5 May 2020 15:18
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti artıq 7 aydır ki, Qoşulmama Hərəkatına sədrlik edir. Dövlət başçımız bu vəzifədə də kifayət qədər təşəbbüskar, çevik və dinamik siyasətçi kimi çıxış edir. Azərbaycan bu günlərdə həqiqətən də çox böyük bir təşəbbüsü reallaşdırdı. Bu təşəbbüslərin nəticəsi kimi mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda zirvə görüşü keçirildi.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, bu təşəbbüs Azərbaycanın imicinə müsbət çalarlar gətirən, ölkəmizin dünya miqyasında fəal və dinamik oyunçu kimi qəbul edilməsininin növbəti bir mərhələsi idi:

“Açıq demək lazımdır ki, belə bir tədbirin həyata keçirilməsi sözsüz ki, tarixə düşəcək bir addım oldu. Qoşulmama Hərəkatında Azərbaycanın nüfuzunu xeyli qaldırdı. Bu zirvə görüşündə bir çox beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər. Xüsusilə bu görüşdə BMT Baş katibinin video-müraciətinin yayımlanması çox müsbət hal kimi qəbul edilməlidir. Eləcə də BMT Baş Assambleyası prezidentinin zirvə toplantısında iştirakı və çıxışı çox ciddi, diqqətəlayiq hadisələrdən biri idi. Bunu nəzərə alaraq İlham Əliyev cənabları yeni bir təşəbbüslə çıxış edərək bildirdi ki, yaxın vaxtlarda Qoşulmama Hərəkatına üzv ölkələrlə BMT Baş Assambleyasının “Koronavirusa qarşı birləşək” devizi altında birgə iclası da keçirilə bilər. Çünki BMT üzvlərinin 2/3 hissəsini Qoşulmama Hərəkatının üzvü olan ölkələr təşkil edir. Onların timsalında BMT Baş Assambleyasının sessiyasının keçirilməsi pandemiya ilə mübarizədə önəmli rol oynaya bilər. Bu təşəbbüs də qəbul edildi və yəqin ki, onun da keçirilməsi yaxın vaxtlarda baş tutacaq”.

Politoloqun sözlərinə görə, diqqət çəkən amillərdən biri də ilk dəfə Qoşulmama Hərəkatının tədbirində Avropa İttifaqı nümayəndəsinin iştirak etməsindədir:

“Avropa İttifaqının rəsmisinin zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq oldu. Müzakirələrdə, həmçinin, Afrika İttifaqının sədri, Asiyadan Təmas Qrupuna daxil olan çoxsaylı dövlət və höküumət başçıları çıxış etdilər. Bütövlükdə bu çıxışların hamısında belə bir görüşün keçirilməsinin çox müsbət əhəmiyyət daşıdığı və koronavirusla mübarizəyə mühüm töhfələr verəcəyi qeyd edildi.

Ümumdünya Səhiyyə Təşkilatının sədri Tedros Adhanom Qebreyesus da Azərbaycan Prezidentinə öz təşəkkürünü bildirdi və qeyd etdi ki, belə bir zirvə toplantısının keçirilməsi çox müsbət haldır, pandemiya ilə mübarizədə önəmli rol oynayacaq. Ölkəmizin ÜST-yə əlavə olaraq 5 milyon dollar ianə ayırması və bu vəsaitin Azərbaycanla razılaşdırmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələrə göndərilməsininin nəzərdə tutulması çox müsbət haldır. Bununla bağlı olaraq həm Azərbaycan xalqına, həm də onun liderinə təşəkkürünü bildirdi”.

Qabil Hüseynli bildirib ki, sammitin keçirilməsi Azərbaycanın beynəlxalq münasibətlərdə dinamik rol oynadığını və bu dinamizmin hər gün yeni keyfiyyət çalarları ilə zənginləşdiyini göstərdi:

“Xüsusilə, Azərbaycanın dövlətlərarası münasibətlərin, əlaqələrin inkişafında oynadığı rol çox diqqətəlayiqdir. Qoşulmama Hərəkatına sədrlik edəndən bəri Azərbaycan Prezidenti bununla bağlı çox ciddi və diqqətçəkən addımlar atıb. Bütün bunlar onu göstərir ki, ölkəmiz artıq regional səviyyəli oyunçudan qlobal səviyyəli oyunçuya çevrilmək istiqamətində inamlı addımlar atır. Bu cür təşəbbüslər və addımlar ölkəmizin imicini qaldırmaqla yanaşı Prezident İlham Əliyevin də bu məsələlərdə çox dinamik rol oynadığını əyani şəkildə sübut edir”.

Politoloq qeyd edib ki, sammitdə Prezident İlham Əliyevin Azərbaycanda pandemiya ilə mübarizə tədbirlərinə dair geniş məlumat verməsi böyük önəm daşıyır:

“Çünki bu təcrübə dünyanın əksər ölkələri, o cümlədən Qoşulmama Hərəkatı və postsovet məkanında çox diqqətlə izlənilir və müsbət qarşılanır. Bu təcrübənin önəmli olduğunu və qabaqcıl təcrübə kimi öz ölkələrində tətbiq edəcəklərini vurğulayırlar. Zənnimcə, sammitdə Azərbaycan təcrübəsindən geniş bəhs etməsi, ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlərini açıqlaması çox böyük əhəmiyyətə malikdir və ölkələr tərəfindən maraqla qarşılandı. Qeyd edim ki, bundan bir müddət öncə – aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə zirvə görüşünün keçirilmişdi. Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda zirvə görüşünün keçirilməsi sözsüz ki, dünyada çox böyük rezonans doğurub və Azərbaycanın siyasi çəkisini xeyli artırıb. Zirvə görüşü nəticəsində gələcəkdə Təmas Qrupunun tematik alt işçi qruplarının da təsis edilə biləcəyi fikrinin səsləndirilməsi, pandemiyadan ən çox zərər görən ölkələrə yardım edilməsi istiqamətində təkliflər hazırlanması da sammitin mühüm praktiki addımlarından biri kimi qiymətləndirilə bilər”.

Politoloq sonda deyib: “Ümumiyyətlə zirvə görüşü həm koronavirusa qarşı müabrizə ilə bağlı, həm də bütövlükdə Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin beynəlxalq miqyasda nüfuzunun artmasında və bütövlükdə ölkəmizin beynəlxalq münasibətlərdə oynadığı rol yeni dinamizm verilməsi baxımından böyük əhəmiyyətə malikdir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər