“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək Ermənistan Baş naziri Nikol Paşinyan çətin vəziyyətdədir”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.
Onun sözlərinə görə, Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək görüş iki dövlət başçısı arasında ilk rəsmi görüş olacaq:
“Nikol Paşinyan Qarabağ məsələsinə yanaşmada özündən əvvəlki Ermənistan rəhbərlərindən fərqlənmir və separatizmə dəstəyini nümayiş etdirir. Onun daxildəki reytinqi də əvvəlki kimi yüksək deyil. Çünki indiyədək sosial-iqtisadi və Qarabağ məsələlərinə dair verdiyi vədlərin heç birini yerinə yetirməyib. Habelə nə daxili, nə də xarici siyasətində nizam yarada bilir.
Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Nikol Paşinyan bu məsələni yaxşı bilmir. Digər tərəfdən isə Qarabağdakı separatçı rejimdən və vaxtilə hakimiyyətdə olmuş “Qarabağ klanı”ndan çəkinir. Buna görə də, münaqişənin həll prosesində müsbət irəliləyiş yaradacaq addımlar ata bilmir”.
Ramiyə Məmmədova qeyd edib ki, Ermənistan rəhbərliyinin pozuculuq fəaliyyəti fonunda Vyana görüşündən müsbət nəticə gözləmək mümkün deyil:
“Çünki Paşinyanın irəli sürdüyü təkliflər danışıqlar prosesini əngəlləyir. O, hələ də Qarabağdakı separatçı rejimin danışıqlar prosesinə cəlb edilməsinə təkid edir. Azərbaycan tərəfinin isə bu məsələyə münasibəti bəllidir və bu, bizim üçün qəbuledilməzdir. Paşinyanın öz separatçı iddiasından geri çəkilməməsi danışıqlar prosesini tormozlayır. Buna görə də, Vyana görüşündən müsbət nəticənin əldə ediləcəyi real görünmür.
ATƏT-in Minsk qrupu da, protokola uyğun olaraq öz fəaliyyətini həyata keçirir, tərəflər arasında görüşlər təşkil edir. Başqa real bir iş görmür. Paşinyanın özü də reallaşmayacaq təkliflərlə masa arxasına oturur. Onun bu görüşdə tamamilə gözlənilməz təklif irəli sürəcəyi də mümkündür. Bu, Paşinyana məsləhət verən dövlətlərin vasitəsilə ola bilər. bu baxımdan, o, Vyanadakı görüşdə prosesə adekvat olmayan məsələni müzakirəyə çıxara bilər”.
Qeyd edək ki, Azərbaycan və Ermənistan rəhbərləri arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ilk rəsmi görüş martın 29-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək.