22 İyun 2019 09:10
1 585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağa görə iki Cənubi Qafqaz ölkəsi olan Ermənistan və Azərbaycan arasında münaqişə regionda qeyri-sabit vəziyyətin yaranmasına gətirib çıxaran ən faciəli və uzun müddət davam edən münaqişələrdən biridir. 1994-cü ildə Dağlıq Qarabağ münaqişəsini dayandırmaq üçün tərəflər arasında əldə olunmuş atəşkəs razılaşmasından sonra Azərbaycan və Ermənistan bu qanlı münaqişəni sülh yolu ilə həll etmək məqsədi ilə diplomatik səylərə start verdilər.

Bu fikirləri Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Şahmar Hacıyev deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Fransa və Rusiya) vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında sülh danışıqları onilliklər ərzində davam edir və bu proses sülhə nail olmaq istiqamətində hələ heç bir ciddi nəticə vermir:

"Münaqişə zonasında mövcud status-kvonun saxlanılması Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətinin davam etdirilməsi və işğalçılıq siyasətinin legitimləşdirilməsi məqsədi ilə bu günə kimi əsasən Ermənistan rəhbərliyi tərəfindən dəstəklənir. Lakin 2016-ci ilin aprelində baş vermiş “4 günlük müharibə” mövcud status-kvonun nə qədər təhlükəli olduğunu nümayiş etdirib.

2018-ci ildə Ermənistanda baş vermiş “məxməri inqilab” nəticəsində “Qarabağ klanı”nı təmsil edən Serj Sarkisyan hökumətinin devrilməsindən sonra yeni baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlişi Yerevanda yeni hökumətin əvvəlki işğalçı siyasətinə son qoyaraq sülhü seçəcəyinə dair ümidlər yaratmışdı.

Ermənistanda baş vermiş “məxməri inqilab” dan sonra 2018-ci il iyul ayının 11-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Brüsseldə ilk görüşü keçirildi. Görüş zamanı əsasən mövcud danışıqlar formatının davam etdirilməsi, danışıqlar prosesinin irəli aparılması üçün növbəti addımlara dair fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın ilk rəsmi görüşü mart ayının 29-u 2019-cu ildə Vyanada baş tutdu. Prezident İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində “Biz insanlararası təmaslar zamanı etimad tədbirlərinin möhkəmləndirilməsinə dair məsələləri müzakirə etdik. Əsas odur ki, danışıqların formatı dəyişilməz qalır. Danışıqlar uzun illər olduğu kimi, Ermənistanla Azərbaycan arasında aparılır”,- deyə bildirdi.

Təəssüf ki, bütün yuxarıda qeyd olunan danışıqlara və müsbət fikirlərə baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan münaqişə ilə bağlı işğalçılıq siyasətini davam etdirməyə üstünlük verdi. Daha sonra o, hətta "sülh üçün torpaq" müzakirəsinə razılaşmayacağını vurğuladı".

Politolqun sözlərinə görə, Nikol Paşinyanın işğal olunmuş ərazilərdə yaradılmış separatçı rejimi danışıqlar prosesinə cəlb edilməsi tələbi ilə münaqişə zonasında status-kvonu qorumaq məqsədi daşıdığı aydın görünür:

"Proseslər aydın şəkildə göstərir ki, Ermənistandakı yeni hökumət Azərbaycanla sülh əldə etmək üçün kompromisə hazır deyil. Konstruktiv danışıqlar əvəzinə nifrətə üstünlük verirlər. Buna misal olaraq, 29 may 2019-cu il tarixində Bakıda keçirilən UEFA Avropa Liqasının finalında “Arsenal” Futbol Klubunun erməni əsilli futbolçusu Henrik Mxitaryan Azərbaycan hökumətinin zəmanət verdiyi yüksək təhlükəsizlik təminatına baxmayaraq, Bakıya səfər etmədi. Futbolçunun seçimini yalnız "çirkli" siyasi oyunun bir hissəsi kimi qəbul etmək olar.

Nikol Paşinyan da hətta öz “tvitter” səhifəsində Mxitaryanın mövqeyini yüksək qiymətləndirdi. Baxmayaraq ki, bir çox erməni idmançıları Bakı 2015 Avropa Oyunlarında və Azərbaycanda təşkil edilmiş bir sıra beynəlxalq tədbirlərdə iştirak ediblər və onlar üçün heç bir təhlükə yaranmayıb".

Şahmar Hacıyevin sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı təxribatı davam edir: "ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana səfəri zamanı, 30 may 2019-cu il tarixində düşmən tərəfdən açılan snayper atəşi nəticəsində Azərbaycan ordusunun zabiti şəhid oldu. İyunun 9-da isə düşmən snayper atəşi başqa bir əsgərimizi şəhid etdi və Ermənistan Müdafiə Nazirliyi Azərbaycan əsgərini öldürən şəxsi mükafatlandırdı.

Bu hadisələr Ermənistan tərəfdə də oxşar itkilərə səbəb olub. Bundan əlavə, 12 iyun 2019-cu ildə Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları zamanı Ermənistan Silahlı Qüvvələri “Osa” zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrini vurmağa cəhd etdi.

Sadalanan bütün faktlar təsdiq edir ki, Ermənistanın yeni hökuməti köhnə mexanizmə sadiqdir və de-fakto Dağlıq Qarabağı müstəqil tərəf kimi təqdim etməklə danışıqlar formatını dəyişmək və münaqişədə status-kvonu saxlamağa çalışır.

Hesab edirəm ki, bu münaqişə hər iki xalqın iztirabına səbəb olub və müharibə davam etdiyi müddətdə hər iki tərəfdən itkilər yenə olacaq. Ermənistanlı jurnalist, ictimai xadim Suzan Caginyan qeyd edib ki, Sarkisyan və Köçəryan xalqı məhv edir, əgər onlar öz hakimiyyətlərini davam etdirsələr, gələcəkdə erməni xalqı olmayacaq.

“Məxməri inqilab”dan sonra erməni xalqı bir rejimi dəyişdirməyə müvəffəq olub və indi Ermənistanın yeni hökuməti əhalini sülhə hazırlamaq və regional iqtisadi əməkdaşlıqdan faydalanmaq üçün bütün imkanlara malikdir. Dağlıq Qarabağ münaqişəsi həll edildikdən sonra erməni xalqı Azərbaycanın mövcud regional iqtisadi əməkdaşlıq imkanlarından digər tərəfdaşlarla birgə faydalana biləcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər