8 Aprel 2020 17:43
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda həyata keçirilən siyasi strategiyanın prioritetlərindən birini insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması təşkil edir və bu humanist addım dövlətimizin ali prinsiplərindən biridir. Ölkə Konstitusiyasının böyük hissəsinin məhz insan hüquqlarına həsr olunması da bundan xəbər verir. Bu amil dövlətimizin insan haqlarının qorunmasına nə qədər böyük önəm verdiyinin göstəricisidir. Eyni zamanda, insan hüquqlarının təminatı ilə bağlı Azərbaycanda güclü hüquqi baza da formalaşdırılıb. Həyata keçirilən bütün tədbirlər hər bir vətəndaşın hüquqlarının müdafiəsinə yönəlib.

Humanizm ənənələrinə sadiqliyi ilə dünyaya nümunə olan Prezident İlham Əliyevin 2020 – ci il aprelin 6-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı bunu bir daha təsdiqlədi. Sərəncama əsasən 176 məhkum, o cümlədən 165 kişi və 11 qadın cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Bir hüquq müdafiəçisi kimi bu humanist addımı alqışlayıram.

Dünyanı koronavirus epidemiyası bürüdüyü bir vaxtda ölkə başçısının belə bir humanist addımı beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. İlk növbədə, ona görə ki, bu sərəncam koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olanlara yaşı 65-dən yuxarı məhkumlara da şamil olunub.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 17 ildə 34-cü əvf sərəncamını imzalaması insan amilinə verilən yüksək dəyərin göstəricisidir. Dövlət başçısının indiyədək 4 min 871 şəxsi əfv etməsi onun insanpərvər siyasətinin təzahürüdür. Həm Prezidentin, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərdən bu vaxta qədər 40 min 412 şəxs bəhrələnib. Bu illər ərzində 8 min 580 nəfər məhkumun öz ailəsinə qovuşması insan hüquqlarının müdafiəsi istiqamətində dünyaya nümunədir.

Bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən zəngin hüquqi baza mövcuddur. Bu hüquqların həyata keçirilməsi ilə bağlı konkret hüquq müdafiə mexanizmləri fəaliyyət göstərir. Həmçinin bu yönümdə tədbirlərin həyata keçirilməsi ilə bağlı dövlətin siyasi iradəsi də mövcuddur. Bu istiqamətdə davamlı olaraq islahatların həyata keçirilməsi də bundan xəbər verir. Həmin islahatlar nəticəsində qanunvericilik aktları daha da təkmilləşdirilərək müvafiq beynəlxalq sənədlərə uyğunlaşdırılır, o cümlədən əhalinin hüquq və azadlıqları daha yüksək səviyyədə təmin olunur.

Azərbaycan Konstitusiyasında da insan hüquq və azadlıqlarının təminatı, eyni zamanda, ölkə vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsi dövlətin ali məqsədi olduğu öz əksini tapıb. Bu ali məqsədin təmini istiqamətində mütəmadi olaraq konkret addımların atılması yüksək dəyərə malikdir. Dövlət başçımızın növbəti əfv sərəncamı da bu humanist tədbirlərin bir nümunəsidir.

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru


Müəllif: Teleqraf.com