16 İyul 2020 18:13
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci il iyul ayının 12-də Azərbaycan-Ermənistan sərhədində yerləşən Tovuz rayonunun Ağdam kəndindəki sərhəd-nəzarət məntəqəmiz qəflətən Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə tutulub və Azərbaycan növbəti dəfə Ermənistanın təcavüzünə məruz qalıb. Ermənistan yenə də gücdən istifadə edərək Azərbaycanın ərazilərini işğal etmək və bölgədə müharibəni yenidən alovlandırmaq niyyətindədir. Belə ki, işğalçı ölkə 5 gündür ölkəmizə qarşı müxtəlif artilleriya qurğularından və iriçaplı silahlardan istifadə edərək hücumlarını davam etdirir.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Azərbaycanın bir qrup hüquq müdafiəçilərinin BMT-nin Baş Katibi Antoniu Quterreş, BMT-nin Təhlükəsizlik Şurası, ATƏT-in fəaliyyətdə olan sədri Edi Rama, Avropa İttifaqının Prezidenti Şarl Mişel, Avropa Şurasının Baş Katibi Mariya Peyçinoviç-Buriçə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin başçıları: ABŞ prezidenti Donald Tramp, Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Fransa Respublikasının prezidenti Emanuel Makron və “Beynəlxalq Amnistiya” Təşkilatına etdiyi müraciətdə qeyd edilib. Müraciətdə bildirilir ki, düşmənin hücumunu dəf edən zaman Azərbaycan tərəfindən 11 hərbi qulluqçu, o cümlədən general-mayor Polad Həşimov şəhid olub:

“Təəssüflər olsun ki, uzun müddət həll olunmayan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi indi də Azərbaycan-Ermənistan sərhədində işğalçı ölkənin hərbi təxribat ilə müşahidə olunur. Ermənistan beynəlxalq hüquq normalarını kobudcasına pozaraq hazırda münaqişə zonası sayılan Dağlıq Qarabağ ərazisinə aid olmayan Azərbaycanın Tovuz bölgəsində hərbi əməliyyatlara start verib. 30 ilə yaxındır ki, Ermənistan Azərbaycanın 20% torpağını zəbt edərək, dinc əhalini etnik təmizləməyə məruz qoyaraq beynəlxalq təşkilatların çıxardığı Qətnamələrə, tələblərə riayət etməyərək öz çirkin niyyətlərini artıq ölkəmizin digər bölgələrində də həyata keçirmək üçün planlar qurur. Etiraf edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrlik institutu Dağlıq Qarabağ münaqişəsinin həllində illərlə tutduğu “yumşaq” mövqe Ermənistanın daha da azğınlaşmasına, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın zəbt olmuş ərazilərinin qeyri-şərtsiz azad edilməsinə yönəlmiş 822, 853, 874 və 884 saylı Qətnamələrin yerinə yetirilməməsinə rəvac verir. Azərbaycan dövlətinin onun Ermənistanla dövlət sərhəddində hər hansı bir təxribatın baş verməsində maraqlı olmadığı tam aydındır.Dövlət sərhəddinin mühafizəsini Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi də məhz dövlətin həmin ərazilərdə atəşkəsin pozulmasında maraqlı olmadığına bir sübutdur. Azərbaycanın sərhəd-nəzarət məntəqələrinə edilən total hücum ilə yanaşı Tovuz rayonunun bir necə kəndləri, dinc əhalinin sıx yaşayış məntəqələri atəşə məruz qalmışdır. Ağdam kəndinin sakini 76 yaşlı Əzizov Əziz İzzət oğlu yaşadığı evin kəndarında qətlə yetirilmişdi. Bununla yanaşı Ağdam kəndi və atəş altında olan daha 3 kəndin sakinlərinin mülkləri dağılmış, əmlaklarına ciddi ziyan dəymişdir. Erməni tərəfi bununla mülki əhalınin müdafiəsinə yönəlmiş beynəlxalq Konvensiyaları kobud şəkildə pozaraq bir daha öz işğalçı mahiyyətini büruzə verir.

Ermənistan tərəfindən həyata keçirilən son silahlı təxribat sərhəd boyu dinc yaşayan insanların mülklərinə zərər verməklə yanaşı onların həyatının itirilməsinə gətirib çıxarmışdır. Dünyanın ağır koronovirus pandemiyası ilə üz-üzə qaldığı, insanların sağlamlığı naminə var gücü ilə mübarizə aparıldığı bir vaxtda, xüsusilə BMT Baş katibi cənab Quttereşin “qlobal atəşkəs çağırışına” məhəl qoymayaraq Ermənistanın hərbi əməliyyatları qızışdırmasıvəAzərbaycana qarşı təcavüzü qətiyyən yolverilməzdir. Biz, Azərbaycanın bir qrup hüquqmüdafiəçiləri sizlərə müraciət edərək Ermənistanın törətdiyi hərbi təxribata adekvat qiymət verməyə çağırır, nüfuzunuzdan və sizə verilən mandatdan istifadə edərək işğalçı Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüzə görə cəzalanması üçün beynəlxalq hüquq normaları çərçivəsində təsirli tədbirlər görməyinizi xahiş edirik”.

Müraciət hüquq müdafiəçiləri Novella Cəfərova, Səidə Qocamanlı, Əvəz Həsənov, Səadət Bənənyarlı, Arzu Abdullayeva, Eldar Zeynalov, Zəlihə Tahirova və Mirvari Qəhrəmanlı tərəfindən edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər