7 Mart 2020 08:23
3 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com politoloq Toğrul İsmayılla müsahibəni təqdim edir:

- Toğrul bəy, nəhayət, Rusiya və Türkiyə liderləri İdlib məsələsində anlaşma əldə etdi. Siz, yeni Moskva anlaşmasını necə qiymətləndirirsiniz?

- Mən bunun atəşkəs kimi qiymətləndirirəm. Buna barış və həll məsələsi kimi yanaşmıram. Başqa sözlə, bu İdlib və ya Suriya probleminin həlli deyil. İndiki mərhələdə hər iki tərəfə atəşkəs lazım idi. Çünki ortada gərginlik mövcud idi. Türkiyə tərəfi səhnədə üstünlük əldə etmişdi, qarşı tərəf hücuma hazır deyildi. Odur ki, atəşkəs əldə olundu.

- Siz demək istəyirsiniz ki, Moskvada razılaşma deyil, sövdələşmə əldə edilib?

- Bəli, mən belə qiymətləndirirəm.

- Moskvada Türkiyə istədiklərini əldə edə bildimi?

- Əslində hər iki tərəf istədiyini əldə etdi. Ona görə də sövdələşmə əldə olundu. Hələ “Zeytun budağı” əməliyyatı zanmanı PKK/YPG təhlükəsini önləməyə çalışan Türkiyə addım atan kimi amerikalılar sahəni tərk etdilər və öz yerlərini müttəfiqi olan türklərə deyil, ruslara verdilər. Bununla da şərtlər dəyişdi. İndi həmin bölgədə Rusiya hərbi bazalar yaratmaq istəyir. Dolayısı ilə M5 və M4 şosesi olduqca vacib idi ki, bu məsələ də həllini tapdı. Bu sövdələşmə daha öncə Astana və Soçu anlaşmasının davamıdır. Hər iki tərəf istədiyini əldə etdi.

-Ancaq bəzi tənqidlər də səslənir...

- Sözsüz ki, burada müəyyən tənqidlər ola bilər və bu, anlaşılandır. Məsələn, Prezident Ərdoğanın Moskvaya səfər etməsi, Putinin sövdələşməni Yekaterinanın heykəli altında imzalaması və s. Əslində bu rus toplumuna verilən mesajdır və belə şeylər Türkiyəni narahat etmir. Çünki bu keçmişdə qalan bir məsələdir. Amma son hadisələr odur ki, Türkiyə ən müasir texnologiya ilə Rusiyanın hərbi gücünün nə qədər zəif olduğunu ortaya qoydu. Bu mənada simvolizm Rusiya üçün önəmlidir. Fikrimcə, Ərdoğanın da Moskvaya getməsi bir növ Putinin prestijini zəiflətməmək məqsədi daşıyırdı. Çünki vəziyyət gərgin idi və tərəflərdən birinin bu məsələnin üzərindən keçməsi lazım idi. Mən özüm də televiziya kanallarında açıq bildirmişdim ki, görüşün Soçidə, Moskvada deyil, İstanbul və ya Ankarada, eləcə də üçüncü ölkədə olması daha məqbuldur. Ancaq daha vacibi vəziyyətin həllidir. Atəşkəs əldə olundu və bu, davamlı görünməsə də, müharibədən daha yaxşıdır.

- Ankaranın vacib tələblərindən biri Əsəd ordusunun İdlib ətrafını boşaldaraq Astana razılaşmasındakı sərhədlərinə çəkilməsi idi. Nədən bu məsələdə Türkiyə sona qədər dirəniş göstərmədi?

- Bir daha qeyd edirəm ki, biz atəşkəsdən danışırıq. Tərəflər bir-birinə sərt mesajlar verərlər, amma sonda vəziyyətə, əldə etdiyi nailiyyətə görə anlaşma imzalayarlar. Yəni Türkiyənin tələbi o mənada təmin edildi ki, bu protokol Soçi anlaşmasının davamı kimi qəbul edilir. Dolayısı ilə kağız üzərində olsa da, davamlılıq qəbul edilib.

İkincisi, Türkiyə daha bir şey əldə etdi. Əvvəl Türkiyə İdlib ətrafında sadəcə müşahidə məntəqələrinə sahib idi və orada məhdud sayda əsgəri var idi. Son hadisələrlə Ankara ordusunu da İdlibə sala bildi. Artıq Türkiyənin orada ordusu var. Hesab edirəm ki, bu amil də Türkiyə üçün çox əhəmiyyətlidir. Və əsas hədəf olan M4 şosesi iki tərəfin nəzarəti altında olacaq. Bura Rusiya üçün vacib və strateji yerdir. Ruslar buranı əldə etməyə çaslışırdı. Ancaq irəlidə yenidən qarşıdurma nöqtəsi ola biləcəyi üçün M4 üzərində ikitərəfli nəzarət qarşıdurmanı zəiflədə bilər. Məsələn, PKK/PYD olan bölgələrə silah axınına Türkiyə bu yol vasitəsilə nəzarət edə biləcək.

- İdlib ətrafında Türkiyənin hərbi müşahidə postları var. Bu postlar fəaliyyətini davam etdirəcək. İş ondadır ki, Bəşər Əsəd qüvvələri bu postların əhatəsində dayanıb. Bu məsələ necə tənzimlənəcək?

- Türkiyə Prezidenti açıq bildirdi ki, Bəşər Əsəd qüvvələri bu postlara bir şey eləsə, misilləməsi ilə cavabını alacaq. Bu da siz deyənin cavabı.

- Təcrübə göstərdi ki, Rusiya və Türkiyənin İdliblə bağlı anlaşması dayanıqlı olmur və sonda müharibə ilə nəticələnir. İndiki atəşkəs sazişinin ömrü nə qədər olacaq?

- Bunun da ömrü uzun olmaz. Amma real sahədə Rusiya tərəfi Türkiyənin texnoloji gücünü gördüyü üçün ona qarşı müdafiə sistemləri üzərində düşünəcək. Çünki Rusiyanın hədəfi bu bölgəni tamamilə nəzarəti altına almaq və ora nəzarət etməkdir. Amma unutmayaq ki, artıq işin içinə amerikalılar da daxil olub. Məsələn, amerikalılar aktiv olaraq Türkiyəyə gəldilər, hətta bu bölgəyə getdilər və var olduqlarını ifadə etmək istədilər. Yəni burada xəritələr, strategiya yenidən müəyyələşdiriləcək.

- Bəşər Əsəd son müsahibəsində Türkiyə ilə dialoqa hazır olduğu mesajını verdi. Bundan sonra Ankara ilə Dəməşq arasında dialoq başlana bilərmi?

- Xeyr. Dialoq söhbət mövzusu ola bilməz və Türkiyəni də heç kim başa düşməz. Ərdoğan üçün bundan sonra Əsəd rejimi ilə razılaşmaq əhəmiyyətsiz olar. Mümkündür ki, ikinci və ya üçüncü şəxslər səviyyəsində kontaktlar olsun. Amma birinci şəxslər səviyyəsində dialoq mümkün deyil.

- Soçi və Astana razılaşmasına əsasən, Türkiyə İdlibdəki radikal terrorçularla real müxalifətçiləri ayırmalı idi. Yeni atəşkəs razllaşmasından sonra bu məsələ hansı formada həll ediləcək?

- Əslində atəşkəsdə bu məsələ də öz yerini tapıb. Terror qruplarının müəyyənləşdirilməsi BMT çərçivəsində olacaq. Ola bilsin ki, bu dəqiq ifadə deyil. Bu, həm də tərəflər arasında fikir ayrılıqlarını ortaya qoyan məqamdır.

- Nə mənada?

- Rusiya İdlibə toplaşan hər kəsi terrorçu gözündə görür. Türkiyə isə israr edir ki, beynəlxalq çərçivədə tanınmış terror qrupları ilə mübarizə aparılmalıdır.

Əslində sizə deyim ki, İdlibdə əvvəlki qaydada terror qruplaşmaları yoxdur. Daha doğrusu, Suriya rejiminə qarşı radikal qruplar var və bunların dini radikalizmlə əlaqəsi yoxdur. Onların müxalifətə daha yaxın olduqlarını qeyd edə bilərik. Həm də onların strukturları daim dəyişir. Yəni amorfdur-qarışıqdır, dəyişə bilər, strukturlarını dəyişir və s. Odur ki, onları müəyyən etmək çətindir.

Ruslar isə İdlibdə olan bütün müxalifəti terrorçu adlandırır. Türkiyə isə buna imkan vermir.

- Moskvadakı anlaşma Türkiyəyə İdlibdən olan qaçqın axınını dayandıra biləcəkmi?

- Hesab edirəm ki, dayandıra biləcək. Maddələrdən biri də könüllü şəkildə geri qayıtmaq istəyən qaçqınlara köməklik etməkdir. Bu çox önəmli maddədir. Əslində bu bir növ problemi Rusiyanın üzərinə atmaq kimi oldu. Yəni məsuliyyət Rusiya ilə paylaşıldı.


Müəllif: Nemət

Oxşar xəbərlər