1 İyul 2020 13:12
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiyanın ilk günlərindən indiyə qədər dövlətimiz tərəfindən vətəndaşlarımızı təhlükəli virusdan qorumaq üçün bütün zəruri addımlar atılır. Virus ölkəmizdə yayılmağa başladığı fevral ayından etibarən Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev tərəfindən insanlarımızın sağlamlığının qorunması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər görüldü. Öz növbəsində hər bir vətəndaş dövlətin atdığı bu addımları təqdir edir.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, ölkədə həyata keçirilən sosial-iqtisadi layihələr pandemiya dövründə də davam etdirildi. İnsanların sosial rifahının təmin olunması üçün dövlətin qarşıya qoyduğu bütün vəzifələr uğurla icra edilməkdədir. Cənab Prezident İlham Əliyev tərəfindən verilmiş mühüm sərəncamların əsasında məhz yüz minlərlə insanın taleyi, rifah halı, onların ailələrinin problemlərinin həlli dayanır. Bu aylar ərzində cənab prezidentin bölgələrə etdiyi səfərlərdə edilən açılışlar, insanların iş yerləri ilə təmin edilməsi onların sosial qayğılarının həll edilməsində də mühüm amillərdən hesab olunur. Qısa bir zaman kəsiyində zəruri tibbi ləvazimatların, maska və digər ləvazimatların ölkə daxilində istehsalına başlanılması qarşıya qoyulan hədəflərin icrasına yönəlmiş addımlardandır. Pandemiya dövründə ardıcıl olaraq modul tipli xəstəxanaların açılışı və bu sahədə görülən işlər dövlətin öz vətəndaşının sağlamlığına verdiyi dəyər kimi qiymətləndirilir”.

Millət vəkili vurğulayıb ki, pandemiya ilə əlaqədar bir sıra iş yerləri fəaliyyətini dayandırmalı olsa da, işsiz qalan hər bir vətəndaş dövlətin qayğısı ilə əhatə edildi: "Aztəminatlı ailələrə edilən birdəfəlik yardımlar, sosial cəhətdən zəif təminatlı ailələdən olan tələbələrin təhsil haqqlarına edilən güzəştlər dövlətin istənilən şəraitdə öz vətəndaşının yanında olduğunun bariz nümunəsi kimi dəyərləndirilir. Eyni zamanda dövlətimiz sahibkarlara da öz dəstəyini pandemiya dövründə də davam etdirdi. Pandemiyadan zərər görmüş sahibkarlara verilən dəstək onların bir sıra güzəştlərdən yararlanması ilə yanaşı, gələcək fəaliyyətlərini də stimullaşdıracaq. Butün bunlar isə dövlətimizin güclü sosial dayaqlara malik olmasından xəbər verir”.

Millət vəkili əlavə edib ki, dövlətin öz vətəndaşını qorumaq, onun təhlükəsizliyini təmin etmək üçün gördüyü işlərlə paralel şəkildə vətəndaşların da məsuliyyətli olması vacib amillərdəndir: "Çünki hər bir şəxs özünü qorumaqla yanaşı, cəmiyyətin təhlükəsizliyinə də töhfə verir. Artıq elə bir həssas dönəmə gəlib çıxmışıq ki, sanki hər kəs öz sağlamlığına milli bir məsələ kimi yanaşmalıdır. İnsanlar özlərini qorumaqla gələcəyimizi, genefondumuzu qorumuş olurlar. İnanırıq ki, bu dəfə də dövlət və xalq həmrəyliyinin şahidi olacağıq. Dövlətimizlə xalqımız həmrəy bir şəkildə bu bəladan da üzüağ çıxmağı bacaracaqdır. Cənab prezidentin də vurğuladığı kimi biz birlikdə güclüyük. Çünki biz birlikdə hər zaman güclü olmuşuq. Yenə də güclü olaraq bu problemlərin də öhdəsindən dövlət və xalq olaraq birgə gələcəyik”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər