2020-ci ilin I rübü Türkiyənin maliyyə sistemi üçün ağır olub. Bunun kökü pandemiyadan qaynaqlanmasa da, karntin rejiminin də “töhfəsi” az olmayıb. Lirə üzərindəki təzyiq mart ayında da davam edib. I rübdə lirənin dollar qarşısında rəsmi məzənnəsi 10,5% ucuzlaşıb. Bunun səbəbini tədiyyə balansının pisləşən məlumatlarında görmək olar”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev deyib.
Onun sözlərinə görə, mart ayında cari hesablar balansının kəsiri 4,9 milyard ABŞ dollarını ötüb:
“Halbuki ötən ilin martında kəsir cəmisi 120 milyon dollar olub. Ümumiyyətlə isə bu ilin I rübü üzrə kəsirin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə artaraq 416 milyondan 7,6 milyarda yüksəlib. Kəsirin artmasına əsas səbəbi ixracın azalması, idxalın isə artmasıdır. Ötən ilin yanvar-mart ayında əmtəə və xidmətlərin balansında mövcud olan 1,7 milyard dollar profisit cari ildə 5,2 milyardlıq kəsirlə əvəz olunub.
Maliyyə hesabında da vəziyyət ürəkaçan deyil. Ölkədən kapital qaçışı artıb. Bu hesab üzrə 2019-cu ilin I rübündə yaranmış 4,7 milyardlıq profisit cari ilin analoji dövründə 6 milyardlıq kəsirlə müşahidə olunub. Birbaşa investisiyalarda 2 milyardlıq profisit qeydə alınıb. Ancaq portfel investisiyaları üzrə kapital qaçışı 6,3 milyardı ötüb. Müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq dövründə bu mənbə üzrə 8,4 milyardlıq profisit yaranmışdı”.
Samir Əliyev qeyd edib ki, 2019-cu ilin I rübündə valyuta ehtiyatlarını 3 milyard artırmağa nail olan Türkiyə bu ilin eyni dövründə 16,5 milyard itirməli olub.