Hadisələrin gedişindən aydın görünür ki, Tovuz təxribatı Ermənistanın öz projesi deyil. Əgər əvvəlcədən bunu ermənilər hazırlamış olsaydı, prosesin gedişatından asılı olaraq, onların planlarının A və ya B variantları ortaya çıxardı. Amma biz gördük ki, ermənilərin özləri sülh təklifi etməyə başladılar. Yəni onları bu təxribata təhrik edən qüvvələr olub.
Bu sözləri Teleqraf.com-a sabiq nazir, professor Firudin Cəlilov deyib.
Onun fikrincə, Ermənistanı belə aktlara iki ölkə təhrik edə bilər:
“Ya İran, ya da Rusiya erməniləri bu təxribata təhrik edə bilərdi. İran bu məsələdə xüsusi aktivlik göstərmədi. Amma Rusiya özünü elə apardı ki, guya bitərəf mövqe tutur, amma əslində Ermənistan pis duruma düşdüyü üçün Rusiya televiziya kanallarında Azərbaycan əleyhinə kampaniya başlandı. Yəni Rusiya kompensasiya edir”.
Müsahibimiz qeyd edib ki, əslində Rusiyanın Cənubi Qafqaz regionu ilə bağlı planları bəllidir:
“Rusiya-Gürcüstan münasibəti ortadadır, Ermənistana qayğıkeşlik nümayiş etdirməsini 30 ildir görürük, Azəbaycanı da əlində tutmaq istəyir. Rusiya Cənubi Qafqazda əsas oyunçudur. Diqqətli olmaq lazımdır ki, qurulan plan və təxribatlara uymayaq. İndiki halda səbrlə gözləməli və daha hansı planların ortaya çıxacağını görməliyik. Bəli, Rusiya Ermənistanı sıxışdırır. Amma ona görə belə edir ki, əlindən çıxmasın. 250 ildir ki, bu oyunların içindəyik. Son olaylardan sonra da bir az diqqətli olmaq lazımdır. Tovuz təxribatını edənlər, bunu hazırlayanlar və səhnə arxasında olan güclər gözləmirdilər ki, hadisədən sonra xalq küçələrə çıxaraq öz ordusuna dəstək verəcək. Bu hadisəni görəndən sonra bir az ara veriblər. Amma bəllidir ki, bu proseslərin davamı olacaq, onlar dayanmayacaqlar. Biz də diqqətli, hazır olmalı və təxribatlara uymamalıyıq”.