Teleqraf.com-un suallarını Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı cavablandırıb:
- Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş Naziri Nikol Paşinyan arasındakı ilk dəfə açıq debat formatında müzakirəni necə dəyərləndirirsiniz?
- Azərbaycan Prezidenti İlham Əliyev və qonşu ölkənin Baş Naziri Nikol Paşinyan arasında keçirilən debat göstərdi ki, Ermənistan tərəfi həm tarixi, həm də hüquqi-siyasi baxımdan haqsızdır. Paşinyan özünün çox bəsit, primitiv çıxışı ilə bir daha təsdiq etdi ki, Ermənistan işğalçı dövlətdir, Azərbaycana qarşı hərbi təcavüz edib, ərazilərini zəbt edərək, əhalisini məcburi köçkünə çevirib. Nikol Paşinyan hər sözü ilə gülünc vəziyyətə düşür, Azərbaycan Prezidentinin yanında çox aciz görünürdü. Cənab prezidentimiz tutarlı, tarixi, rəsmi sənədlərlə Ermənistanın işğalçı, Dağlıq Qarabağ regionunun isə əzəli Azərbaycan torpağı olduğunu bir daha dünya ictimaiyyətinə nümayiş etdirdi. Prezident İlham Əliyev dünya miqyasında olan görkəmli dövlət və siyasi xadimdir, beynəlxalq siyasəti mükəmməl bilir və Paşinyanı onunla heç müqayisə etmək də doğru deyil. Cənab prezidentimiz özünün həm nitqi, həm də müasir diplomatiyada olan “bədən dili” ilə millətimizə və dövlətimizə başucalığı gətirdi. Hesab edirəm ki, bu debat Ermənistanın növbəti diplomatik-siyasi məğlubiyyətidir.
- Sizcə, Paşinyanın eradan əvvəlki dövrə ekskurs etməsi nəyə xidmət edir?
- Ümumiyyətlə, Paşinyanın çıxışı onun savadsızlığını, həm tarixi, həm də müasir siyasəti anlamadığını göstərdi. O qədər gülünc danışırdı ki, onun bütün sözləri ikrah hissi doğururdu. Hər hansı bir münaqişəni eramızdan əvvəl olmuş və ya olmamış hadisələrdən misallar gətirərək, “tənzimləmək” gülüncdür. Bu adamın BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin olmağından xəbəri yoxdur.
- Paşinyanın tez-tez mifik Tiqrandan bəhs etməsi nəyə hesablanıb?
- Tarixi saxtalaşdırmağa çalışan Paşinyanın “Böyük Tiqranın dövründə regionda yalnız iki millət var idi: ermənilər və gürcülər” deyə səsləndirdiyi fikir tamamilə yalan üzərinə qurulub və heç bir tarixi fakta əsaslanmır. Tarixdə “Böyük Ermənistan” deyilən anlayış olmayıb, bu, ermənilərin uydurmasıdır. İndiki Dağlıq Qarabağ ərazisi erməni etno-mədəni arealına daxil olmayıb. Ermənilər Cənubi Qafqaza çar Rusiyası tərəfindən köçürülüb və yerləşdiriliblər. Paşinyan çıxışı ilə göstərdi ki, onun tarixi biliyi yoxdur və sıfır səviyyəsindədir. Əgər, Paşinyan gerçəkliyi bilmək istəyirsə, çar Rusiyası dövründə, eləcə də 1903-cü ildə çap olunan xəritələrə baxa bilər. Həmin xəritədə erməni dilində erməni toponimi varmı?! Təbii ki, yoxdur, çünki ermənilər Cənubi Qafqaza gəlmədirlər və onlar burada heç bir qurucu iz buraxmayıblar. Ona görə də Paşinyanın söylədikləri cəfəngiyyatdan başqa bir şey deyil.
- Sosial mediadakı müzakirələrdə Tiqranla bağlı köməkçisinin suflyor vasitəsilə Paşinyana xatırlatdığı bildirilir. Paşinyan həqiqətən Tiqran barədə məlumatlı idimi?
- Paşinyanın tarixi bilikləri orta məktəbin ən zəif şagirdinin bildiyi qədərdir. Tarixi biliyi olsaydı, bu şəxs danışarkən Qafqaz Albaniyasını gözünün önünə gətirərdi. Qafqaz Albaniyası Azərbaycan dövlətidir. Bir daha qeyd edirəm, tarixdə “Böyük Ermənistan” heç vaxt olmayıb, Paşinyanın dediyi zamanlarda Cənubi Qafqazda erməni ünsürü mövcud deyildi.
- Ermənistanın Baş Naziri Naxçıvanla bağlı da iddia irəli sürdü. Naxçıvana ermənilər nə vaxt köçürülüb?
- Hamı bilir ki, Naxçıvan qədim Azərbaycan torpağıdır, Naxçıvana ermənilər Şimali Azərbaycan çar Rusiyası tərəfindən işğal edildikdən sonra, Osmanlı və Persiya ərazisindən köçürülüb. Bununla bağlı rəsmi sənədlər mövcuddur. Əgər, Paşinyan bunu bilmirsə, bu, onun problemidir. Yox əgər, bilib demirsə, bu da onun riyakarlığıdır. Küçədən hakimiyyətə gəlsə də, düşünürəm ki, Paşinyan bu tarixi faktları bilməmiş deyil. Ermənilərin I Dünya Müharibəsi illərində də Naxçıvana köçürülməsinə dair çoxlu faktlar var. Ermənilər Naxçıvanda heç bir zaman aborigen olmayıb. Naxçıvanın aborigen əhalisi Azərbaycan türkləridir. Paşinyan Naxçıvandan ermənilərin getməsini iddia edir, amma görünür bilməmiş deyil ki, 1988-ci ildən sonra Ermənistandan təqribən 200 mindən çox azərbaycanlı vəhşicəsinə qovulub. Ermənistanda Azərbaycan tarix və mədəniyyət abidələri yerlə-yeksan edilib, qəbiristanlıqlar dağıdılıb. Bu, erməni vandalizminin bir nümunəsidir.
- Ermənistan rəhbərinin Xankəndi ilə bağlı dediklərinə Azərbaycan Prezidenti tutarlı cavab verdi və bu qədim şəhərin adının etimologiyasını izah etdi. Rəsmi sənədlərdə Xankəndinin adının dəyişdirilməsi faktı öz əksini necə tapıb?
- Ermənilər təkcə Azərbaycan ərazilərinə deyil, regiona köçürülmədilər. İndiki Azərbaycanın Dağlıq Qarabağ regionunda ermənilər çar Rusiyası tərəfindən yerləşdiriliblər və onların yaşadıqları yerlərin adı tarixi, qədim adlar hamısı türk adlarıdır. Ermənilərə aidiyyatı yoxdur. İndiki qondarma qurumun inzibati mərkəzi olan Stepanakertin ilk adı Xankəndi olub. Yəni Qarabağ xanının şərəfinə Xanın kəndi adlandırılıb. Sonradan muxtar vilayət yaradılandan sonra Stepan Şaumyanın şərəfinə Stepanakert kimi dəyişdirilib. Bunu sübut etməyə ehtiyac yoxdur, Xankəndinin Stepanakert adlandırılmasına dair rəsmi sənədlər mövcuddur. Əgər, Paşinyan bunu bilmirsə, götürüb həmin sənədləri oxuya bilər.