27 İyul 2020 20:43
1 543
12 Punto 14 Punto 16 Punto 18 Punto

İordaniya Krallığının Ermənistana silah satması haqda fikirlər var. Bəzən bu məsələdə dini məqamı qabardaraq deyirlər ki, bir müsəlman ölkəsinin xristian ölkəsinə silah satması doğru deyil, ələlxüsus, əgər həmin müsəlman ölkəsinin satdığı silah sonradan qardaşlarına qarşı istifadə edilirsə. Mən bunu anlayıram, amma düşünürəm ki, biz, bu məsələyə dini baxımdan yanaşmamalıyıq. Fələstinli ərəblərin Qarabağ məsələsində erməniləri dəstəkləməsi də bir reallıqdır.

Bu fikirləri Teleqraf.com-a türkoloq alim Firudin Cəlilov deyib.

Professor əlavə edib ki, İordaniya, Livan, Misir və hətta Suriyada çoxlu erməni var:

“Siz təsəvvür etməzsiniz ki, ermənilərin ən böyük anti-türk mərkəzlərindən biri Beyrutdadır. Buradan görünür ki, məsələlərin müsəlman və ya xristian ölkələr olub-olmamasına dəxli yoxdur. Qonşu İranı da bu fonda nümunə kimi göstərmək olar”.

Bir sıra ərəb ölkəsində ermənilərin güclü təşkilatları olduğunu xatırladan Firudin Cəlilov hesab edir ki, bu fakt həmin ölkələrin müsəlman dünyasının deyil, öz maraqlarından çıxış etdiyinə işarədir:

“Amerikada, Rusiyada, Fransa da belə ən güclü lobbi və diaspor təşkilatları ermənilərə məxsusdur. Bir sözlə, hər yerdə onlar var. Hesab edirəm ki, bizim diaspor komitəsi ciddi işləməlidir”.

Sonda türkoloq alim deyib ki, müsəlman ölkələri haqqında oxuyanda əsəbləri gərilir:

“Bu səbəbdən onlar haqqında informasiyalara baxmamağa daha çox üstünlük verirəm. Hər halda bir müsəlman ölkəsinin xristian ölkəsinə başqa bir müsəlman ölkəsini vurmaq üçün silah verməsi biabırçı hadisədir”.


Müəllif: Cavad

Oxşar xəbərlər