24 Aprel 2020 10:30
6 955
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənilərin son günlər bu qırıcılardan tez-tez danışmaları “görməmişin oğlu oldu” söhbətinə bənzəyir. Hələ 2014-cü ildə bu təyyarələr Rusiya tərəfindən Azərbaycana təklif olunub. Amma texniki parameterlərinə və digər amillərə görə, Azərbaycan bu qırıcıları almaq istəmədi. Əvəzində isə Rusiya başını sığallayıb onları Ermənistana satdı”.

Hərbi ekspert Rəşad Süleymanov belə düşünür. Onun Teleqtaf.com-a müsahibəsini təqdim edirik:

- Türkiyənin İdlibdə Suriya ordusuna qarşı dronlarla keçirdiyi son əməliyyatlar effektli oldu. Sizcə, bu taktikadan Qarabağda istifadə etmək mümkündürmü: istər Azərbaycanın dron potensialı, istərsə də coğrafi şərtlər baxımından?

- Türkiyənin “Bahar Qalxanı” əməliyyatı Azərbaycan hərbçiləri tərəfindən də yaxından izləndi və təhlil olundu. Bu əməliyyatdan sonra Müdafiə Nazirliyində keçirilən kollegiya iclasında müdafiə nazirimiz general-polkovnik Zakir Həsənov də qeyd etdi ki, Türkiyənin Suriya əməliyyatlarındakı təcrübəsi, orada istifadə olunan müasir silah və texnikaların Azərbaycanda tətbiqi imkanları öyrənilməli və əldə edilməlidir. Pilotsuz Uçuş Aparatlarından (PUA) istifadə Azərbaycan üçün yeni deyil. Həm 2016-cı ildə qısamüddətli aprel döyüşlərində, həm əvvəlki illərdə, həm də sonra Azərbaycan ordusu cəbhə xəttində PUA-lardan istifadə edib.

Aprel döyüşlərində Azərbaycanın Dövlət Sərhəd Xidməti dünya tarixində ilk dəfə olaraq, düşmənə qarşı kamikadze PUA-larından istifadə etdi. Bunun da çox gözəl nəticələri oldu. Türkiyənin Suriyadakı əməliyyatlarında diqqəti cəlb edən mühüm məqamlardan biri PUA-ların digər qoşun növləri ilə koordinasiyalı tətbiqi idi. Türk ordusu eyni zamanda, dron sürülərindən istifadə elədi və Türkiyənin milli istehsalı olan dronları əməliyyatlarda özünü müsbət mənada göstərdi. Suriya ordusunun “Buk” zenit-raket, “Pansir-S1” zenit-raket-top komplekslərinin məhv edilməsində bu PUA-ların mühüm rolu oldu. Hansı ki, adı çəkilən ZRK-lərin təyinatı da, bilavasitə hava hücumu vasitələri, o cümlədən PUA-larla mübarizədir. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyatlar zamanı Suriyanın 8-ə qədər zenit-raket kompleksi PUA-lar vasitəsilə məhv edilib.

Hər bir silah üçün ən gözəl və uğurlu reklam onun döyüş əməliyyatlarında tətbiqidir. Məndə olan məlumatlara görə, Türkiyənin bu əməliyyatda istifadə etdiyi bəzi silahlar, o cümlədən peyk üzərindən idarə olunan “Anka-S” PUA-ları, pilotsuz aparatların silahlanmasındakı idarə olunan sursatlar, artilleriya və radioelektron mübarizə vasitələri Azərbaycanın da marağına səbəb olub. İdarəetmə peykdən olduğuna görə, “Anka-S”-in uzaq məsafələrdən idarə edilməsi mümkündür. Eyni zamanda, mürəkkəb radioelektron mühitdə qarşıya qoyulan tapşırıqları yerinə yetirə bilən “Anka” PUA-larının kəşfiyyat-müşahidə, radioelektron kəşfiyyat və sair variantları var. PUA “Roketsan” şirkətinin istehsalı olan yüksək dəqiqliyə malik idarə olunan “MAM-L” və “MAM-C” döyüş sursatları ilə silahlandırılır ki, bu da 8 km məsafədən zirehli və zirehsiz hədəfləri vurmağa imkan verir.

Etiraf etməliyik ki, düşmən işğal edilmiş Qarabağ ərazilərində ciddi hava hücumundan müdafiə, həmçinin PUA-larla mübarizə məqsədi ilə Rusiyadan alınmış “Avtobaza” və “Repleent” adlı radioelektron mübarizə sistemləri yerləşdirib. Suriyada olduğu kimi həmin sistemlərin yerinin aşkarlanması və məhv edilməsində PUA-ların imkanlarından istifadə oluna bilər.

Onu da qeyd edim ki, 10 ildən çoxdur Azərbaycan da özünün PUA-larını istehsal edir. Artıq özəl şirkətlərimiz də müəyyən layihələrə başlayıblar. “Azeltech” şirkəti kiçik və orta ölçülü kamikadze dronların yaradılması ilə məşğuldur. Sürü halında hərəkət edəcək bu dronlar düşmənə ciddi zərər yetirəcək.

Onu da deməliyəm ki, Qarabağdakı növbəti əməliyyatlar Suriyadakından tam fərqli olacaq. Qarabağda düşmənin 25 ildir qurduğu eşalonlaşmış müdafiəsi var. Düşmən relyef üstünlüklərinə malikdir. Ərazidə çox sayda tank və zirehli texnikalar, raket-hava hücumundan müdafiə sistemləri yerləşdirib. Qarabağın coğrafiyası Suriyadakı kimi düzəngah deyil. Dağlıq, sıx meşəlik ərazilər çoxdur, hansı ki, düşmənin öz qüvvələrinin maskalamasına imkan verir. Buna görə də bizi Qarabağda asan döyüş gözləmir.

- Qarabağın coğrafi cəhətlərinə toxundunuz, bu baxımdan üstünlük kimin tərəfindədir: Azərbaycan, yoxsa Ermənistanda?

- Bu gün faktiki olaraq, düşmən relyef üstünlüyünə sahibdir. Bizi qarşıda yüksələn dağ silsilələri gözləyir. Məsələn, sizinlə danışdığım bu dəqiqələrdə mən Füzulidəyəm. Qarşımda 20-25 km uzaqlıqda Ərgünəş dağı yüksəkliyi var. Bu yüksəklik həm düşmən, həm də bizim üçün böyük əhəmiyyət daşıyır. Bu strateji yüksəkliyə sahib olsaq Füzuli, Cəbrayıl, Qubadlı istiqamətində ordumuzun yolu açılmış olacaq. Eləcə də ermənilərin kompakt şəkildə yaşadıqları keçmiş Hadrut rayonunun avtomatik şəkildə boşaldılması deməkdir. Ərgünəş cənubda Qarabağ üçün ən mühüm yüksəklikdir.

Şimalda Murov dağı silsiləsi var. Kəlbəcərin giriş qapısı sayılan Ömər aşırımı, Xocavənd istiqamətində Qızılqaya, Ağdamda Fərrux dağı yüksəkliyi uğrunda 1992-1994-cü illərdə gərgin döyüşlər gedib. “Google” üzərindən müşahidələr də göstərir ki, ermənilər ötən dövrdə həmin yüksəkliklərdə ciddi müdafiə mövqeləri yaradıblar. Bu da qarşıdakı müharibənin asan olmayacağını deməyə əsas verir.

Qəbul edilmiş aksiomadır: nə qədər artilleriya, aviasiya bombalayır bombalasın, əsgərin ayağı dəyməyən yer işğaldan azad edilmiş sayılmır.

- Bəs Naxçıvan istiqamətində vəziyyət nə yerdədir?

- Naxçıvan istiqamətində həmişə vəziyyət Azərbaycanın xeyrinə olub. Hazırda orada düşmən üzərində həm mövqe, həm də böyük psixoloji üstünlüyümüz var, qarşı tərəfi gərginlikdə saxlaya bilirik. Ermənistanın rəsmi qurumlarının açıqlamalarından da görürük ki, düşmən faktiki olaraq Naxçıvan istiqamətindən narahatdır. Bunun ilk səbəbi orada ordumuzun böyük imkanlara malik olmasıdır, ikincisi isə Türkiyənin Naxçıvana qarantorluğu faktorudur. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu kifayət qədər güclü döyüş potensialına, güclü hərbi texnika və döyüş vasitələrinə sahibdir. Bu gün Naxçıvan ordusunun arsenalında olan raket-artilleriya sistemləri İrəvanın istənilən nöqtəsini nöqtə dəqiqliyi ilə vurmağa imkan verir.

Onu da qeyd edim ki, Naxçıvan tərəfdən ordumuzun irəliləyişi təkcə Günnütlə məhdudlaşmır. Günnütdən əvvəl həm Sədərək, həm Ordubad, həm də Şahbuz istiqamətlərdə də ordumuz öz mövqelərini irəli çəkib, strateji yüksəkliklərdə möhkəmlənib.

- Ermənistan tərəfi zaman-zaman Rusiyadan “SU-30” qırıcıları alması ilə öyünür, hələ də erməni mediasında bununla bağlı müzakirələr gedir. Bəs vaxtilə Azərbaycan bu qırıcını almaqdan niyə imtina etdi, bizim coğrafiyada bu texnika nə qədər effektlidir?

- Ümumiyyətlə, ermənilərin son günlər bu qırıcılardan tez-tez danışmaları “görməmişin oğlu oldu” söhbətinə bənzəyir. Hələ 2014-cü ildə bu təyyarələr Rusiya tərəfindən Azərbaycana təklif olunub. Amma texniki parameterlərinə və digər amillərə görə, Azərbaycan bu qırıcıları almaq istəmədi. Əvəzində isə Rusiya başını sığallayıb onları Ermənistana satdı. Ordu rəsmilərimizin sözlərinə görə, bu növdən olan qırıcıların Azərbaycan üçün ən uyğun olanı, ordumuzun arsenalında olan “SU-25”-lər hesab olunur. Azərbaycan döyüş təyyarələrini tamamilə müasirləşdirib. Silahlanmada olan “SU-25” qırıcıların yalnız füzelyajı və mühərriki orijinalında olduğu kimi saxlanıb. Müasirləşdirilmiş təyyarələrə gecə və gündüz döyüş aparmaq, hətta idarəolunan raketlər atmaq imkanları qazandırılıb. General-polkovnik Zakir Həsənov özü də bildirdi ki, bizim ərazilərimizə ən uyğun olan bu təyyarələrdir.

“SU-30”ların istifadə və qəzalarına baxdıqda bu qırıcıların tez-tez qəzaya uğraması hallarını görərik.

- Azərbaycana daha hansı ölkələrdən fərqli döyüş təyyarələri təklif olunur?

- Əlbəttə, təkliflər var. Rusiyadan Azərbaycana təklif olunan “MİQ-35” və “SU-35” təyyarələri yeni nəsildir. Düşünürəm ki, Azərbaycan bu təyyarələri də yaxından incələməlidir. Rusiya ilə yanaşı, xaricdən olunan təkliflər arasında İsveçin “SAAB” şirkətinin istehsalı olan JAS-39 “Grippen” təyyarəsi var. Bu da yeni nəsildir və dünyada ən çox diqqət olunan qırıcılardan biridir. Həmçinin “Eurofighter” Konsorsiumu “Typhoon”, Pakistan “JF-17” təyyarəsini Azərbaycana təklif edib. Azərbaycanın “JF-17 təyyarələrinin potensial müştəriləri sırasında olduğunu deyə bilərəm.

Təkliflər kifayət qədər çoxdur. Mənim subyektiv fikrimdir ki, biz artıq rus təyyarələrindən imtina etməliyik. Bu gün Rusiyadan alınan hansısa helikopter və təyyarəyə Qərb ölkələrindən, məsələn, İsrail və ya Türkiyə istehsalı olan hər hansısa bir avadanlığı inteqrasiya etmək üçün, o texnikaları istehsal edən zavoddan sertifikasiya almaq tələb olunur. Xaricdən alınan raket sistemlərinin yeni rus təyyarələrinə inteqrasiyası zamanı müəyyən problemlər yaşana bilər. Məsələn, “SU-30 SM”-lərin alınmamasının bir səbəbi də bununla bağlı idi. Mütəxəssislər deyirlər ki, Rusiya tərəfi həmin sistemləri inteqrasiya etmək üçün lazım olan kodları tələb edir. Amma heç bir ölkə NATO və ya Qərb ölkələrindən alınan silahların kodlarını Rusiyaya vermir. “JF-17” təyyarəsi isə həm keçmiş sovet (indiki Rusiya), Çin, Pakistan, Türkiyə, hətta NATO ölkələrinin istehsalı olan idarə olunmayan və olunan raketlərdən istifadə etməyə imkan verir.

Onu da deyim ki, bu ilin yanvar ayında cənab prezidentin İtaliyaya səfəri zamanı bu ölkənin “Leonardo” şirkəti ilə “M-346” reaktiv təlim-döyüş təyyarələrinin alınmasına dair müqavilə imzalanıb. “M-346” qırıcıları bu gün dünyada qəbul edilən, seçilən nümunələrdən biridir. Bu təyyarələrdən həm reaktiv döyüş təyyarələrinin pilotlarının hazırlanması, həm də döyüşlərdə istifadə eləmək mümkündür. Təyyarə həm də idarəolunan və olunmayan döyüş sursatları ilə silahlandırıla bilir. Düşünürəm ki, Azərbaycan bu təyyarələr vasitəsilə aviasiyanın inkişafında Qərbə doğru istiqamət götürdüyünü ortaya qoydu. Növbəti mərhələlərdə biz habelə, Pakistanla yeni müqavilələrin imzalanmasının şahidi olacağıq. Fikrimcə, Azərbaycan rus təyyarələrinə meylli olsaydı, “M-346”-ların yerinə, Rusiyadan “YAK-130” təyyarələri alınardı.


Müəllif: Mənsur Rəğbətoğlu