15 Avqust 2020 21:04
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Türkiyə hərbi əlaqələri artıq ənənəvi xarakter alıb. Bu əlaqələrin tarixçəsi 1992-ci ildə Qarabağ münaqişəsinin başlanması ilə başlayır. Türkiyə Azərbaycanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı hər zaman dəstəkləyib. Həm də bunu ən birinci edən ölkədir. Heç kimə sirr deyil ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub. Əlbəttə, müəyyən hüquqi məsələlər üzündən açıq müharibədə iştirak edə bilməsə də, Türkiyə ölkəmizə hər zaman hər cür dəstəyi göstərib. Hətta atəşkəs rejimindən sonra da Azərbaycan Ordusunun formalaşmasında Türkiyə yaxından iştirak edib.

Bunu Teleqraf.com-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

O qeyd edib ki, Azərbaycan Ordusu qısa zamanda bölgədə ən güclü ordular sırasına daxil olub:

“Əlbəttə, burada əsas işlər o vaxt Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı olmuş ulu öndər Heydər Əliyevin rəhbərliyi altında görülüb. Türkiyə qardaş ölkə olaraq burada sadəcə iştirak edib. Ulu öndərin qoyduğu “Bir millət, iki dövlət” prinsipi əsasında bizim münasibətlərimiz daim yüksəlişə doğru gedib. Bu gün demək olar elə bir sahə yoxdur ki, Azərbaycan-Türkiyə əlaqələri yüksək səviyyədə olmasın”.

Şair Ramaldanov qeyd edib ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasındakı münasibətləri xüsusi qeyd etmək lazımdır:

“Çünki bu çox vacib, təhlükəsizlik sahəsinə aid olan amildir. Digər tərəfdən doğrudan da bu sahədə çox yaxın inkişaf yolu keçilib və bundan sonra da bu inkişaf yolu davam etdiriləcək. Artıq bu münasibətlər o qədər inkişaf edib ki, biz Türkiyə Silahlı Qüvvələri ilə irimiqyaslı təlimlər planlaşdırdıq və təlimlərin birinci mərhələsi demək olar ki, bu günlərdə yekunlaşdı. Birinci mərhələnin təhlilini aparmaq və yerində izləmək, müşahidə etmək üçün Türkiyədən Milli Müdafiə naziri Hulusi Akar başda olmaqla böyük bir heyət Azərbaycana gəldi. Onlar birinci mərhələnin sonunda həmin təlimləri müşahidə etdilər”.

Ehtiyatda olan polkovnik qeyd edib ki, Türkiyədən gələn ali zabit heyətini qəbul edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu təlimlərin planlı əsasda keçirildiyini bildirib: “Əlbəttə, bu səfər zamanı Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyi ilə Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyi birgə keçirilən irimiqyaslı təlimin birinci mərhələsini müşahidə edib. Bu səfər təlimlərdən müəyyən nəticələr çıxarmaq, birgə təhlil aparmaq və gələcək addımları müəyyənləşdirmək, istiqamət vermək üçün, əməkdaşlığın daha üst səviyyəyə qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər