13 Fevral 2019 17:22
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Media rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevin yerli mediaya müsahibə verməsini müsbət dəyərləndiriblər.

Teleqraf.com media kapitanları ilə sorğunu təqdim edir:

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun sözlərinə görə, prezidentin Mirşahin Ağayevin timsalında Azərbaycan mediasına geniş müsahibə verməsi çox müsbət hadisədir: “Həm də bir ilkdir. Müsahibə özü isə yüksək səviyyədə idi. Prezident İlham Əliyev yaxşı performans nümayiş etdirdi. Leksik bazası da zəngindir”.

Baş redaktor qeyd edib ki, bu da bir ayrı məmnunluq yaradır:

“Mirşahin Ağayevi və Real TV-ni isə xüsusi təbrik edirəm. Onların mövlud günü kimi bir gündür. Böyük dəyişikliklər olur, son iki ayın təyinatlarına və prezidentin addımlarına, görüş və çıxışlarına, mesajlarına diqqət edin: Ağ İnqilabın iştirakçılarıyıq...”

“Bu fikirlər həqiqətləri dananlara yaxşı cavab oldu”

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev bildirib ki, Prezident İlham Əliyevin Real TV-yə müsahibəsində Azərbaycan mətbuatı ilə bağlı fikirləri mətbuata verilən dəyər kimi də qiymətləndirilə bilər:

“Prezident qeyd etdi ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. O da prezident kimi öz işində mediadan gələn xəbərlərə istinad edir, bəzi hallarda mediadan bir çox məsələləri öyrənir və dərhal reaksiya verir. Sirr deyil ki, Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev daim Azərbaycan mətbuatına böyük dəstək göstərib. Məhz onun ölkəyə rəhbərlik etdiyi dövrdə “KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası” qəbul edilib və onun icrasına başlanılıb. Bu konsepsiyanın əsasında Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu formalaşdırılıb. Yazılı mediaya dövlət büdcəsindən maliyyə yardımı göstərilməyə başlayıb. Jurnalistlər üçün 2 bina tikilib istifadəyə verilib, 400 nəfər jurnalist həmin binalarda mənzillə təmin edilib. Hazırda 3-cü binanın tikintisi də davam etməkdədir. Hər iki binada mənzillərin jurnalistlərə təqdim edilməsi mərasimlərində cənab prezident şəxsən iştirak edib”.

İlham Quliyev vurğulayıb ki, Prezident İlham Əliyevin mütəmadi olaraq media nümayəndələri ilə görüşləri olur:

“Dövlət başçısı media təmsilçilərini dinləyir, onların qaldırdıqları problemlərin həlli istiqamətində konkret addımlar atır. Təsadüfü deyil ki, jurnalistlər arasında keçirilən sorğularda Prezident İlham Əliyev “Jurnalistlərin dostu” seçilib. Görülən işlər nəticəsində Azərbaycan mətbuatı böyük bir inkişaf yolu keçib, həm ölkə daxilində insanların məlumatlandırılmasında, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əsas platforma rolunu oynamağa başlayıb”.

Fikrimcə, cənab prezidentin Real TV-yə müsahibəsində mediamızın bugünkü durumu ilə bağlı səsləndirdiyi fikirlər həm də son vaxtlar bu mövzuda spekulyasiyalar edənlərə, həqiqətləri danmağa çalışanlara, dövlətin media siyasətini yersiz tənqidlərə məruz qoyanlara yaxşı bir cavab oldu. Biz gördük ki, dövlət başçısı mediamızın bugünkü durumundan razıdır, mətbuatımızın cəmiyyətin həyatında önəmli rol oynamasından məmnundur.

“İlham Əliyevin mətbuata yanaşması tamam fərqlidir”

“Azadinform” İnformasiya Agentliyinin Baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Niyaz Niftiyev bildirib ki, prezidentlərin media ilə işləmək vasitələri müxtəlifdir:

“Bəziləri illik mətbuat konfransları, bir çoxları da digər vasitələrlə mətbuatla ünsiyyət qururlar. Məsələn, ümummilli lider Heydər Əliyev həm jurnalistlərlə vaxtaşırı görüşür, həm də xarici ölkələrə səfər edən zaman hava limanında onların suallarını cavablandırırdı. Prezident İlham Əliyevin mətbuata yanaşması isə tamam fərqli, yenidir. İlham Əliyev il ərzində çoxsaylı müxtəlif beynəlxalq, regional və yerli tədbirlərdə iştirak və çıxış edir. Çıxışlarının da bir çoxunda ölkədə gedən ictimai-siyasi proseslərə, islahatlara, görülən işlərə münasibət bildirir. İlham Əliyev həm də bu yolla jurnalistlərin marağına səbəb ola biləcək məsələlərə münasibət bildirməklə mətbuata çıxış imkanlarını təmin edir. Xüsusən də beynəlxalq tədbirlərdə və yaxud da Bakıda daha çox xarici mediaya müsahibələr verməklə onları maraqlandıran sualları cavablandırır.

Xatırlayırsınızsa, bir il əvvəl İlham Əliyev media ictimaiyyətinin qarşısında çıxışı zaman jurnalistləri özünün qeyri-rəsmi köməkçiləri adlandırmışdı. Prezident öz işində mediadan gələn xəbərlərə istinad etdiyini, bəzi hallarda bir çox məsələləri məhz mediadan öyrəndiyini və dərhal da reaksiya verdiyini bir neçə dəfə söyləyib”.

Niyaz Niftiyev qeyd edib ki, prezident Azərbaycan mətbuatına və jurnalistlərinə qayğı göstərməklə yanaşı, həm də özü üçün zəruri informasiyaları yerli və xarici mətbuat vasitəsi ilə öyrənir:

“Bu fikri səhv etmirəmsə, Rusiya Jurnalistlər Federasiyasının prezidenti də söyləmişdi. Söhbət əsnasında ona aydın olub ki, İlham Əliyev yerli və xarici media vasitələri ilə bağlı kifayət qədər geniş informasiyaya malikdir. Əlbəttə, zərurət yarandıqda Prezident İlham Əliyev yerli KİV vasitələrinə də müsahibələr verir. Dünən Real TV-yə verdiyi geniş müsahibə də bu qəbildəndir.

Jurnalist Mirşahin Ağayev kifayət qədər peşəkardır, dünyada və Azərbaycanda baş verən hadisələrlə bağlı hər bir azərbaycanlı jurnalistin maraqlanmaq istədiyi məsələlər ətrafında İlham Əliyevlə çox uğurlu söhbət apardı. Prezident İlham Əliyev də hər zamankı kimi münasibət bildirdiyi bütün məsələlərdə çox hazırlıqlı idi”.

“Bu, arxasında böyük mesaj gizlənən bir sıralanma idi”

Azvision.az xəbər portalının baş redaktoru Vüsal Məmmədov vurğulayıb ki, ölkə başçısının müsahibəsi həm səmimiyyəti, həm informativliyi, həm də cəmiyyətə bəzi mesajları ilə seçilirdi:

“O, elə lap əvvəldə göstərdi ki, cəmiyyətdə olan real vəziyyətdən, hətta gəzən söz-söhbətlərdən belə xəbərdardır. Tutaq ki, “Niyə prezident yerli mediaya müsahibə vermir” sualından xəbəri var və bunu çox aydın, qaneedici şəkildə cavablandırdı. Ən maraqlı məqamlardan biri onun Saray nənəni örnək göstərməsi idi. Yəni evi dağılmış, heç nəyə ümidi olmayan, 92 yaşlı bir qadın ruhdan düşmür, nikbindir - çünki əmindir ki, dövləti ona kömək edəcək. Mənə elə gəlir, burada prezidentin sətiraltında nəzərdə tutduğu, amma aşkar demədiyi fikir də var idi ki, elə isə başqa insanlar niyə ruhdan düşməlidirlər, niyə dövlətə inanmamalıdırlar?”

Vüsal Məmmədovun fikrincə, İlham Əliyev dövlət başçısıdır, hər şeyi tam açıq deyə bilməz, diplomatik danışmağa məcburdur, amma biz cümlələrin kölgəsində gizlənən mənaları da tuta bilməliyik:

“Həmin məna isə bu idi ki, vətəndaşın, xüsusilə də gənclərin dövlətə inanmaması və nikbin olmaması üçün heç bir əsas və səbəb yoxdur. Prezident gənclərimiz üçün vacib prinsipləri sayanda bilik və savadla yanaşı, vətənpərvərliyi və milli ruhu da göstərdi. Bu da təsadüfi səslənməyən, arxasında böyük mesaj gizlənən bir sıralanma idi. Yəqin gənclər onu başa düşəcək və nəticə çıxaracaqlar”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər