6 May 2020 09:14
1 644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Azərbaycanın Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, yazıçı Tural Rzayev cavablandırıb. Müsahibəni təqdim edirik:

- Cənab səfir, koronavirus pandemiyası ilə əlaqədar Misirdəki son vəziyyətlə bağlı məlumat verməyinizi istərdik. Yumşalma meylləri bu ölkədə də hiss olunurmu?

- Misirdə COVID-19 infeksiyasına yoluxanların sayı 6813 nəfərdir. İndiyə qədər 1632 nəfər sağalıb, 436 nəfər vəfat edib. Misirdə də karantin rejimi elan olunub. Hava limanları xarici uçuşlara bağlıdır. Dövlət qurumlarında məhdud sayda əməkdaş növbətçilik prinsipi ilə fəaliyyət göstərir. Kütləvi tədbirlərin keçirilməsi qadağandır. Axşam saat 19:00-dan səhər saatlarına qədər komendant saatı tətbiq olunur. Xəstəliyin yoluxmasında müəyyən müsbət dinamika müşahidə olunduğu üçün böyük ticarət mərkəzlərinin fəaliyyətinə səhər saatlarından saat 17:00-a qədər icazə verilib. Təhsil müəssisələrində isə tədris prosesi dayandırılıb. Hələlik bütün qadağalar may ayının 11-nə qədər nəzərdə tutulub. Amma bu qadağaların ayın sonuna qədər uzadılması gözlənilir.

- Misirdə yaşayan həmvətənlərimizin durumu necədir? COVID-19-a yoluxan azərbaycanlı var?

- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Misir Ərəb Respublikasının Xarici İşlər Nazirliyinin tövsiyələrinə görə, səfirliyimiz növbətçilik prinsipi ilə ev şəraitində onlayn rejimdə işləyir. Misirdəki vətəndaşlarımız üçün 24 saat fəaliyyət göstərən qaynar xətt təşkil olunub. Konsulluq qeydiyyatımızda 48 nəfər mövcuddur. Onlardan 9-u Qahirədə təhsil alan tələbələrimizdir. Onlarla müntəzəm şəraitdə əlaqə saxlanılır. Səfirliyimiz vətəndaşlarımıza evdə qalmalarını tövsiyə edir. Vətəndaşlarımıza imkanlarımız daxilində hər növ köməklik göstərilir. Səfirliyimizə daxil olan digər müraciətlər isə Azərbaycan XİN-in qaynar xəttinə və Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanlandırılır. Allaha şükür olsun ki, həmvətənlərimiz arasında virusa yoluxan yoxdur.

- Azərbaycan Prezidenti İlham Əliyevə təşəbbüsü ilə qlobal COVID-19 problemi ilə əlaqədar Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünə Misir Prezidenti Əbdül Fəttah Əs-Sisi də qoşuldu. Misir mediası Zirvə görüşünü necə işıqlandırdı?

- Misir Ərəb Respublikasının Prezidenti cənab Əbdül Fəttah Əs-Sisinin də iştirak etdiyi Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfransı Misir KİV-lərində geniş işıqlandırıldı. Misir KİV-ləri prezidentimizin bu təşəbbüsünü yüksək qiymətləndirdi. Videokonfrans zamanı Misir prezidentinin iş otağından video və fotolarr də müxtəlif media quruluşlarının saytlarında yerləşdirilib. Prezident Əs-Sisi ilə birlikdə Xarici İşlər naziri cənab Sameh Əş-Şükrü və prezidentin səhiyyə məsələləri üzrə müşaviri Məhəmməd İvad Tacəddin də videokonfransı izləyiblər. Misir Prezidenti Əbdül Fəttah Əs-və Azərbaycan xalqını Ramazan ayı münasibəti ilə təbrik edib. Tədbir Misirdə çıxan qəzetlər, o cümlədən “Cumhuriyyə”, “Ahbar al yaum”, “Yaum7”,” Əl Əhram”, “Şuruk”, “Əl Vaft”, “Düstur” nəşrlərində öz əksini tapıb.

- Bir sıra yaradıcı şəxslər karantin rejimini yaradıcılıq üçün fürsət sayırlar. Sizin qənaətiniz necədir? Yazıçı kimi bu periodu necə dəyərləndirirsiniz?

- Açığı, hazırkı şəraitdə yaradıcılıqla məşğul olmaq alınmır. Amma əlbəttə, ağlımda müəyyən mövzular, planlar var.


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər