Azərbaycanda bir neçə bölgə var idi ki, çox firavan, varlı-hallı idi. Həmin bölgələrdən biri də Ağdam rayonu idi. Belə bir deyim də vardı: “Ağdam bazarında hər şey tapmaq olar, lap Atom bombası da...” Ağdam varlı-hallı, barlı-bərəkətli, görkəmli bir yer, mərkəz idi. Bununla yanaşı 1988-ci ildə ermənilər Dağlıq Qarabağ problemini ortaya atan ilk gündən Ağdam bir mərkəzə, dayaq nöqtəsinə çevrildi. Dağlıq Qarabağda yaşayan azərbaycanlılar o vaxt ümid, pənah, güvənc yeri kimi Ağdama üz tuturdu. Heç Bakı yada da düşmürdü. Bakı uzaq olduğuna və o zaman mərkəzdə oturanların biganəliyinə görə bizlər Ağdama ümid yeri kimi baxırdıq.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirib.
Onun sözlərinə görə, o zaman üçün bu hadisələr baş verəndə Ağdam mərkəzə, paytaxta çevrilmişdi:
“Xankəndindən, Dağlıq Qarabağdan, tarixi ata-baba yerlərindən qovulan azərbaycanlıların çox hissəsi ilkin olaraq Ağdama pənah gətirirdi. Xocalı şəhərinə də o dövrdə - 1988-ci ildə başlayaraq bütün dəstəyi məhz Ağdam edirdi. Öz tarixi ata-baba yerlərindən ermənilər tərəfindən köçürülən soydaşlarımız 1988-ci ilin may ayından Ağdama gəlməyə başladı. İlkin olaraq biz orda 130-dan çox ailə qəbul etdik. O vaxt həmin ailələrin bütün təminatını demək olar ki, Ağdam edirdi. Ağdamın dəyərli ağsaqqalı Zeynal Məmmədov, Xuraman xanım və bir çoxları insanlara əllərindən gələn bütün yardımları edirdilər”.
Millət vəkili bildirib ki, Ağdam özünün çox görkəmli şəxsiyyətləri, ağsaqqaları, igid oğlanları ilə tanınan, ermənilərin ən çox qorxduqları bir yer idi:
“Amma bütün bunlara baxmayaraq, Bakıda o zaman mövcud olan hakimiyyət dəllalları bütün Dağlıq Qarabağı güdaza verdikləri kimi Ağdama da eyni aqibəti yaşatdılar. Ağdam o zaman Bakıda gedən siyasi mübarizənin poliqonuna çevrilmişdi. O vaxt Ağdamda çox böyük silahlı qüvvələrimiz mövcud idi. Hər kəndində özünün müdafiə dəstələri təşkil edilmişdi. Bundan başqa Allahverdi Bağırovun komandirlik etdiyi batalyon, Şirin Mirzəyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin böyük bir polku var idi. Amma bütün bunlara baxmayaraq mövcud qüvvələrə vahid komandanlıq təşkil edilməmişdi. Qüvvələri cəmləşdirib düşmənə zərbə vurmağı təşkil edəcək siyasi, inzibati rəhbərlik mövcud deyildi. Bakıda o zaman ölkə rəhbərliyinin başı öz daxili intriqalarına qarışmışdı”.
Deputat əlavə edib ki, bugünkü Xalq Cəbhəsi, Əli Kərimli kimilər o dövr də meydanda respublikanın olan-qalan güc imkanlarını məhv edirdilər:
“Onların yeganə məqsədi bu hadisələrdən istifadə edib hakimiyyətə gəlmək idi. Məhz Xocalı soyqırımından sonra o qüvvələr hakimiyyətə gəldi və onların yarıtmaz siyasətinin nəticəsi olaraq Ağdam rayonu da ermənilər tərəfindən işğal edildi. Elə bir vəziyyət yaranmışdı ki, erməninin hər zaman qorxduğu Ağdam işğal olundu. Ağdamın müdafiəsi uğrunda 6000-dən çox şəhid oldu. Bu şəhidlərin içərisində çoxu ağdamlı idi. Ölkəmizin ayrı-ayrı bölgələrindən gələn igidlərimiz də torpağımızın müdafiəsi uğrunda şəhid oldu”.