Son aylar Yaxın Şərqdə ən aktiv rol alan ölkə Türkiyədir. Türkiyə Liviya prosesində aktiv rol alır, Aralıq dənizinin şərq hissəsində neft-qaz axtarışları həyata keçirir, Suriyanın şimalında terrorçulara qarşı amansız mübarizə aparır. Habelə son günlər türk ordusu Şimali İraq daxil olmaqla burada İraq-Suriya sərhədlərində vəziyyəti nəzarətə almağa çalışır. Türkiyənin Yaxın Şərq fazasında aktiv fəaliyyəti bu ölkəni həm də beynəlxalq platformalarda hədəf halına gətirir.
Teleqraf.com bu mövzunu politoloq Oqtay Qasımovla müzakirə edir:
- Oqtay bəy, ABŞ-ın yüksək səviyyəli hərbçiləri ilk dəfə Liviyaya səfər edib, burada legitim hökumət nümayəndələri ilə müzakirələr aparıb. Bunu ABŞ-ın Liviya prosesinə daxil olması kimi qiymətləndirmək olarmı?
- Diqqətçəkən məqam odur ki, ABŞ-ın Afrika Qüvvələri Komandanlığı Liviyada legitim milli etimad hökumətinin nümayəndələri ilə görüşərək müzakirələr aparıb. Bildiyiniz kimi Türkiyənin Sərrac hökuməti ilə imzaladığı razılaşmalar və Ankaranın Liviyada aktiv rol almasından sonra proseslər müəyyən qədər qanuni hökumətin xeyrinə cərəyan edir. Bu hadisədən sonra Liviyada fəal rol alan Rusiyanın müəyyən qədər zəifləməsi müşahidə edilir. Baxmayaraq ki, Rusiyanın Liviyada “Vaqner” Təhlükəsizlik Şirkətinin muzdlu döyüşçüləri var. O cümlədən qeyd edilib ki, Rusiyanın Liviyada olan və qiyamçı Haftar cəbhəsində yerləşdirilən hərbi təyyarələrini ölkədən çıxarıb. Amma bu məlumatlar öz təsdiqini tapmadı. Əvəzində ABŞ Haftar cəbhəsində yer alan rus təyyarələrinin foto və görüntülərini yaydı. İndiki mərhələdə ABŞ generallarının BMT tərəfindən tanınan Liviya legitim hökuməti ilə təmaslara keçməsi zənnimcə, bu məsələlərə aydınlıq gətirəcək. Əgər ABŞ BMT tərəfindən tanınan Liviya legitim hökumətinə dəstək verəcəksə, Liviyada proseslər daha tez bir müddətdə başa çatacaq. Yəni burada iki hakimiyyətliliyə və vətəndaş müharibəsinə daha tez müddətdə son qoyula bilər. Mən Vaşinqtonun Liviya milli etimad hökuməti ilə əlaqələr qurmasını bu mənada müsbət hadisə sayıram.
- Dünən aydın oldu ki, Fransa Türkiyənin Liviyada oynadığı roldan narahatdır və bu rolu əslində rədd edir. Sizcə, bu reallıq hansı nəticələr yarada bilər?
- Fransa BMT Təhlükəsizlik Şurasının beş üzvündən biridir və özünü dünya ağalarından biri sayır. Türkiyənin Aralıq dənizi ölkəsi kimi ona yaxın Liviya ilə münasibətləri, bu ölkə ilə yaxınlaşması və Tripolidə aktiv rol alması bir çox ölkələr kimi Fransanı da dərindən narahat edir. Nəzərə almaq lazımdır ki, Fransanın Türkiyəyə qarşı tutumu ancaq bununla yekunlaşmır. Fransa əslində Suriyada da destruktiv rol oynayırdı. Rəsmi Paris Suriyada İŞİD-ə qarşı mübarizə adı altında əslində YPG, PYD terror təşkilatına dəstək verirdi. Həmçinin Aralıq dənizinin şərq sahillərində aparılan geoloji kəşfiyyat işlərində Fransanın “Total” Şirkəti də təmsil olunur. Türkiyənin bu hissələrdə nüfuzunun genişlənməsi Parisi narahat edir. Odur ki, Ankaraya qarşı kampaniya aparır. Əslində Fransadan soruşmaq lazımdır ki, Türkiyə Aralıq dənizində qonşusu olduğu Liviya ilə yaxın əlaqələri onu nə üçün narahat edir?.. Liviya Fransaya daha uzaq məsafədə yerləşir. O da bəllidir ki, Fransanın Afrikadakı keçmişi daha qaranlıq və ləkəlidir. Fransa XIX əsrdə Afrikada müstəmləkəçilik siyasəti aparıb və bu proses 1961-ci ilə qədər davam edib. Mərakeş, Əlcəzairdə milli sərvətləri talaması indi də xatırlanır. O cümlədən 1990-cı illərdə Ruanda da baş verən kütləvi soyqırım hadisəsində Fransanın barmağı olduğu hamıya məlumdur. Paris Ruanda da üz-üzə duran tərəflər arasında sülhməramlı missiya keçirmək əvəzinə tərəflərdən birini dəstəkləməklə soyqırımın baş verməsinə şərait yaratmışdı. Bu baxımdan Fransa Prezidenti Makronun hay-küyü Türkiyənin öz plan və maraqlarından geri çəkilməsinə səbəb ola bilməz. Fransa və digərləri də Türkiyənin Aralıq dənizində regional güc olmasını qəbul etməli və bunu nəzərə almalıdır. Nəhayətdə Liviyada da eyni proses baş verməlidir. Burada razılaşma və anlaşma olacaqsa, ölkədə sabitlik yaranacaq.
- Amma söhbət təkcə Fransadan getmir. Misir dövlət başçısı Sisi də bir neçə gün əvvəl Liviya ilə sərhəddə ordu göndərdi və təhdid bəyanatları səsləndirdi...
- Bəli, Sisi də Liviya ilə bağlı danışdı, hətta Misir ordusuna hansısa təlimatlar verildi. Amma sonradan Sisi bəyan etdi ki, onun fikirləri yanlış anlaşılıb. Sözsüz ki, Aralıq dənizi coğrafi və iqlim baxımdan isti məkandır. Amma son zamanlar burada siyasi və hərbi proseslər baxımından sular daha da qızışıb. Bu həm Aralıq dənizində Türiyə ilə Liviya arasında 2019-cu ilin noyabrında imzalanan anlaşma ilə bağlıdır, həm də Ankaranın Liviyadakı proseslərdə aktiv iştirakına görədir. Nəzərə almaq lazımdır ki, Türkiyənin Aralıq dənizinin şərq sahillərində karbohidrogen ehtiyatlarının axtarışında qəti mövqedə olması, öz maraqlarını müdafiə etməsi onları narahat edir. Amma indiki mərhələdə Fransanın addımlarını ciddiyə almıram. Fransanın qarşısına arqument qoyula bilər ki, sənin Liviyada nə işin var? Odur ki, Türkiyəni Fransa və ya Misirin belə gedişləri dayandıra bilməz.
- Türkiyənin Yaxın Şərqdə fəaliyyəti çoxvektorludur. Artıq 8 gündür ki, Türkiyə Şimali İraqda terrorla mübarizə aparır və belə görünür ki, Türkiyə İraqla Suriya sərhədlərində nəzarəti ələ almaq istəyir. Siz Ankaranın bu gedişini necə şərh edirsiniz?
- Türkiyə əvvəllərdən rəsmən bəyan edib ki, qonşularının ərazisində gözü yoxdur və heç bir torpaq iddiası da irəli sürmür. Türkiyənin sadəcə bir qayğısı var. Qonşu ölkələrin ərazisində ona qarşı terror yuvalarının qurulmasına icazə verməyəcək. Məsələ qısaca bundan ibarətdir. İŞİD Suriya və İraq ərazilərini nəzarətə aldıqdan sonra xeyli daxili köçlər yaşandı, PKK/PYD terrorçularının əksər hissəsi Şimali İraqda Sincar bölgəsinə yerləşdi. İŞİD vurulub çıxarılandan sonra isə ərazilərin çoxuna YPG sahib çıxdı. Beləcə Türkiyəyə qarşı bir növ badalaq vuruldu. Bu da Türkiyənin haqlı narazılıqlarına səbəb oldu. Rəsmi Ankara PKK/YPG-nin arxasında dayanan ABŞ-a dəfələrlə xəbərdarlıq etdi, bu problemin həlli üçün konkret addımların atılmasını istəsə də, qarşı tərəf bu tələblərə diqqət etmədi. Türkiyə öz təbii haqqından istifadə etdi, elan olunduğu kimi öz sərhədləri boyunca təhlükəsizlik tədbirlərini görmək üçün addımlar atdı. İndiki halda türk ordusunun qarşısına Şimali İraqın Sincar bölgəsinin terrorçulardan təmizlənməsi qoyulub. Bu, əslində bölgədə sabitliyə və təhlükəsizliyə daha çox xidmət edəcək. Faktiki olaraq PKK Sincarda Qəndil dağlarından sonra ikinci böyük baza yaratmağı düşünür. Türkiyə sözsüz ki, buna seyrçi qala bilməz və indiki halda əməliyyatlar buna görə aparılır. Bir daha qeyd edirəm ki, bu, Türkiyənin haqqıdır. Bir dövlət üçün onun ərazisi, sərhədləri və əhalisinin təhlükəsizliyi bir nömrəli maraqdır. İndiki halda Türkiyənin addımlarına bu konteksdə yanaşmaq daha doğru olardı.
- Türkiyənin həm Şimali İraqa girməsi, həm Suriyaya ordu yeritməsi, həm də Liviyada iştirak etməsi, habelə Aralıq dənizindəki fəaliyyəti ona qarşı beynəlxalq cəbhə açılmasını şərtləndirə bilərmi?
- Türkiyə regionun çox önəmli ölkəsidir. Türkiyənin maraqları var və bu maraqların təmin edilməsi üçün siyasət həyata keçirir. Şimali İraq məsələsi belədir ki, təxminən 30 ilə yaxındır ki, Türkiyə dövləti bu ərazilərdə terror yuvaların dağıdılması üçün əməliyyatlar keçirir. Bu əməliyyatlarda növbəti gedişlərdən biridir. Təbii ki, Türkiyəyə qarşı marağı olan böyük güclər var. Onlar nə Türkiyənin güclənməsini, nə də möhkəmlənməsini istəyirlər. Odur ki, həmin qüvvələr Türkiyəyə qarşı çıxırlar və çıxmaqda da davam edəcəklər. Amma Türkiyə də özünün maraqları və təhlükəsizliyini təmin eməyə borcludur və bu istiqamətdə siyasətini həyata keçirməkdə davam edəcək.