18 Noyabr 2018 11:13
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "rəhbər"i kimi özünü təqdim edən Bako Saakyanın Parisə səfəri Fransa qanunlarına və beynəlxalq hüquqa ziddir.

Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, beynəlxalq hüquqda da, hər bir ölkənin milli qanunvericiliyində də bir terrorçunun sərbəst hərəkət etməsi, hələ üstəlik rəsmi şəxs kimi görüşlər keçirməsi cinayət və terrorizmin təbliği kimi qiymətləndirilir:

“Ona görə də Fransa Bako Saakyanın bu hərəkətlərinə göz yummaqla ikili standarlara yol verir, terrorçuya cəzasızlıq mühiti yaratmaqla Avropa dəyərlərini gözdən salır. Bununla da gələcəkdə elə Fransanın özünün də əziyyət çəkə biləcəyi etnik separatizmi təşviq edir. Fransa hökuməti Korsikada separatizmə qarşı sərt və kəskin siyasət apardığı halda, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur. O zaman əgər gələcəkdə Korsikadakı separatizm kimlərsə tərəfindən dəstəklənəcəksə, Fransa günahı elə özünün yanlış siyasətində görməlidir. Ümumiyyətlə, təəssüf edilməli haldır ki, ATƏT-in Minsk qrupunun həmsədri olan bu ölkə artıq xeyli zamandır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində tərəfsizliyini itirməyə başlayıb”.

Deputat vurğulayıb ki, Fransa Prezidenti Emmanuel Makron Frankofoniya sammitində iştirak üçün oktyabr ayında Ermənistana üç günlük səfər etsə də, Azərbaycana səfər etmədi:

“Məsələn, Rusiya rəhbərliyi həssaslığı nəzərə alaraq, tarazlı münasibəti təmin edir. Bu günlərdə regiona səfər edən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da tarazlı münasibət nümayiş etdirdi və münaqişənin həlli ilə əlaqədar obyektiv və ədalətli açıqlamalarla çıxış etdi. Ancaq Fransa nəinki obyektiv və balanslı siyasət həyata keçirir, tam əksinə, çox açıq şəkildə postsovet məkanındakı münaqişələrə münasibətdə ikili standartlara yol verir. Məsələn, Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Krımdan olan şəxslərin Fransanın ərazisinə daxil olmasına icazə verilmir. Ancaq Saakyanlar bu Avropa ölkəsində sərbəst dolaşır, görüşlər keçirir, ianələr toplayır. Bu yolverilməzdir. Bütün bunlar azmış kimi, Fransanın xeyli sayda şəhəri Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan torpaqlarındakı bəzi subyektlərlə qardaşlaşma haqqında saziş imzalayır. Azərbaycan tərəfinin beynəlxalq hüquqa söykənən etirazlarına isə sadəcə “biz Dağlıq Qarabağ adlı bir qurumu rəsmən tanımırıq” kimi quru diplomatik ifadələrlə cavab verirlər”.

H.Babaoğlu qeyd edib ki, əslində isə bütün bu hərəkətlər Fransanın Ermənistanın işğalçılıq siyasətini və etnik separatizmi pərdəarxası dəstəkləməsi kimi qiymətləndirilməlidir:

“Tərəfsizliyini itirdiyinə görə Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması ilə bağlı hüquqi prosedur işə salınmalıdır. Əks təqdirdə bu tipli gizli dəstəklər gələcəkdə açıq müstəviyə keçməklə olduqca mənfi presedent yarada bilər ki, bu da bütövlükdə Avropada, o cümlədən İspaniya, Belçika, İsveçrə və Almaniyada etnik separatçılığın yenidən güclənməsinə gətirib çıxara bilər. Bu da bütün dünyada yeni çaxnaşmaya səbəb olar. Ona görə də Avropa İttifaqına üzv olan dövlətlər daxil olmaqla, beynəlxalq təşkilatlar da Fransanın belə sürüşkən mövqeyinə qiymət verməlidirlər. Fransa unutmamalıdır ki, həm ikitərəfli qaydada, həm də Avropa İttifaqı ilə tərəfdaşlıq memorandumu çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyır və buna hörmət etməyə borcludur”.


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər