Onlar ölkəmizə qarşı bu işləri təbii ki, qrant alaraq görürdülər. Dövlətimiz, dövlət rəhbərlərimiz haqqında xoşagəlməz, radikal ifadələr işlədəndə biz deyirdik ki, onlar kimlərinsə maraqlarına xidmət edir, kimlərdənsə maliyyə alır və həmin maliyyə əsasında sifariş yerinə yetirirlər. İndi isə bunu özləri etiraf edirlər.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat qeyd edib ki, onlar bu fikirləri söyləyəndə qarşı tərəf bunun belə olmadığını deyirdi:
“Onlar deyirdilər ki, bu fəaliyyətləri Azərbaycan, Azərbaycan xalqı üçün göstərirlər. Guya Azərbaycanın daxilində olan problemləri ictimailəşdirirlər. Ancaq biz bilirdik ki, bu qətiyyən belə deyil. Bu gün onların öz aralarında yaşanan mübahisə və bir-birlərinə qarşı apardıqları mübarizə hər şeyi açıq-aydın üzə çıxarıb. Yəni, aldıqları vəsaiti bölüşə bilməmələri, bir-birlərinə qarşı irəli sürdükləri ittihamlar bunu bir daha deməyə imkan verir. Bu faktlar onların iç üzünü açıb ortaya qoydu”.
A.Badamov qeyd edib ki, Azərbaycan bu gün inkişaf edən ölkədir:
“Ölkəmizin inkişafını, sabitliyi gözü götürməyən qüvvələr çoxdur. Onlar bu maliyyəni müxtəlif şəxslərə verməklə bizə qarşı öz məqsədlərini həyata keçirmək istəyirlər. Yaşanan bu mübahisə isə onu üzə çıxarmağa imkan verdi ki, onlar həqiqətən sifariş yerinə yetirənlər, həqiqətən də kimlərdənsə maliyyə alaraq kimlərinsə maraqlarına xidmət edənlərdir. Onlar həm sifarişçilər, həm də sifarişi yerinə yetirənlər kimi xalqımızın düşmənidir və biz bunu birmənalı şəkildə hər yerdə deməliyik”.
Qeyd edək ki, Avropada yaşayan siyasi mühacir Məhəmməd Mirzəli Tural Sadıqlı haqda şok sözlər deyib. O qeyd edib ki, T.Sadıqlı dövləti söymək üçün 60-80 min avro qrant almışdı, ancaq ona cəmi 100 avro göndərib.
Səxavət Həmid