13 Fevral 2020 21:15
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir dairə üzrə 10 namizəd mübarizə aparırsa, bu rəqabətin göstəricisidir. Seçki qabağı təbliğat-təşviqat zamanı münasib olmayan havada insanlar gəlirsə, fikirlərini bildirirsə, bu böyük addım hesab olunur”.

Bunu Teleqraf.com-a açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib. O Perzident İlham Əliyevin Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılış mərasimində seçkilər barədə fikirlərini təsdiqləyib: “Mən seçkiləri müşahidə etməsəm də, seçki prossesi ilə bağlı rəyləri görmüşəm. Yekun rəylərdə beynəlxalq təşkilatların əksəriyyəti, ayrı-ayrı ölkələrdən gələn parlament nümayəndələrinin əksəriyyəti seçkinin demokratik və azad keçirildiyini bildirdilər”.

Əliməmməd Nuriyev həmçinin ATƏT-in seçki prossesi barəsində səsləndirdiyi fikirlərə münasibətini bildirdi: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da öz rəyini verdi. Ayrı-ayrı istiqamətlərdə tərəqqinin olması, qaçqın və məcburi köçkünlərin seçkilərdə iştirakının təmin edilməsi, müvafiq tədbirlərin görülməsi barədə məqamları dilə gətirdilər. Hətta işğal olunmuş əraziləri də qeyd etdilər.

Eyni zamanda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bəzi iradlarını da bildirdi. Bunlar da təşkilati və texniki xarakterli iradlardır”.

Politoloq seçki prosesində baş verən qanun pozuntularına da toxundu: “Biz də düşünürük ki, seçkidə prosedur təşkilati, texniki xarakterlidir və istənilən ölkədə pozuntular baş verir. Əsas məsələ pozuntuların aşkar edilməsi və həmiş şəxslərin məsuliyyətə cəlb edilməsidir. Hazırda MSK araşdırmalar aparır və bəzi məntəqələr üzrə nəticələrin ləğv edilməsi ilə bağlı qərarlar var. İclaslar davam edir, ümid edirəm ki, bu sosial şəbəkələrdə namizədlər tərəfindən verilən şikayətlər araşdırılacaqdır”.

Əliməmməd Nuriyev bildirdi ki, MSK qanun pozuntularına sərt reaksiya verir: “ Qərarlar qəbul edildikdən sonra nəticələr konstitutsiya məhkəməsinə təqdim ediləcək. Konstitutsiya məhkəməsi məsələyə baxıb, 10 gün müddətində qərarını verəcəkdir.

Əminəm ki, bu proses daha tez bir müddətdə başa çatacaqdır. Güman edirəm ki, şikayətlər obyektiv qiymətləndirilərək hüquqi nəticələrini tapacaq. Çünki bu gündəmdə olan məsələdir. Seçkilərlə bağlı texniki təşkilatı işlər yüksək səviyyədə quruldu”.


Müəllif: Aysel Azad