Milli Şuranın internet üzərindən apardığı müzakirələrə diqqətlə baxdım. Danışıqları, Cəmil Həsənlinin dialoqla bağlı aşağılayıcı fikirlər işlətməsindən sonra onların “ayağı sürüşkənliyi” obrazı bir daha gözümün qarşısında canlandı. Çünki belələrini haqq yoluna qaytarmaq üçün milli buğa lazımdır.
Bu fikirləri Teleqraf.com-a Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev deyib.
O əlavə edib ki, dialoqa gedən partiyaların bu şəkildə aşağılanması etik qaydalara ziddir:
“Bizim dialoqa getməkdə məqsədimiz ölkəmizin taleyi, dövlətin gələcəkdə atacağı addımlarla bağlı birgə mövqenin ortaya qoyulmasıdır. Eləcə də Azərbaycanın milli problemlərinin həlli ilə bağlı Milli Təhlükəsizlik Konsepsiyasına uyğun olaraq, ərazi bütövlüyümüzün təmin edilməsi, idarəetmə sistemində dəyişikliklər məsələsini qaldırdıq. Həmçinin, parlamentar idarə sistemi, bələdiyyələrə geniş səlahiyyətlərin verilməsi, yeni idarəetmə sistemi, xalqın seçkilər vasitəsilə proseslərdə iştirakına dair təkliflərimizi vermişik. Bunları dialoq zamanı hakimiyyətin diqqətinə çatdırmaq nə zamandan pis hal olub? Biz, təkliflərimizi vermişik. Habelə, milli kimlik, türk kimliyi haqqında fikirlərimizi çatdırmışıq. İndi Milli Şurada təmsil olunanların çoxunun milli kimliyi bəlli deyil. Onların müdafiə etdiyi dəyərlərə baxdıqdan sonra mən, həqiqətən, o qüvvələrin milli sistemimizə yaramadığını, orada təmsil olunanlarda milli məfkurə olmadığı, Soros və ya istənilən qüvvənin təsiri altında Azərbaycan cəmiyyətində gərginlik yaratmaq meyllərini görürəm. Cəmil Həsənli tarixçidir, bilir ki, hər dəfə geopolitik proseslər baş verəndə və Azərbaycanda hakimiyyət dəyişəndə biz, ərazi itirmişik.
Mənim dialoqda məqsədim bu olub ki, cəmiyyətdə elə islahatlar, dəyişikliklər etməliyik ki, itkilərə yol verməyək, əksinə, qalib tərəf olaq. Biz, cəmiyyətimizin inkişaf etdirilməsi, irəli aparılması üçün ortaya mövqe qoyaq. Milli maraqlar baxımından vətən və dövlət üçün bunların vaxtı çatıb. Qarşıdurmanı aradan qaldırmalı, milli həmrəyliyə gəlməli, etimad mühiti və demokratik atmosfer yaratmalı, qonşulardan geri qalmamaqla, ABŞ və Avropa ilə əlaqələr qurmaqla torpaqlarımızı azad etməli, öz sistemimizi qurmalıyıq. Həmçinin demokratik cümhuriyyətin dəyərlərini yaşatmalıyıq. Odur ki, siyasi partiya ölkənin və millətin hədəflərini göstərməli, daxili ziddiyyətə getməməli, milli qüvvələri bir yerə toplamalıdır. Sözsüz ki, antimilli qüvvələrlə bizim yaxınlaşmamız olmayacaq. Çünki bu qüvvələrlə beşinci kalonun əməkdaşlığı nəticəsində ölkəmiz geri qalıb. Mənim əminəm ki, gələcəkdə yeni sistem qurulsa belə antimilli qüvvələrə yer olmayacaq. Mən iqtidarlı müxalifətlə bütün milli qüvvələru eyni hədəflər uğrunda mübarizəyə çağırıram”.