Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, komitənin sədri Ziyafət Əsgərov gündəliyə “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə” Qanun layihəsi və “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokolun təsdiq edilməsi barədə” Qanun layihəsinin çıxarıldığını bildirib.
Komitə sədri deyib ki, birinci sənəd Azərbaycan və Türkiyə arasında uzun illər mövcud olan dostluq əlaqələri çərçivəsində hərbi əməkdaşlığı daha da möhkəmləndirmək və Azərbaycan Ordusunun inkişafına töhfə vermək məqsədi daşıyır.
İkinci sənəd isə iki ölkə arasında təhlükəsizlik üzrə əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir.
Fikir mübadiləsindən sonra hər iki sənəd Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.