Azərbaycanla Gürcüstan arasında delimitasiya və demarkasiya xətlərinin müəyyən olunması ilə bağlı problem yeni deyil. Güman edirəm ki, həm də siyasi məsələ deyil. Bu, sadəcə uzun zaman mübahisəli məsələ olaraq qalıb. Həm “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi ətrafında olan ərazilər, o cümlədən “Keşikçi dağ” kompleksi ilə bağlı bəzi ərazilərdə sərhəd xəttinin müəyyənləşdirilməsi ilə bağlı məsələlər var. Onu da demək lazımdır ki, Azərbaycanın da iddiaları var. Azərbaycan da Gürcüstanda müəyyən ərazilərə iddalıdır ki, filan xətt burdan keçməlidir.
Bunu Teleqraf.com-a açıqlamasında “Borçalı” İctimai Cəmiyyətinin sədri, politoloq Zəlimxan Məmmədli bildirib.
O qeyd edib ki, bu məsələlərin müzakirəsi və həlli üçün komissiya var və komissiya üzvləri zaman-zaman görüşür, müzakirələr aparırlar:
“Təbii ki, Azərbaycanın birmənalı olaraq gürcülərin “David Qareci” monastırı, bizim isə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan etdiyimiz ərazi ilə bağlı aydın mövqeyi var. Bu, qorunan tarixi abidədir və artıq bu ərazinin hansısa formada Gürcüstana verilməsi gündəmdən çıxır. Ancaq Gürcüstan tərəfi iddia edir ki, bu, tarixi gürcü abidəsidir və Tiflisin nəzarətində olmalıdır. Bu, iki dövlətin strateji tərəfdaşlığına mane olan məsələ deyil. Ayrı-ayrı məsələlərdə fikir ayrılıqları ola bilər. Bu, artıq siyasətlə bağlıdır”.
Z.Məmmədli son vaxtlar Gürcüstanla Ermənistan arasında müşahidə olunan yaxınlaşmadan da danışıb və bunun səbəblərini açıqlayıb:
“Dövlətləri daxildə aparılan islahatların fəlsəfəsinin oxşarlığı və təhlükəsizlik məsələləri strateji müttəfiq edə bilir. Həmçinin, sabaha baxışda strateji siyasətin müəyyən olunması, Azərbaycanla Gürcüstanın siyasi oriyentasiyasının üst-üstə düşüb-düşməməsi iki ölkənin strateji tərəfdaş olmasını şərtləndirir. Konkret indiki məqamda Gürcüstan Avroatlantik məkana inteqrasiya edir, artıq NATO-nun proqramındadır, alyansa üzvlük məsələsi müzakirə olunur və şengen zonasına açılıb. Gürcüstanda aparılan islahatlar Avropa İttifaqının gündəmindədir. Zaman-zaman müzakirə olunur, müəyyən layihələr təqdim olunur. Bu, artıq Gürcüstanın siyasi oriyentasiyasını aydın müəyyən edib. Ermənistan axırıncı seçkiyədək Rusiyanın patronajlığı altında olan, onun vassalı kimi çıxış edən bir dövlət idi. Artıq bu seçkidən sonra xalq hakimiyyəti qurulub, fərqli islahatlar, fərqli yanaşmalar var. Gürcüstanla Ermənistan arasında yaxınlaşmaların kökündə daxili demokratiyanın mövcudluğu və Qərb demokratik institutları tərəfindən bu seçkinin nəticələrinin qəbul olunması durur. Burda çox incə bir məsələ var. Artıq Ermənistanın siyasi oriyentasiyası tədricən postsovet məkanından aralanır, Gürcüstanla eyni məkana transformasiya edir. Bu da iki dövlətin yaxınlaşmasını şərtləndirən əsas amillərdən biri kimi dəyərləndirilə bilər. Mənim təhlilim də bunu deməyə əsas verir. Azərbaycana gəlincə, bizdə Avroatlantik məkana inteqrasiya gündəmdə yoxdur, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə əməkdaşlıq iqtisadi məsələlərdən o tərəfə keçə bilmir – MDB məkanında bir siyasi instituta oxşayır, amma bu tərəfdə GUAM modeli də var. Azərbaycan hara getməlidir? Ölkəmiz Qərbə inteqrasiya olunmalıdırmı? Azərbaycan Gürcüstanla xarici siyasətdə eyni, uyğunlaşan addımlar atmalıdırmı? Bax, bu cür məsələlər Azərbaycanla Gürcüstan arasında müəyyən psixoloji, mətbuat-informasiya savaşının, ayrı-ayrı hallarda isə müəyyən mənada antipatiya və simpatiya elementlərinin gündəmə gəlməsinə gətirib çıxarır. Ardıcıl olaraq, Ermənistanla iqtisadi münasibətlərin qurulması, Rusiya ilə Ermənistan arasında işğal olunmuş Abxaziya və Cənubi Osetiya ərazisindən keçmək şərtilə yeni yolun çəkilişi, o cümlədən Xocalı soyqırımında iştirak etmiş terrorçunun büstünün qoyulması kimi məsələlər Azərbaycanın milli maraqlarına cavab verməsə də, biz anlamalıyıq ki, o dövlətlər bizim maraqlarımız qarşısında cavabdeh də deyillər. Yəni, strateji tərəfdaşlığa gedən yolda ayrılıqlar olduğu üçün bu cür məsələlərin meydana çıxması çox təbiidir. Dövlətlərin maraqlarının, sərhədlərinin müəyyən olunması haqda bilgilərimiz deməyə əsas verir ki, bu məsələdə dövlətlər fərqli düşünə bilərlər”.
Z.Məmmədli hesab edir ki, bu mənada daha çox Azərbaycan bu barədə düşünməlidir:
“Ölkəmiz demokratik islahatlara hazır olmalıdır. Prezidentin təşəbbüsləri var. Bu təşəbbüslər hələlik sosial müdafiə, sosial yönümlü addımları əhatə edir. Bu günlərdə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalandı. Bunun ardınca digər hüquqi-siyasi islahatlar, o cümlədən siyasi dialoqlar, demokratiyanın tələblərinə uyğun olaraq digər azadlıqlar tam təmin olunarsa, mənə elə gəlir ki, bu zaman qonşularımız da bizim maraqlarımıza uyğun olmayan addımlar atmaq məsələsində kifayət qədər ehtiyatlı davranacaqlar. Azərbaycan və Gürcüstan hətta xarici siyasətlərində belə strateji tərəfdaş kimi davranmalı, eyni oriyentasiyalı olmalı, seçdikləri məkanla, 50-100 illik gələcəklərinin müəyyən olunması ilə bağlı çox aydın, şəffaf, ortaq bir mövqe ifadə etməlidirlər. Azərbaycan və Gürcüstan fərqli düşərgələrə düşərlərsə Ermənistan kimi destruktiv ölkəninn mövcudluğu şəraitində Cənubi Qafqazın gələcəyi ciddi sual altına düşə bilər”.