Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionu və ətraf rayonlarda işğalçı Ermənistan tərəfindən qeyri-qanuni məskunlaşdırma siyasəti aparılır. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq işğal altında olan ərazilərimizdə qeyri-qanuni məskunlaşdırılmaya dair faktlar zaman-zaman ortaya çıxır.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Millət vəkili bildirib ki, Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktları ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınıb.
Deputat vurğulayıb ki, Azərbaycan tərəfi bu faktları mütəmadi olaraq beynəlxalq ictimaiyyətə təqdim edərək Ermənistanın işğalçılıq siyasətini ifşa edir: “Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə protokollarının kobud şəkildə pozulmasıdır. Avqustun 4-də Livanın paytaxtı Beyrutda baş vermiş partlayışdan sonra həmin ölkədə yaşayan erməni mənşəli Livan vətəndaşlarının işğal olunmuş torpaqlarımıza köçürülməsi məsələsi Ermənistanda yenidən “aktuallaşıb”. Belə ki, işğal altındakı Dağlıq Qarabağda yaradılmış qondarma rejimin başçısı Araik Arutunyan Livanda yerləşən Kilikiya katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Aramla danışıq əsnasında 100-150 erməni ailəsini Dağlıq Qarabağda yerləşdirməyə hazır olduğunu bildirib. Bununla yanaşı, Ermənistan mətbuatı artıq Livandan olan ilk iki erməni ailəsinin Dağlıq Qarabağa yerləşdirilməsindən və bu prosesin davamlı olacağından bəhs edir”.
Sevin Fətəliyeva bildirib ki, işğalçı ölkənin hakimiyyəti Livanda davam edən qeyri-stabil vəziyyətdən yararlanmağa çalışır: “Ermənistan və qondarma rejimin acınacaqlı demoqrafik strukturunun yaxşılaşdırılması məqsədi ilə bu amildən istifadə etməyi planlaşdırılır. Dağlıq Qarabağda aparılan köçürmə siyasəti beynəlxalq hüququn norma və standartlarına zidd şəkildə, tarixin saxtalaşdırılması kontekstində aparılır. Belə ki, işğal olunmuş ərazilərə Livan ermənilərinin süni şəkildə köçürülməsi ilə erməni əhalisinin heç vaxt yaşamadığı işğal olunan ətraf rayonların etnik strukturunu dəyişdirmək niyyəti güdülür”.
Millət vəkili bildirib ki, Ermənistanın əsas məqsədi Livandan işğal olunan bölgələrə süni köçlər təşkil etməkdir. “Ermənilər boş əraziləri iqtisadi cəhətdən canlandırmaq və yeni demoqrafik vəziyyətin yaradılması ilə gələcəkdə azərbaycanlıların doğma torpaqlarına geri qayıtmasının qarşısını almaq istəyir. Beyrutda baş verən partlayışdan sonra guya livanlı erməniləri xilas etmək adı ilə Ermənistan hakimiyyəti Livandan çox sayda ermənini ölkəyə gətirməyə çalışır. Köçürmələrdə məqsəd işğal edilmiş Dağlıq Qarabağda terrorçu dəstələri cəlb etmək ehtimalıdır. “ASALA” erməni terror təşkilatının tarixən Livan ərazisində formalaşdığı nəzərə alınarsa, xüsusi düşərgələrdə təlim keçmiş terrorçuların Azərbaycan ərazilərinə gəlməsi istisna edilmir”.
S.Fətəliyeva əlavə edib ki, prosesdə narahatlıq doğuran digər məqam isə ATƏT-in Minsk qrupunun beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq işğal edilmiş torpaqlarda aparılan süni köç fəaliyyətləri qarşısında susmalarıdır”.