Azərbaycan mədəniyyətinin Rusiya məktəblərində təbliği, AMİİ-fondunun tərkibində bazar günü məktəblərinin təşkili, Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, Rus dili və başqa fənlərin tədrisi, “Müstəqillik Kuboku” futbol turnirinin təşkilatçısı və Azərbaycanlıların Moskva İcmasının sədri Şamil Tağıyev Publika.az-a müsahibə verib.
Şamil Tağıyev Azərbaycan mədəniyyətinin, tarixinin Rusiya Federasiyasında yayılması və tanınması istiqamətində görülən layihələr və tədbirlər barədə danışıb.
- Şamil bəy, azərbaycanlıların Moskva İcması nə zaman yaranıb və hansı istiqamətdə tədbirlər görülüb?- Azərbaycanlıların Moskva İcması artıq 4 aydır fəaliyyətə başlayıb. İcma Azərbaycan Mədəniyyət və İntibah Fondunun bazasında yaradılıb. Moskva çoxsaylı millətlərin yaşadığı meqapolisdir. Odur ki, əsasən ideoloji yöndə olan millətlərarası tədbirlərdə iştirak edirik. Bu, imkan verir ki, öz mədəniyyətimizi və tariximizi başqa millətlərə tanıdaq.
Millətlərarası layihələrdə hər il gənc şairlər və Nizami Gəncəvi adına yazarlar festivalları keçiririk. Bu festivallarda başqa millətlərin nümayəndələri də iştirak edir, onlar Nizami Gəncəvinin yaradıcılığı ilə yaxından tanış olmaq imkanı qazanır. Həmçinin Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı “Müstəqillik kuboku” futbol turniri keçirilməsi nəzərdə tutulub. Ölkəmizin təbliği üçün mütəmadi olaraq mədəniyyət günləri, musiqi festivalları və qeyri-peşəkarlar arasında Vüqar Həşimov adına beynəlxalq şahmat turniri təşkil edilir. Bütün bunlarla bərabər, universitetlərdə və dövlət məktəblərində ayda bir dəfə Azərbaycan dərsləri tədris olunur.
Artıq yeddinci ildir ki, Rusiyada azərbaycanlıların bazar günü məktəbi fəaliyyət göstərir. Rusiyada yaşayan həmvətənlərimiz, hətta digər millətlər də bazar günü məktəbində Azərbaycan dilini, musiqisini və tarixini pulsuz şəkildə öyrənə və bu xidmətdən istifadə edə bilər. Bu məktəbə maraq yüksək səviyyədədir. Azərbaycan dili dərslərində adətən anası rus, atası azərbaycanlı olan ailələrinin övladları iştirak edir. Onlar hiss edir ki, atalarının dilini öyrənmək, Azərbaycanla tanış olmaq və qohumları ilə ünsiyyət qurmaq lazımdır. Bunun üçün dili bilmək vacibdir.
- Nizami Gəncəvi adına festivallar həyata keçirdiyinizi söylədiniz. Rusların şərq ədəbiyyatına və fəlsəfəsinə marağını necə qiymətləndirərdiniz?
- Rusiyanın yeni tarixində heykəli qoyulan azərbaycanlı şairlərindən və yazıçılarından ilki Nizami Gəncəvi oldu. Nizami Gəncəvinin heykəli Moskvanın mərkəzi küçələrindən birində, Azərbaycan səfirliyinin yaxınlığında yerləşir. Sonradan Heydər Əliyev Fondunun təşəbbüsü ilə Sankt-Peterburq şəhərində onun adına böyük bir kompleks açıldı.
Bu yaxınlarda Leyla Əliyevanın təşəbbüsü ilə məşhur universitetlərin birində İmadəddin Nəsiminin büstü qoyuldu. Bundan əvvəl də “Nəsimi və Şərq fəlsəfəsi” adlı tədbir həyata keçirmişdik. Tədbirə qatılan iştirakçıların 80 faizi ruslar idi. Rusların Şərq fəlsəfəsi və Nəsimi yaradıcılığına olan məhəbbəti mənim üçün də gözlənilməz və sevindirici oldu.
- Müslüm Maqomayev, Tahir Salahov, Polad Bülbüloğlu kimi tanınmış şəxsiyyətlərin Rusiyada sevildiyi heç kimə sirr deyil. Necə düşünürsünüz, bu gün mədəniyyət xadimləri arasında onların səviyyəsinə yüksələ biləcək incəsənət nümayəndələri varmı?
- Müslüm Maqomayev, Tahir Salahov, Polad Bülbüloğlu, istərsə də Azərbaycanda böyüyüb başa çatan, milli azlıqlardan olan - Yuli Qusman yaşlı nəslin tanıdığı, həm bizim, həm Rusiya mədəniyyətinə böyük töhfələr vermiş görkəmli şəxsiyyətlərdir. Təəssüf ki, indi gənclər onların həyatı ilə az maraqlanır.
Onu deyə bilərəm ki, indiki dövrdə Elçin Əzizov və Eyvaz Yusifov kimi dahilərimiz yetişir. Onların hər ikisi Rusiyanın böyük opera teatrında baş rollarda çıxış edirlər. İdman sahəsində də böyük nailiyyətlər əldə edən idmançılarımız var.
- Diaspora sədrləri Rusiyanın ayrı-ayrı bölgələri ilə necə əlaqə yaradır?
- Bölgələrdəki diaspora sədrləri adətən bir-birini feysbuk vasitəsi ilə tanıyır və ünsiyyət qurur. Sosial şəbəkələr bizim fəaliyyətimizdə böyük rol oynayır. 2015-ci ildə Moskvada dünya azərbaycanlıların qurultayı keçirilmişdi. Belə formatda tədbirlər imkan verir ki, bir-birimizi daha yaxından tanıyaq və ictimai-siyasi layihələrdən başqa fəaliyyətlər üzərində çalışaq. Mələsən, bəzi diaspora sədrləri ya ortaq biznes qurmağa qərar verir, ya da qohumuq əlaqələri yaradırlar. Beləcə onlar arasındakı ünsiyyət və tanışlıq genişlənir.
Rusiyada qeyri-hökumət təşkilatlarına dövlət tərəfindən böyük səlahiyyətlər verilib. Təəssüflər olsun ki, bir çox diaspora nümayəndələri və rəhbərləri bundan bixəbərdir. QHT sədrləri dövlətin onlar üçün yaratdığı imkanlardan məlumatsızdır. Moskvada baş tutan dünya azərbaycanlılarının qurultayından sonra Rusiyanın 40 şəhərinə dəvət almışdım ki, Moskvada gördüyüm işlər barədə onlara məlumat verim. Biz onlarla görüşdə təmənnasız kitab və ya qəzet buraxmağın, eləcə onlara verilən digər imkanlardan yararlanmağın yollarını izah edirik.
- Azərbaycanın Rusiyadakı diasporu bu gün qarşısına hansı məqsədləri qoyub?
- Təəssüf edirəm ki, Azərbaycanın Rusiyadakı diasporu bu günə qədər Moskvada ciddi işlər görməyib. Məsələn, Astarxan vilayətində və Ulyanovsk şəhərində azərbaycanlılar üçün Bakı parkı salınıb, Heydər Əliyevin heykəli qoyulub, həmçinin ümummilli liderin adına bağça fəaliyyətə başlayıb. Arxangelsk şəhərində isə yerli hökumət azərbaycanlılara park salmaq və ya bina tikmək üçün pulsuz torpaq sahəsi təklif edib.
Moskvada bu kimi imkanlar yoxdur. Çünki diasporanın özü hansısa təşəbbüs ortaya qoymayıb. Odur ki, bu yolda ciddi addımlar atılmayıb. Moskvada azərbaycanlılara aid görülən işlər iki dövlət arasında olan razılıqların nəticəsində baş verir. Bizim başlıca məqsədimiz ondan ibarətdir ki, Moskvada hakimiyyətlə sıx əməkdaşlığa girib son 25 ildə buraxdığımız imkan və fürsətləri yenidən qazanıb bərpa edək.
- Bu yolda əldə edilən uğurlu nəticələr haqqında nə danışa bilərsiniz?
- 1937-ci ildə repressiyaya uğrayan 48 azərbaycanlı Moskva vilayətində güllələnərək adsız qəbirlərdə basdırılıb. Biz Moskva hakimiyyətindən icazə ala bildik ki, repressiyaya uğrayan azərbaycanlıların orda heykəlini ucaldaq və onların xatirəsini yaşadaq. Bunu bu günədək heç bir diaspora təşkilatı və ya qurumu həyata keçirə bilməyib. Bundan başqa, Məmmədəmin Rəsulzadənin Moskvada bir dönəm yaşadığı binada xatirə lövhəsini asmaq üçün hakimiyyətdən icazə istəmişik. Bu razılığın əldə olunması bizim üçün böyük nailiyyətlərdir.
Yaxınlarda Rusiyanın “Yandex” axtarış şirkəti azərbaycanlılara qarşı böyük təxribat etmişdi. “Azərbaycanlı kimdir” sualına axtarış verəndə bizim milləti təhqir edən və alçaldan məqalə çıxırdı. Məlum oldu ki, mətnin müəllifi ermənidir. Bir icma olaraq bu məsələni 15 dəqiqəyə həll etdik. Müraciətimizdən sonra dünya miqyasında olan “Yandex” kompaniyası bizdən üzr istədi. Ümumiyyətlə, ermənilərin azərbaycanlılara qarşı qurduğu bütün təxribatlara həmin dəqiqə müdaxilə edirik. Bizə qarşı qurulan oyunların qarşısının alınması üçün orqanlara məktublar göndərir və məsələnin tezliklə həll olunmasını tələb edirik.
Azərbaycanın suyunu içib, çörəyini yeyən, sonra buraya daş atanlar çoxdur. Onların bir qrupu da Moskvada öz təşkilatlarını yaradan talış separatçılarıdır. Onlar Ermənistanda öz radio və televiziyalarını yaradıblar. Həmçinin İrəvan Universitetində talışşünaslıq fakültəsini açıblar. Bu təşkilat Azərbaycana qarşı təbliğat aparsa da, gördüyümüz işlərin sayəsində onların nəfəsləri alınıb.
Talış cəmiyyəti təşkilatının idarə heyəti tədbir keçirtmək üçün Moskvadan onlara bina ayrılmasına icazə almışdı. Sonradan sosial şəbəkədə yayılan məlumatlardan öyrəndik ki, onlar Talış Respublikasının azadlıq gününü qeyd etməyi planlaşdırıblar. Biz dərhal məsələ ilə əlaqədar olaraq Rusiya dövlətinə, həmçinin səfirliyə və Xarici İşlər Nazirliyinə məktublar göndərdik. Tədbirə yarım saat qalmış iştirakçıları binadan çıxartdılar. Bizim də başlıca vəzifəmiz odur ki, millətimizə, tariximizə və dövlətimizə atılan çirkin iftiraların qarşını alaq.
- Erməni diasporasının azərbaycanlılara qarşı qurduğu təxribat xarakterli oyunları ilə tez-tez mübarizə aparmalı olursunuz?
- Ermənistanda hakimiyyət dəyişməsi ilə əlaqədar olaraq son zamanlarda bu kimi hallar azalıb. Hakimiyyətə gələn Nikol Paşinyan qərbyönümlü olduğundan bəzi rus maraqlarına Ermənistanda maneələr yaradıb. Bu səbəbdən də ruslar ermənilərin bütün layihələrinin dayandırılmasına qərar verib.
Nikol Paşinyanın hakimiyyətindən əvvəl isə ermənilərin tədbirlərindən xəbər tutmaq üçün sosial şəbəkələrdə, saytlarda və qruplarda hər gün monitorinq keçirirdik. Əgər həmin tədbirlər bizə zidd olarsa, lazmi orqanlara bu barədə dərhal məlumat verib qarşısının alınmasını tələb edirdik. Bu vaxta qədər edilən bütün müraciətlərimiz müsbət qarşılanıb və təxribat xarakterli tədbirlərin çoxu ləğv olunub.
Bəzən Azərbaycanla ermənilərin diasporasını müqayisə edirlər. Lakin bir faktı yaddan çıxarırlar ki, erməni diaspora fəaliyyəti yüz illik tarixə söykənir. Dövlətçiliklərdən əvvəl onlarda diaspora fəaliyyəti yaranıb. Bizdə isə diaspora hərəkatı sovet dağıldıqdan sonra başlayıb.
- Azərbaycanın diaspora fəaliyyəti güclənməsi üçün nə tələb olunur?
- İlk növbədə diasporanın əhəmiyyətini bilən kadrlara ehtiyac var. Bu, o demək deyil ki, hansısa şəhərdə yaşayan ən varlı azərbaycanlı diaspora sədri olmalıdır. Və o, sahib olduğu var-dövlət sayəsində öz ətrafına insanlar toplaya bilər. Diaspora fəaliyyəti qeyri-leqal diplomatiyadır. Diplomatların yerinə yetirə bilmədiyi bir çox işi bəzən diaspora sədrləri həyata keçirir. Odur ki, diasporada elə insanlar olmalıdır ki, diplomatiya məktəbini keçsin və digər millətlərlə ünsiyyət qura bacarsın.
- Qarabağ həqiqətlərinin Rusiya cəmiyyətində tanınması baxımından nə kimi işlər görülüb?
- Moskvanın mərkəzində hər ilk “Xocalıya ədalət”, “Şuşaya azadlıq” tədbirləri keçirilir. Qarşımıza məqsəd qoymuşuq ki, Qarabağ həqiqətlərini meydanlarda deyil, əsas elm ocaqlarında yayaq. Qarabağın tarixi Azərbaycan torpağı olduğunu hüquqi tərəfdən sübut edirik. Aleksandr Sergeyeviç Puşkinin və Aleksandr Qriboyedov kimi dahilərin əsərlərindən ermənilərin köçmə olması haqqında yazılan əsaslı dəlillər gətiririk.
- Yəqin ki, mütəmadi olaraq Rusiyada yaşayan soydaşlarımızla maraqlanırsınız. Rusiyada həmvətənlərimizə olan münasibəti necə qiymətləndiririsiniz?
- Rusların azərbaycanlılara münasibəti 10 il əvvəlki ilə müqayisədə kardinal şəkildə fərqlənir. Əvvəllər xoşagəlməz tendensiya var idi, çoxları azərbaycanlı olduğunu gizlədirdi, ya Rusiyada anadan olduğunu deyir, ya da özünü türk və iranlı kimi təqdim edirdi.
Sirr deyil ki, bir vaxtlar Rusiya bazarlarında çalışanların əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Çoxlarına məlumdur ki, Rusiyada mətbuatı bizimlə müharibə aparan ermənilərin əlində cəmlənib. Onlar bazarda çalışan azərbaycanlılar haqqında həmişə neqativ xəbərləri yazaraq rus millətində bizə qarşı nifrət hissi oyadırlar. Məişət səviyyəsində olan xırda problemləri geniş miqyasda təqdim edirdilər. Rusiyada qanun qəbul olundu ki, cinayətkarın kimliyindən asılı olmayaraq mətbuatda onun milli kimliyini vermək olmaz. Çünki bu, millətlərarası problemlərə gətirib çıxarır. Bundan sonra bu kimi hallar azaldı.
İndiki dövrə nəzər salanda görürük ki, Rusiyada böyüyən yeni nəsil başqa fikirlidir. Artıq 22 ildir ki, Rusiyada yaşayıram. Bizim təbəqədən olan nəsil universiteti bitirdikdən sonra aldığı təhsil üzrə çalışmağa və vətənini daha yüksək səviyyədə təmsil etməyə can atır. Biz öz biliyimiz intellektual meydanda istifadə etmək yollarını axtarıb tapırıq.
Bu gün Rusiyanın istər IT texnologiyaları, istərsə də səhiyyə sahəsində çalışan azərbaycanlıların sayı durmadan çoxalır. Hətta milli statistika üzrə səhiyyə sistemində çalışan azərbaycanlılar ruslardan sonra ikinci yerdə dayanır. Klinikaların sahiblərinin çoxu azərbaycanlılardır. Bu gün bazarlarda nadir hallarda azərbaycanlı görə bilərsiniz. Artıq azərbaycanlı sadəcə bazarla assosiasiya olunmur. Dövlət Dumasında 20-dən çox azərbaycanlı millət vəkili, çoxlu sayda deputat köməkçiləri, bir nazir və iki nazir müavini fəaliyyət göstərir. Bizim nəsil daha aktivdir, çünki əvvəlki kimi düşünmürük.
- Səbəb nədir?
- Əvvəlki nəsil nə vaxtsa yenidən Azərbaycana köçmək fikri ilə yaşayırdı. Odur ki, psixoloji baxımdan “çamadan əhval-ruhiyyəsində”, yəni hər il köçmək arzusunda olan insan yaşadığı yerə nə maliyyə, nə də intellektual investisiya yatırmaq istəyit. Bizim mental düşüncələrimiz onlardan seçilir, anlayırıq ki, yaşadığımız dövlətə maliyyə yatırımı etməliyik. Lakin tariximizi və doğma vətənimizi unutmamaq şərti ilə! Gənclər elə yer tutmalıdır ki, həm yaşadığı dövlətə, həm də ata-ata yurduna fayda verə bilsin.
- Rusiyaya köçmək istəyən azərbaycanlılara nə məsləhət görərdiniz?
- Hər bir azərbaycanlı Rusiyaya bir Azərbaycan vətəndaşı yox, Azərbaycan kimi gəlir. Tövsiyə edirəm ki, Rusiyaya addım atanda tək özlərini yox, öz xalqlarını da təmsil etidiyini unutmasınlar və xalqının adını daim uca tutmağa çalışsınlar. Onun hər bir yaxşı əməli yalnız özünün deyil, həm də Azərbaycanın nüfuzunu qaldırır.
Hər bir azərbaycanlının çirkin əməli və cinayəti ilk növbədə ölkəmizin adına xələl gətirir. Dövlət qurumlarında və Moskva hakimiyyətinin keçirdiyi iclaslarda azərbaycanlıların gördüyü cinayətlər bizim üzümüzə deyilir. Sözsüz ki, bu, bizim üçün utancvericidir.
Azərbaycanlının suda boğulan insanı və ya odda yanan vətəndaşı xilas etməsi, yaxud da hər hansı xeyriyyə işi görməsi bizi çox sevindirir. Dolayısı ilə bu, görə biləcəyimiz işlərin daha effektiv olmasına gətirib çıxarır.
Rusiyaya gəlməzdən əvvəl onlara Rusiya dövlətinin tarixi, mədəniyyəti və qanunvericiliyi ilə tanış olmağı məsləhət görərdim. Qanunvericilikdən xəbərsiz olan azərbaycanlılar bir müddət sonra orada qeyri-leqal hesab olunur, nəticədə deportasiya edilirlər, ya da müvəqqəti saxlanılma mərkəzlərində saxlanılır.