8 İyul 2020 18:37
3 646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düşünmürəm ki, Rusiya Prezidenti Vladimir Putinin 2024-cü ildən sonra da hakimiyyətdə qalması Dağlıq Qarabağ münaqişəsinin həllinə hansısa formada müsbət təsir göstərə bilər. Bəli, Putinin 2024-cü ildən sonra yenidən prezident seçilmək imkanı var. Ancaq seçilib-seçilməyəcəyi, ümumiyyətlə Rusiyada nələrin olacağını bu başdan demək mümkün deyil.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında millət vəkili, siyasi şərhçi Rasim Musabəyov “Putinin hakimiyyətinin uzanması və Dağlıq Qarabağ münaqişəsi” mövzusunda danışarkən deyib.

Onun fikrincə, Dağlıq Qarabağ probleminin həllini Putinin hakimiyyətinin uzanmasına bağlanması doğru deyil:

“Hər halda bu, bir amil kimi nəzərdən keçirilmir”.

Vladimir Putinin 20 ildir Rusiyada hakimiyyətdə olduğunu xatırladan Rasim Musabəyov sual edir:

“Bu 20 ildə nə dəyişilib? 2000-ci ildən sonra Rusiyaya Putin rəhbərlik edir. Düzdür, arada Medvedev 4 il prezident oldu, amma hamı bilirdi ki, arxa fonda hər şeyi Putin idarə edirdi. Əksinə, Medvedev prezident olduğu dövrdə biz Rusiyadan Qarabağ konfliktinin həlli ilə bağlı səylər müşahidə edirdik”.

Mütəxəssis deyib ki, Rusiyanın indiki mərhələdə Qarabağla bağlı mövqeyi münaqişəni bu formada saxlamaqdır:

“İrəli o halda getmək mümkündür ki, Azərbaycan və Ermənistanı Rusiyadan daha çox asıl etmək mümkün olsun. Üstəlik Qarabağda hansısa ərazilərdən ermənilər çəkildiyi halda ora rus sülhməramlı qüvvələrini yerləşdirmək, beləcə hər iki tərəfin Moskvadan asılılığını bərkitməkdir. Sözsüz ki, Azərbaycan buna razılıq vermir və bu mövqeyində haqlıdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər