Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən Azərbaycanın səfirliyinin qarşısında həmrəylik aksiyası keçirilib.
Aksiya iştirakçıları olan Ukrayna vətəndaşları Azərbaycan ordusuna öz dəstəyini nümayiş etdiriblər.
Səfirliyin hərbi attaşesi aksiya iştirakçılarını Ermənistan-Azərbaycan sərhədində baş verən təxribatla bağlı məlumatlandırıb. O, dəstək göstərənlərə minnətdarlığını bildirib.
Xatırladaq ki, Ukrayna Ali Radasının Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə deputat qrupunun üzvləri iyulun 12-dən Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi və Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində yaşayış məntəqələrimizi artilleriya atəşinə tutmaları ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər.
V.Kreydenko və V.Kolyuxun, eləcə də qrupun digər üzvlərinin imzaladıqları məktubda bildirilib ki, hadisələr zamanı Azərbaycanın həlak olmuş hərbçilərinin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirlər. Ali Radanın deputatları qeyd ediblər ki, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün və toxunulmazlığının ardıcıl tərəfdarı olaraq qalırlar.
İyulun 13-də isə Ukrayna Xarici İşlər Nazirliyi bu məsələnin Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə əsaslanan siyasi həllinə tərəfdar olduqlarını bildirib./report/