliyi ilə bağlıdır: “Azərbaycan Respublikasının müstəqilliyinə qarşı yönəldilən hər hansı hərəkət suveren dövlətin daxili işlərinə qarışmaqdır və beynəlxalq hüquq normalarına uyğun olaraq bu hərəkətlərə cavab verilir”.
Sahiblik prinsipi – Maddə 8-12-də Azərbaycan xalqının və dövlətin kimliyi məsələsi ilə bağlı açıqlama verilir: “Azərbaycan xalqı Azərbaycan Respublikasının ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan bütün Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir... Azərbaycan Respublikasında suveren hakimiyyət Azərbaycan xalqına məxsusdur. Azərbaycan xalqının hər hansı hissəsi, hər hansı bir şəxs suveren hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz... Azərbaycan xalqı müstəqil, dünyəvi, demokratik, unitar dövlət yaradır, bu dövlətin suveren hakimiyyəti daxili məsələlərdə ancaq hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan xalqının azad surətdə razılıq verdiyi müqavilələrdən və sazişlərdən irəli gələn müddəalarla məhdudlaşdırılır”.
İdarəçilik prinsipi–Maddə 13-də dövlətin idarəedilməsi formasına aydınlıq gətirilir: “Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətin bölünməsi prinsipinə əsaslanır. Qanunvericilik hakimiyyəti Azərbaycan Respublikasının parlamenti tərəfindən həyata keçirilir. Ali icra hakimiyyəti Azərbaycan dövlətinin başçısı olan Azərbaycan Respublikası Prezidentinə məxsusdur. Məhkəmə hakimiyyəti müstəqil məhkəmələr tərəfindən və ali instansiyada - hər birinin öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi tərəfindən həyata keçirilir”.
Azadlıq prinsipi – Maddə 19-da ölkə vətəndaşlarının hüquq və azadlıqlarından bəhs edilir: “Azərbaycan Respublikasının bütün vətəndaşları qanun qarşısında bərabərdirlər. Azərbaycan Respublikası insan hüquqlarının Ümumi Bəyannaməsinə, Helsinki müşavirəsinin Yekun aktına və hamılıqla qəbul edilmiş, başqa beynəlxalq hüquq sənədlərinə qoşularaq onlarda nəzərdə tutulan bütün hüquq və azadlıqlara vətəndaşların cinsindən, irqindən və milli mənsubiyyətindən, dini etiqadından, sosial mənşəyindən, siyasi əqidəsindən və başqa hallardan asılı olmayaraq əməl edilməsini, bu hüquq və azadlıqların maneəsiz həyata keçirilməsini təmin edir”.
Konstitusiya Aktının növbəti maddələrində isə dövlətin iqtisadi və siyasi münasibətlərindən bəhs edilir.
Maddələri qruplaşdırdığımız prinsiplərdən də görünür ki, Konstitusiya Aktı Azərbaycanı çağdaş Avropa dövləti etmək yolunda atılmış ilk mühüm hüquqi sənəddir. Ədalət Tahirzadə “Meydan: 4 il 4 ay” kitabında yazır: “Müstəqillik haqda Konstitusiya aktı yekdilliklə qəbul olundu. Maddə-maddə səsvermədən keçən akt Ali Sovet tarxində çox güman ki, belə qanuni şəkildə bəyənilən yeganə sənəddir... Həmin günün gecəsi prezident Mütəllibov televiziya ilə xalqa gözaydınlığı verdi”.
Yeni dövlətin müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə, sonra Rumıniya (11 dekabr 1991-ci il), Pakistan (13 dekabr 1991-ci il), İsveçrə (23 dekabr 1991-ci il), İran (25 dekabr 1991-ci il), ABŞ (23 yanvar 1992-ci il), Rusiya Federasiyası (10 aprel 1992-ci il - 109-cu dövlət olaraq) və başqa dövlətlər tanıdı. 1993-cü ildə Azərbaycanın dövlət müstəqilliyini artıq 116 dövlət tanıdı, 70 xarici dövlət ilə Azərbaycan arasında diplomatik əlaqələr yaradıldı.
Azərbaycan 1991-ci il dekabrın 8-də İslam Konfransı Təşkilatına, 1992-ci ilin fevralında İran, Türkiyə və Pakistan dövlətlərinin daxil olduğu İqtisadi Əməkdaşlıq Təşkilatına üzv oldu. 1992-ci il iyulun 8-də Azərbaycan Ümumavropa təhlükəsizlik və əməkdaşlıq proseslərini tənzimləyən Helsinki müşavirəsinin 1976-cı il Yekun aktına, 1992-ci il iyulun 10-da Helsinki Yekun sənədinə tərəfdar çıxdı, 1992-ci il yanvarın 20-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinə (ATƏM-ə) qoşuldu. 1992-ci il martın 2-də isə Azərbaycan Birləşmiş Millətlər Təşkilatına (BMT-yə) üzv qəbul olundu, bu təşkilatın qəbul və təsdiq etdiyi bir çox mühüm beynəlxalq konvensiya və paktlara imza atdı.
Şübhəsiz ki, Rusiyanın tərkibindən çıxıb müstəqil dövlət olmağın, üstəlik Konstitusiya Aktında 27 aprel hadisəsini işğal faktı kimi qeyd edilməsinin imperiyanın yeni varisi tərəfindən bir cəzası olacaqdı: Qarabağın bugünədək işğal altında saxlanılması...
Dilqəm ƏHMƏD
Qaynaq:
1. “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”
2. “Kafkasya” jurnalı, sayı 1, Münhen, avqust 1951
3. Ədalət Tahirzadə “Meydan. 4 il, 4 ay (Azərbaycan Xalq Hərəkatı haqqında gündəlik – qeydlər), ikinci cild (1990-1992), Bakı, 1997
4. “Azərbaycan tarixi”, VII cild, Bakı, 2008