“Ərdoğan ABŞ-a ən uğurlu səfərini həyata keçirdi. Bu, Türkiyə tarixinə qızıl hərflərlə yazılan bir səfərdir. Baxmayaraq ki, ABŞ hazırda dünyada hegemon statusda çıxış etməyə çalışır, onun prezidenti də qeyri-adekvat addım atsa da belə, Ərdoğanla hesablaşmalı oldu”.
ABŞ və Türkiyə prezidentləri arasında keçirilən görüş haqda Teleqraf.com-a danışan politoloq Cümşüd Nuriyev belə deyib.
Ekspert Vaşinqtonda baş tutan görüşün bir neçə istiqamətdə Türkiyənin lehinə olduğunu bildirib:
“Birinci, Ərdoğan oktyabr ayında Trampın ona göndərdiyi mıəktubu özünə qaytardı. Yəni, Trampın yekə-yekə danışdığı sözlərin hamısını özünə geri verdi.
İkinci, bu səfərdən sonra Senat Nümayəndələr Palatasında qondarma erməni soyqırımı ilə bağlı qaldırılan məsələni blokladı. Senatorlar bu qərarı Ərdoğanla görüşəndən sonra verdi. Bu da ermənilərə çox ciddi bir zərbədir.
Üçüncü, Ərdoğan müstəqil bir dövlətin prezidenti olduğunu sübut etdi. Yenidən Rusiyadan “S-400” sistemlərinin alınacağını gündəmə gətirdi və imzalanmış müqavilənin sonadək həyata keçiriləcəyini açıqladı. Ərdoğan başa düşür ki, ABŞ-ın təklif etdiyi “Patriot” sistemləri “S-400”-lərdən zəifdir, həm də etibarlı deyil. Yəni Türkiyəni cəzalandırmaq istəsə, bunu sıradan çıxarmaq imkanları var. Buna görə də Ərdoğan Türkiyənin dövlət marağını hər şeydən üstün tutdu”.
Dördüncü faktora gəlincə, Cümşüd Nuriyev qeyd edib ki, görüşdə ABŞ və Türkiyə arasında ticarət dövriyyəsinin 100 milyard dollar çatdırılması razılaşdırılıb:
“Bununla da ABŞ iqtisadi maraqlarını siyasi maraqlardan üstün tutduğunu bir daha təsdiq etdi. Tramp da göstərdi ki, o, prezidentdən daha çox biznesmendir. Siyasi biznes üstündə iqtisadi biznes qurmaq bacarığını da vurğulamaq lazımdır.
Beşinci, Ərdoğan Rusiya ilə olan müttəfiqliyini müdafiə etdi. Yəni, buna görə güclü bir dövlətin qarşısından geri çəkilmədi. Ərdoğan dünyaya Türkiyənin güclü bir dövlət olduğunu təqdim etməyi bacardı.
Altıncı, görüşdən sonra ABŞ-ın müdafiə naziri Mark Esper Türkiyə ordusunun NATO daxilindəki fəaliyyətini yüksək qiymətləndirdi. O, Türkiyənin etibarlı və vacib müttəfiq olduğunu dedi. Bu o deməkdir ki, onlar Türkiyəni özlərinə bərabər gücdə dövlət olduğunu etiraf etmək məcburiyyətində qaldı”.
Politoloq Türkiyə prezidentinin səfərinin ABŞ-ın YPG terror təşkilatına münasibətini dəyişəcəyini də bildirib:
“Düzdür, görüşdən sonra Pompeo bildirdi ki, YPG-yə dəstəyi davam etdirəcəklər, amma Ərdoğan bunun da qarşısına çıxa bildi. Çünki Ərdoğan Suriyadan olan 2 milyona yaxın qaçqını YPG-dən azad edilən ərazilərdə - bufer zonada yerləşdirəcək. Başqa sözlə, Ərdoğanın bu səfərini triumf adlandırmaq olar. Bu, Ərdoğanın hakimiyyətdə olduğu 16 il ərzində həyata keçirdiyi ən uğurlu səfəridir”.