“Prezident İlham Əliyev bu günədək istər sosial, istərsə də digər məsələlərlə bağlı dediklərinin hamısına əməl edib. Həqiqətən də, prezident söz adamı yox, əməl adamıdır”.
Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə səsləndirdiyi fikirlər barədə Teleqraf.com-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət belə deyib.
Onun sözlərinə görə, əgər prezident bir şeyi dilə gətirib deyirsə, demək ki, artıq bu məsələ həyata keçirilir və çox qısa zamanda həyata keçiriləcək:
“Cənab prezidentin əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı sərəncamı ilə tanış oldum. Burada xeyli kateqoriyadan olan insanların sosial müavinətlərinin artırılması ilə bağlı tapşırıqları yer alıb. Hesab edirəm ki, bu sözü ilə dilə gətirməsi ilə, həyata keçirməsi arasında elə də ciddi zaman kəsimi olmadı. Faktiki olaraq, buna dediyi anda da əməl etdi. Prezident İlham Əliyev bütün məsələlərdə bu cür davranır”.
Azər Həsrət qeyd edib ki, prezident sosial müavinəti nisbətən zəif olan, yaxud bu və digər səbəblərdən sosial problemləri olan insanların problemlərinin tez həll olunması üçün operativ addımlar atır:
“Bu addım da, onlardan biridir. Düşünürəm ki, Azərbaycan dövlətçiliyi tarixində bu cür davranışlar cənab prezidentin islahatçı və insanlara daha yaxın dövlət başçısı kimi tarixdə qalmasına səbəb olacaq. O, hər bir vətəndaşın problemini şəxsi problemi kimi qəbul edir və bunun həll edilməsi üçün mümkün olan hər şeyi edir”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirib. Müşavirədə çıxış edən dövlət başçısı iqtisadi və sosial sahədə görülən və görüləcək işlərdən danışıb.
İlham Əliyev 2019-cu ilin əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənəcəyini deyib.